Ukrayna Qara dənizdə atəşkəs üçün Rusiyanın cavabını gözləyir

Ukrayna Qara dənizdə atəşkəs üçün Rusiyanın cavabını gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, Ukrayna Qara dənizdə atəşkəsin əldə olunması, sərbəst gəmiçiliyin bərpası və kənd təsərrüfatı məhsullarının maneəsiz ixracı ilə bağlı təkliflərini beynəlxalq tərəfdaşlarına təqdim edib. Lakin Moskva mümkün razılaşmaya Rusiya neftinin ixracı məsələsini də daxil etməyə çalışır.

RBC-Ukraine xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ərzaq təhlükəsizliyinə həsr olunmuş “Food from Ukraine” adlı V Beynəlxalq Yüksək Səviyyəli Konfransda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Kiyev atəşkəsə hazırdır və Qara dənizdə gərginliyin azaldılması istiqamətində fəal iştiraklarına, həmçinin vasitəçilik səylərinə görə Hindistan, Türkiyə və Misirə təşəkkür edir. Onun sözlərinə görə, Ukrayna bütün təkliflərini tərəfdaşlarına təqdim edib və hazırda Rusiyanın cavabını gözləyir.

Sibiqa Moskvanın danışıqlar zamanı dəfələrlə real hesab edilməyən əlavə tələblər irəli sürdüyünü vurğulayıb. Bu dəfə Rusiya kənd təsərrüfatı məhsullarının daşınması ilə bağlı razılaşmanın şərtlərinə neft ixracı məsələsini də daxil etməyi təklif edir.

Ukrayna xarici işlər naziri bildirib ki, neft məsələsi daha geniş enerji atəşkəsi çərçivəsində müzakirə oluna bilər. Bununla belə, Qara dənizdəki razılaşmanın əsas məqsədi təhlükəsiz gəmiçiliyin təmin edilməsi və kənd təsərrüfatı məhsullarının maneəsiz ixracı olmalıdır.

Sibiqa həmçinin Qara dənizdə təhlükəsiz gəmiçiliyin bərpası üçün beynəlxalq ictimaiyyətin Rusiyaya təzyiq göstərməsinin vacibliyini qeyd edib.

Məlumatda ABŞ-ın da Ukrayna və Rusiyadan enerji infrastrukturu və ərzaq təchizatı zəncirlərinə hücumları dayandırmağı, Qara dənizdə təhlükəsiz gəmiçiliyi bərpa etməyi tələb etdiyi bildirilir.

İmran Kərimli

Tribuna.az