Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramının qonağı olarkən Osmanlı İmperiyası barədə səsləndirdiyi fikirlər kəskin reaksiya doğurmaqda davam edir.
Daha bir sərt cavab Ziyalılar Klubundan gəlib.Ziyalılar Klubundan Tia.az– a göndərilən bəyanatda bildirlir ki, deputat Araz Əlizadə ölkəmizə qardaş yardımına gəlmiş türk ordusuna “Osmanlı ordusu pul qarşılığında xidmət edən muzdlu ordu idi ” – deyərək həqiqətə sığmayan, qıcıq yaradan sözlər söyləyib:
“Təbii ki, təxribat xarakterli bu fikirlər həm Azərbaycanda, həm də qardaş Türkiyədə sərt təpki ilə qarşılanıb. Araz Əlizadənin bu fikirləri Azərbaycanda şəhid olmuş yüzlərlə türk əsgərinin müqəddəs ruhuna, həmçinin Türkiyə-Azərbaycan qardaşlığına təhqirdir. Azərbaycan xalqının və dövlətinin tarixi, soy-kökü bu xalqın türk kökənli olduğunu isbat edib. Bunun heç bir müzakirə və mübahisəyə ehtiyacı yoxdur. Osmanlı dövlətinin isə 1918-ci ildə mənfur erməni soyqırımları zamanı xalqımıza köməyə gələrək Nuru Paşanın başçılığı altındakı xilaskarlığına Milli Məclisin üzvü Araz Əlizadənin inkarçı mövqeyi bütün Türk Dünyasında ikrah yaradır. Türkiyə ilə Azərbaycanın dostluğuna-qardaşlığına xələl gətirən bu çıxışları ilə uzun müddətdir ki, o ara qatmaqla məşğuldur. Ziyalılar Klubu olaraq hesab edirik ki, tarixçilərin istər soy kökümüz, istərsə də 1918- ci il xilaskarlığı haqqındakı Osmanlı ordusunun təmənnasız köməyini təsdiq etməsi, həmçinin qardaş Türkiyə ilə siyasi müttəfiqlik Araz Əlizadələrin sərsəm danışıqlarına hədəf ola bilməz. Ziyalılar Klubu olaraq A.Əlizadənin bu düşüncəsini və çıxışlarını pisləyirik. Ümid edirik ki, Milli Məclis rəhbərliyi də ona öz tənbehedici tövsiyyə və tapşırıqlarını verəcəkdir.”
Tia.az









