“Azərbaycan Dəmir Yolları ilə bağlı narazılıqların əsas səbəblərindən biri bilet satışı sisteminin sərnişin tələbatına tam uyğun işləməməsidir. Xüsusilə, bayram və istirahət günlərində biletlər çox qısa müddətdə tükənir, lakin sistem bunu istifadəçiyə vaxtında və aydın şəkildə göstərmir. Nəticədə insanlar həm onlayn platformada uzun müddət cəhd edir, həm də kassalarda növbəyə dayanır, sonda isə bilet qalmadığı məlum olur. Belə problemlər adətən texniki infrastrukturun kifayət qədər güclü olmaması, real vaxt rejimində məlumatların düzgün yenilənməməsi, yüksək istifadəçi axınının idarə edilməsində çatışmazlıqlar və xidmət planlaşdırılmasındakı problemlərlə əlaqəli olur”.
Tribuna.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

O bildirib ki, müasir bilet sistemlərində istifadəçilərə boş yerlər dərhal göstərilir, növbələr virtual şəkildə idarə olunur və bilet qalmadıqda bu barədə əvvəlcədən məlumat verilir: “Bununla yanaşı, tələbatın yüksək olduğu istiqamətlərdə əlavə reyslərin təşkil edilməsi, onlayn satış platformasının təkmilləşdirilməsi və sərnişinlərə şəffaf məlumat təqdim olunması narazılıqları əhəmiyyətli dərəcədə azalda bilər. Problem təkcə bilet çatışmazlığından deyil, həm də satış prosesinin səmərəli təşkil olunmamasından qaynaqlanır”.









