Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb.
TİA.AZ bildirir ki, bu, səfərdə Bəhreynlə keçirilmiş yoldaşlıq görüşündə baş verib. Qarşılaşma millinin qələbəsi ilə yekunlaşıb – 3:2.
Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıblar. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub.
62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib – 3:2.
Qeyd edək ki, Azərbaycan və Bəhreyn milliləri üçüncü dəfə üz-üzə gəliblər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada keçirilən matçda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda oynanılan qarşılaşmada isə 3:0 hesabı ilə qalib gəlib.
Onu da qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. “Groupama” stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.









