Yay mövsümünün ilk ayı başa çatsa da, qeyri-sabit və sərin hava çimərliklərə üz tutanların sayına ciddi təsir göstərib.
Tribuna.az xəbər verir ki, bu barədə Novxanı çimərliklərində fəaliyyət göstərən sahibkarlar bildirirlər.
Dənizkənarı obyektlərdən birinin administratoru İbrahim Novruzovun sözlərinə görə, əvvəlki illərdə iyun ayında çimərliklərdə sıxlıq müşahidə olunsa da, bu il hava şəraiti səbəbindən ziyarətçilərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Yağışlı və küləkli günlər, həmçinin yağıntıdan sonra çimərliklərin bəzi hissələrində yaranan palçıq insanların dəniz kənarında istirahət etməsinə mane olub.
Onun sözlərinə əsasən, çimərlik obyektlərinin sahibləri illik gəlirlərinin böyük hissəsini yayın üç ayı ərzində əldə etməyi planlaşdırırlar. Lakin mövsümün artıq üçdə biri geridə qalsa da, gözlənilən müştəri axını baş verməyib və bu da gəlirlərə mənfi təsir göstərib.
İbrahim Novruzov qeyd edib ki, Novxanı ərazisində fəaliyyət göstərən dənizkənarı obyektlərin illik icarə haqqı yerləşdiyi ərazi və potensial müştəri sayından asılı olaraq təxminən 60-80 min manat arasında dəyişir. O hesab edir ki, qeyri-sabit hava şəraiti uzun müddət davam edərsə, bir çox sahibkar yay mövsümünü zərərlə başa vurmaq məcburiyyətində qala bilər.









