İki gün öncə ABŞ və İran danışıqları ilə bağlı bir sıra müzakirələr keçirilib.
Tribuna.az xəbər verir ki, ilk müzakirə Ağ Evdə baş tutub.
Həmin müzakirədə ABŞ prezidenti İranla bağlı yekun qərar verməli idi. Lakin gün sonunda məlum olub ki, Tramp bu barədə hələ qərarını verməyib.
Dünən həmçinin Donald Tramp İranla bağlı bir sıra açıqlamalar verib.
O deyib ki, İran rəsmi şəkildə heç vaxt nüvə silahına və ya nüvə bombasına sahib olmayacağı ilə razılaşmalıdır. Daha sonra Hörmüz boğazı rüsumsuz, məhdudiyyətsiz və hər iki istiqamətdə azad gəmiçilik üçün dərhal açılmalıdır. “Boğazdakı bütün dəniz minaları məhv edilməlidir. İran qalan minaların çıxarılmasını və ya partladılaraq təmizlənməsini başa çatdırmağa borcludur”.
O daha sonra bildirib ki, “B-2″ bombardmançılarının zərbəsindən sonra yer altında qalan zənginləşdirilmiş nüvə materialı ABŞ, İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında çıxarılmalı və tamamilə məhv edilməlidir. “Növbəti bildirişə qədər heç bir pul ödənişi və ya köçürməsi həyata keçirilməyəcək”.
Tramp daha sonra bəyan edib ki, İranla sülh danışıqlarının iflasa uğraması ehtimalı yoxdur. “Düzünü desəm, onların danışıqları bitirib-bitməməsi mənim üçün əhəmiyyətsizdir. Hələlik İranı bombalamaq niyyətində deyilik. Hadisələrin bu cür inkişafı ABŞ-ın genişmiqyaslı hərbi əməliyyatları bərpa edəcəyi anlamına gəlmir”.
ABŞ prezidenti onu da vurğulayıb ki, yaxın iki həftə ərzində İranla saziş imzalayacaqlarını düşünür.
Tribuna.az bildirir ki, İran tərəfi isə başqa fikirdədir. Rəsmi Tehran açıqlayıb ki, ABŞ-la heç bir razılaşma əldə olunmayıb və mövcud şərtləri də qəbul etmirlər. İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi deyib ki, yayılan müqavilə ilə bağlı xəbərlər və mətnlərin hamısı boş şeydir və belə bir sənəd yoxdur. “Hələlik müzakirələr gedir. Bir sıra mövzularda ümumi anlaşma var. Lakin İran nüvə proqramı məsələsində geri çəkilmək fikrində deyil”.
Dünən günün sonunda isə İran tərəfi danışıqlardan çəkildiyini bəyan edib.
“Tasnim” Agentliyi rəsmi şəxslərə istinadən xəbər yayıb ki, SEPAH ABŞ-la danışıqları dayandırıb. Səbəb olaraq İsrailin Livana hücumlarını göstərib. Həmçinin bu hücumlar davam edərsə, Bab əl-Məndəb boğazını da bağlayacağı ilə hədələyib.
Fərda Uğur









