AQC ilk oxunuşda qəbul olunan qanun layihəsi ilə bağlı təkliflər irəli sürdü

AQC ilk oxunuşda qəbul olunan qanun layihəsi ilə bağlı təkliflər irəli sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis tərəfindən iyulun 10-da qəbul edilən “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun aqrar sahədə torpaq münasibətlərinin daha səmərəli tənzimlənməsi və torpaq konsolidasiyasının hüquqi əsaslarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qanun layihəsini təhlil edərək hesab edir ki, qəbul edilən dəyişikliklər müsbət məqsədlərə xidmət etsə də, qiymətləndirmə fəaliyyətinin müstəqilliyi və beynəlxalq standartlara uyğunluğu baxımından bəzi müddəaların dəqiqləşdirilməsinə ehtiyac qalmaqdadır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc EDnews-a bildirib ki, kənd təsərrüfatı torpaqlarının könüllü əsaslarla konsolidasiyası məhsuldarlığın artırılması, istehsal xərclərinin azaldılması, müasir texnologiyaların tətbiqi və aqrar ixracın genişləndirilməsi baxımından mühüm addımdır.

“Bu qanun ölkədə torpaq münasibətlərinin təkmilləşdirilməsi, kiçik torpaq sahələrinin daha səmərəli istifadəsi və aqrar sektorun rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm hüquqi baza formalaşdırır. Xüsusilə torpaq sahələrinin könüllülük prinsipi əsasında birləşdirilməsi fermerlərin hüquqlarının qorunması baxımından müsbət yanaşmadır. Hesab edirik ki, bu dəyişikliklər dövlət proqramlarında müəyyən edilmiş məhsuldarlıq və ixrac hədəflərinə nail olunmasına da öz töhfəsini verəcək”, – deyə Vüqar Oruc bildirib.

AQC sədri qeyd edib ki, qanunun məqsədi dəstəklənsə də, qiymətləndirmə prosesinin hüquqi və peşəkar əsaslarının qorunması üçün bir sıra müddəaların dəqiqləşdirilməsi vacibdir.

“İlk növbədə layihədə Mülki Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan müddəada “dəyişdirilən əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti” ifadəsinin işlədilməsi qiymətləndirmə fəaliyyətinin əsas prinsiplərinə tam uyğun hesab edilə bilməz. Qiymətləndirici bazar dəyərini müstəqil peşə mühakiməsi əsasında müəyyən edən şəxsdir. Qanunda əvvəlcədən formalaşmış alqı-satqı qiymətinin əsas meyar kimi göstərilməsi qiymətləndiricinin müstəqilliyini məhdudlaşdıra və həm Beynəlxalq Qiymətləndirmə Standartları, həm də ‘Qiymətləndirmə fəaliyyəti haqqında’ Qanunun tələbləri ilə ziddiyyət yarada bilər.”

Vüqar Orucun sözlərinə görə, qanunda əsas götürüləcək alqı-satqı sənədinin hansı tarixə aid olacağı və həmin məlumatın aktuallığı da müəyyən edilməlidir.

“Qiymətləndirici istifadə etdiyi məlumatın bazar reallığını əks etdirdiyinə əmin olmalıdır. Bir neçə il əvvəl bağlanmış alqı-satqı müqaviləsinin bugünkü bazar şəraitində etalon kimi qəbul edilməsi obyektiv nəticə verməyə bilər. Bu səbəbdən qanunda istifadə ediləcək məlumatların aktuallığı və etibarlılığı ilə bağlı konkret mexanizmlərin müəyyən olunması məqsədəuyğun olardı.”

AQC sədri vurğulayıb ki, layihədə nəzərdə tutulan alqı-satqı əməliyyatlarının həqiqiliyinin yoxlanılması mexanizmi də açıq şəkildə tənzimlənməlidir.

“Əgər qeyd olunan əraazidə alqı-satqı faktı heç vaxt qeydə alınmayıbsa qiymətləndirmə necə aparılacaq? Bu sual açıq qalır. Hesab edirik ki, bu istiqamətdə hüquqi mexanizmlərin daha dəqiq müəyyənləşdirilməsi vacibdir.”

Vüqar Oruc bildirib ki, qiymətləndiricilərin müstəqilliyinin təmin edilməsi üçün onların dövlət informasiya sistemlərinə çıxış imkanlarının yaradılması da mühüm əhəmiyyət daşıyır.

“Qanun layihəsində qiymətləndiricilərin müvafiq dövlət informasiya sistemlərinə çıxış hüququ nəzərdə tutulmayıb. Halbuki alqı-satqı məlumatlarının, əməliyyat tarixlərinin və digər hüquqi əhəmiyyət daşıyan informasiyaların birbaşa yoxlanılması qiymətləndiricinin peşə müstəqilliyinin əsas elementlərindən biridir. Əks halda qiymətləndirici yalnız sifarişçi tərəfindən təqdim olunan məlumatlara istinad etmək məcburiyyətində qalır ki, bu da obyektivlik prinsipinə tam uyğun hesab edilə bilməz.”

AQC sədri əlavə edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qanunun strateji məqsədlərini dəstəkləyir və hesab edir ki, qeyd olunan məsələlərin qanunvericilikdə dəqiqləşdirilməsi həm torpaq konsolidasiyası prosesinin daha şəffaf həyata keçirilməsinə, həm də qiymətləndirmə fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına xidmət edəcək.