1 manata bazarlıq edə biləcəyiniz “Bit bazarı”ndanreportaj

1 manata bazarlıq edə biləcəyiniz “Bit bazarı”ndanreportaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alıcıları fərqli, satıcıları isə eynidir; Sabunçuda nələr dəyişsə də, bu bazar illədir ki, dəyişməz qalıb…

Ötən aylarda Sabunçu Vağzalı və ətrafı yenidən quruldu. Aparılan işlərin, kanalizasiya xətlərinin yenilənməsinin nəticəsində yağışdan sonra sakinlərin görməyə vərdiş etdikləri “göl” də aradan qalxdı. Eyni zamanda ətrafda müasir obyektlər tikildi, iri mağazalar quruldu. Bütün bunların fonunda dəyişməyən bir şey qaldı -“Bit bazarı”.

İllərdir ki, bu ərazidə fəaliyyət göstərən “Cındır bazarı”, “Bit bazarı” kimi tanınan ərazi bu gün də necə varsa, elə də qalmaqdadır. Sovet dönəmində ruslar köhnə, işlənmiş əşyaları, geyimləri Bakıya gətirib, burada öz həmyerlilərinə satıblar. Sovet rejimi dağılsa da, bazar fəaliyyətinə davam edib və bu gün də orada köhnə, bəlkə də lazımsız əşyalar satılır.

Bazarda köhnə mallar satıldığı üçün bura “Bit bazarı” adı qoyulub.  Çoxları düşünür ki, bu bazardan imkansız şəxslər alış-veriş edirlər. Ancaq “Yeni Müsavat”ın əməkdaşı olaraq bazara daxil olub, satıcılarla, alıcılarla söhbət edəndə vəziyyətin başqa cür olduğunu öyrəndik.

Ətraf müasirləşib, bəs bazarda nə satılır?

Satıcı Musa Əhmədov bildirdi ki, ətrafın bazara heç bir aidiyyəti yoxdur. Bura illərdir ki, eyni vəziyyətdədir: “Mən uzun müddətdir burada işləyirəm. Bazar həftəsonu səhərdən açılır, axşam saat 17-18-də malları yığıb, dağılışırıq. İllərdir ki, bura belə fəaliyyət göstərir. Buranın alıcıları fərqli, satıcıları isə eynidir. Alıcı bilir ki, kim nə satır. Belə deyək ki, satıcılar bir növ ixtisaslaşıblar. Qapaq satan ayrıdır, kabel qırığı, oyuncaq sınığı satan ayrı. Bir adam hər şey sata bilməz. Ona görə ki, müştəri bilməlidir ki, kimdən nəyi almaq olar. Mən uzun müddətdir ki, qapaq, qazan satıram. Ən çox şüşə qapaqlar axtarırlar. Şüşə qapaqlı qazanlar çıxandan sonra al-ver yaxşı gedir. Bəziləri də köhnə qazanı alır, düzəltdirib işlədir”.

Ümumilikdə bazarda normal nə isə tapmaq çətin məsələdir. Hər diləyin, əşyanın detallarına rast gəlmək mümkündür. Sınıq oyuncaqlar, köhnə ayaqqabılar bazarın ən çox satılan məhsuludur. Hətta qırıq qulaqcıqlar, köhnə telefon sınıqlarına da rast gəlmək mümkündür ki, bunların da qiyməti 20 qəpik, ən bahası isə 1 manatadır. Ancaq elektrik kabelləri ilə bağlı vəziyyət başqadır. Ümumilikdə bazarda tikintiyə aid bir çox şeylər satılır ki, onların qiymətləri qəpik-quruşa deyil. Məsələn, elektrik kabellərinin qiyməti demək olar ki, yenisi ilə eynidir. Bundan əlavə su boruları, sanitar qovuşaqların çəkilməsində istifadə olunan avadanlıqlar da satılır. Bu əşyaların da bazara görə qiyməti kifayət qədər yüksəkdir.  Satıcılar bildirdilər ki, ərazidə yer pulu demək olar ki, yoxdur. Gün ərzində 2 manat yer pulu verirlər. Ona görə də burada işləmək onlar üçün rahatdır.

Digər bir məsələ də var ki, bazarda tez-tez oğrular da peyda olur. Belə ki, bazara gələn yeni satıcıların çoxu, haradansa oğurladıqları əşyaları  burada satırlar. Onlar daha çox köhnə paltarlar, ayaqqabılar, yataq dəstləridir. Zibilliyə atdığımız ayaqqabıya hansısa həftəsonu bu bazarda rast gələ bilərik. Eyni zamanda aşağı mərtəbədə qalanlar ipdən çəkilərək oğurlanan yataq dəstlərini, paltarlarını bu bazarda tapa bilərlər. Bunun üçün satıcıların sözlərinə görə əraziyə tez-tez polislər də gəlir, oğurlanan əşyaları axtarırlar.

Bazarda olarkən ətrafda xeyli sayda bahalı maşınlar dayanmışdı. Hətta yaxınlıqda maşın saxlamaq qeyri-mümkün idi. Yəni bazarın alıcıları heç də satıcılar dediyi kimi imkansız insanlar deyil. Çox adam buraya bazardan tapa bilmədiyi hansısa detalı axtarmaq üçün gəlir. Məsələn, bazarda 1990-cı illərin sonunda satılan hava feni üçün hissə axtaran alıcıya rast gəldik. Bildirdi ki, fen təzədir, ancaq yandırıb-söndürən düyməsi qırılıb. Alıcı bir düymə üçün həmin fenin işlənmişini 3 manata alıb apardı. Satıcılar bildirdilər ki, bu bazardan hansısa detal üçün gəlib, köhnə malı alanlar çoxdur. Ona görə də hansısa qırıq telefonu alanlar, hökmən onu işlətmək mənası ilə almır. Sadəcə olaraq detal tapa bilmədiyi üçün qırıq telefonu alıb həmin detalı söküb çıxarır. Satıcılar söylədilər ki, əsasən telefon ustaları, elektron əşyaların təmiri ilə məşğul olan şəxslər bazara gəlib, bu kimi əşyaları alırlar.

Ekspertlər bildirirlər ki, bu cür bazarlar bir çox köhnə şəhərlərdə var.  Bazarları yığışdırmırlar. Çünki bu, həm tarix, həm də imkansızların imdadına  çatan yerdir…

Əli RAİS