8 nəfəri güllələdi… –  Peşman deyil

8 nəfəri güllələdi… – Peşman deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada böyük əks-səda yaradan və 8 hərbçinin ölümü ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub. “AzPolitika.info” Rusiya mətbuatına isrtinadla xəbər verir ki, oktyabrın 25-də Zabaykalyedə yerləşən hərbi hissələrin birində 8 hərbçini güllələyərək qətlə yetirən, iki nəfəri isə ağır yaralayan əsgər Ramil Şamsutdinov xüsusi təyinatlılara təslim olub.

Şamsutdinov xidmət zamanı qarovul növbəsini dəyişərkən avtomatını öz hərbçi yoldaşlarına və komandirlərə tuşlayıb. Əsgərin açdığı atəş nəticəsində 6 əsgər yoldaşı ilə bərabər iki zabit də həlak olub. Məlumatda deyilir ki, cəmi 4 ayın əsgəri olan R.Şamsutdinov əvvəlcə kapitan rütbəli zabiti güllələyib. Daha sonra atəş açıldığını görərək yerə uzanan əsgərləri və bir zabiti elə yerdəcə güllələyib. Qətlə yetirilənlərin hamısının başından güllələndiyi bildirilir. Ölən əsgərlər 1999-2000-ci il təvəllüdlüdürlər.

Hadisədən sonra qəsəbədə məktəblər və baxçalar bağlanıb. Qətli törətdikdən sonra hərbi hissənin kazarmasından çölə çıxan əsgər qısa müddət sonra hadisə yerinə gələn xüsusi təyinatlıları görən kimi avtomatı kənara ataraq, yerə uzanıb və təslim olub. Müstəntiqlərin dindirdiyi R.Şamsutdinov törətdiyi əməldən qətiyyən peşman olmadığını deyib.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, əsgərin hadisəni əsəb sarsıntısı nəticəsində törətdiyi güman olunur. Bununla yanaşı, hərbi hissədə “dedovşina”, yəni nizamnamədən kənar qanunsuz hərəkətlərin, münasibətlərin mövcudluğu versiyası da araşdırılır. Qeyd edilir ki, böyük ehtimalla əsgər mütəmadi olaraq təhqirlərə və təhdidlərə məruz qalıb. Şamsutdinova qarşı mənfi münasibətin onun milli mənsubiyyətilə bağlı olması ehtimalı da güman olunur. Xatırladaq ki, R.Şamsutdinov Tatarıstandan hərbi xidmətə yola salınıb. Onu ordu sıralarına göndərən hərbi komissarlığın nümayəndəsi Şamsutdinovun psixi cəhətdən heç bir probleminin olmadığını deyib.

Hadisə şahidlərinin dediyinə görə, R.Şamsutdinov bəzən heç bir səbəb olmadan belə digər hərbi qulluqçular tərəfindən təhqir olunur, döyülürmüş. Və bu hadisəni törətməsi də ona qarşı münasibətə dözə bilməyərək, əsəb sarsıntısı keçirməsilə bağlı olub.
Hadisə yerinə Rusiya Müdafiə nazirinin müavini Andrey Kartapolov da gəlib. İstintaq aparılır.