Bildiyimiz kimi, spirtli içkilərin həddindən artıq qəbulu insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, alkoqol qaraciyər sirrozu, ürək-damar və onkoloji xəstəliklər, yol-nəqliyyat hadisələri, zorakılıq və digər sağlamlıq problemləri də daxil olmaqla 200-dən çox xəstəlik və travma ilə əlaqələndirilir. Təşkilatın hesablamalarına əsasən, dünyada hər il təxminən 2,6 milyon insan alkoqol istifadəsi ilə bağlı səbəblərdən həyatını itirir.
Azərbaycanda da vəziyyət tam qənaətbəxş hesab edilmir. ÜST-nin Azərbaycan üzrə ölkə profilinə əsasən, alkoqol istifadəsi ilə əlaqədar 984 nəfər qaraciyər sirrozundan, 234 nəfər xərçəngdən, 163 nəfər isə yol-nəqliyyat hadisələrində həyatını itirib. Həmin hesabatda 15 yaşdan yuxarı əhali arasında alkoqol istifadəsi pozuntularının yayılmasının 6 faiz olduğu da qeyd edilir.
Vətəndaşların sağlamlığının qorunması hər bir dövlətin əsas prioritetlərindən biri olmalıdır. Sağlam cəmiyyət yalnız xəstəxanaların və tibb müəssisələrinin fəaliyyəti ilə deyil, həm də zərərli vərdişlərin qarşısının alınması, sağlam həyat tərzinin təşviqi və profilaktik tədbirlərlə formalaşır. Azərbaycanda da son illər bu istiqamətdə müxtəlif dövlət proqramları həyata keçirilir, idmanın inkişafı təşviq olunur, sağlam həyat tərzinin təbliği ilə bağlı kampaniyalar təşkil edilir.
Lakin gündəlik həyatda müşahidə olunan mənzərə müəyyən suallar doğurur. Qanunvericiliklə spirtli içkilərin reklamına ciddi məhdudiyyətlər qoyulsa da, bu məhsulların satışı və əlçatanlığı ilə bağlı eyni sərt yanaşma görünmür. Bu gün ölkənin demək olar ki, bütün iri supermarketlərində, əksər kiçik marketlərdə, restoran və kafelərdə spirtli içkilər sərbəst şəkildə satılır. Son illər isə ixtisaslaşmış şərab evlərinin və alkoqol mağazalarının sayının da nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. Belə olan halda istər-istəməz sual yaranır: əgər məqsəd sağlam həyat tərzini təşviq etməkdirsə, alkoqollu içkilərin bu qədər əlçatan olması həmin məqsədlə nə dərəcədə uzlaşır?
Qeyd edək ki, Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, spirtli içkilərin satışı yalnız 18 yaşına çatmış şəxslərə icazə verilir. Eyni zamanda, “Reklam haqqında” Qanun alkoqollu içkilərin reklamına bir sıra məhdudiyyətlər qoyur. Bununla belə, ölkə üzrə spirtli içkilərin satış saatlarını məhdudlaşdıran və ya həftənin müəyyən günlərində satışını qadağan edən vahid qaydalar mövcud deyil. Bu səbəbdən alkoqollu içkilər market və supermarketlərin fəaliyyət göstərdiyi saatlar ərzində sərbəst şəkildə satılır.
Bu sual təkcə Azərbaycana aid deyil. Dünyanın bir çox ölkəsi alkoqol istehlakının yaratdığı sağlamlıq problemlərini azaltmaq üçün müxtəlif tənzimləmə mexanizmləri tətbiq edir.
Məsələn, Norveçdə yüksək faizli spirtli içkilər yalnız dövlətə məxsus Vinmonopolet mağazalarında satılır və bazar günləri satış qadağandır. İsveçdə 3,5 faizdən yüksək spirt tərkibli içkilər yalnız dövlətin Systembolaget mağazalarında satılır. Finlandiyada isə yüksək faizli alkoqol yalnız dövlətə məxsus Alko mağazalarında satılır. Bir sıra Avropa ölkələrində gecə saatlarında alkoqol satışı da məhdudlaşdırılıb. Məqsəd alkoqolun əlçatanlığını azaltmaq, xüsusilə də gənclər arasında istehlakın qarşısını almaqdır. İrlandiya isə alkoqollu içkilərin qablaşdırılmasında xərçəng, qaraciyər xəstəlikləri və hamiləlik dövründə istifadənin riskləri barədə xəbərdarlıq yazılarının yerləşdirilməsini qanuniləşdirən ilk Avropa ölkələrindən biridir.
Azərbaycanda isə alkoqollu içkilərin satışı üçün əsas məhdudiyyət yaş həddi ilə bağlıdır. Satış saatları ilə bağlı ümumi məhdudiyyət yoxdur və son illər ixtisaslaşmış şərab evləri ilə alkoqol mağazalarının sayının artması da bu məhsulların əlçatanlığını daha da artırır.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Konstitusiyaya əsasən dünyəvi dövlətdir. Bununla yanaşı, BMT-yə təqdim olunan rəsmi məlumatlara əsasən, ölkə əhalisinin təxminən 96 faizi müsəlmandır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və mütəmadi olaraq islam dünyasının beynəlxalq tədbirlərinə ev sahibliyi edir. Bu baxımdan alkoqolun zərərləri ilə bağlı maarifləndirmə işlərinin və sağlam həyat tərzinin təbliğinin daha geniş aparılması cəmiyyətdə gözlənilən məsələlərdən biri hesab olunur.
Bir sıra müsəlman ölkələrində isə alkoqolla bağlı daha sərt tənzimləmələr mövcuddur. Məsələn, Səudiyyə Ərəbistanı və Küveytdə alkoqollu içkilərin satışı ümumi qaydada qadağandır. Qətərdə alkoqol yalnız lisenziyalı hotel və restoranlarda, Birləşmiş Ərəb Əmirliklərində isə lisenziyalı satış məntəqələrində satılır. Şarja əmirliyində isə alkoqollu içkilərin satışı və istehlakı tamamilə qadağandır.
İslam dinində spirtli içkilər haram hesab olunur və alkoqola mənfi münasibət göstərilir. Hədislərin birində “İçki bütün pisliklərin açarıdır” buyurduğu nəql olunur. Bu baxımdan əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda alkoqolun zərərləri ilə bağlı maarifləndirmə işlərinin daha geniş aparılması ilə bağlı gözləntilər də başadüşüləndir. Bununla yanaşı, Azərbaycanda televiziya kanallarında alkoqolun sağlamlığa zərərləri barədə sosial çarx və maarifləndirici kampaniyalara çox az rast gəlinir. Halbuki, qonşu Türkiyədə dövlət qurumları və xüsusilə Yaşılay Cəmiyyəti tərəfindən televiziya kanallarında, radio və rəqəmsal platformalarda alkoqol, siqaret və digər asılılıqlarla mübarizəyə həsr olunmuş sosial çarxlar, maarifləndirici verilişlər və ictimai kampaniyalar mütəmadi yayımlanır. Bu cür maarifləndirmə tədbirlərinin genişləndirilməsi Azərbaycanda da sağlam həyat tərzinin təşviqinə əlavə töhfə verə bilər.Nəticə etibarilə, Azərbaycanda alkoqollu içkilərin reklamı qanunvericiliklə müəyyən qədər məhdudlaşdırılsa da, satışın əlçatanlığı və satış saatları ilə bağlı tətbiq olunan qaydalar həm Avropanın bir çox ölkəsi, həm də bəzi müsəlman dövlətləri ilə müqayisədə daha yumşaq görünür. Əgər dövlət siyasətinin əsas istiqamətlərindən biri vətəndaşların sağlamlığının qorunması və sağlam həyat tərzinin təşviqidirsə, beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə satış saatlarının tənzimlənməsi, satış məntəqələrinə nəzarətin gücləndirilməsi, gənclərin alkoqola çıxışının daha effektiv məhdudlaşdırılması və maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı ictimai müzakirələrin aparılması faydalı ola bilər. Söhbət qadağadan deyil, ictimai sağlamlığın qorunmasına xidmət edən balanslı tənzimləmə mexanizmlərindən gedir.
İmran Kərimli









