Türk təyyarəsini Rusiya vura bilərmi? – ANALİZ

Türk təyyarəsini Rusiya vura bilərmi? – ANALİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsi ilə bağlı Rusiyaya işarə vurulur. Çünki illər əvvəl Türkiyə Suriyada rusların helikopterini vurmuşdu.

Tribuna yazır ki, həmin hadisə Ankara ilə Moskva arasında ciddi gərginliyə səbəb olmuş, az qala müharibəyə gətirib çıxaracaqdı. Lakin bir müddət davam edən bu gərginliyin səngiməsində həm Bakı vasitəçi kimi barışıq rolunu oynadı, həm də Türkiyə helikopteri vurduğunu təsdiq etdi. O zaman prezident Ərdoğan üzrxahlıq da etmişdi. İndi isə Türkiyənin qəzaya uğrayan təyyarəsi ilə bağlı konspiroloji fikirlər səslənir ki, bu, Rusiyanın “əl işi” ola bilər. Lakin bu hələlik bir ehtimaldır.

Hazırda Rusiyanın Türkiyə ilə münasibətləri yüksək səviyyədə inkişaf edir. Əvvəla, Türkiyə NATO dövləti olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Bu Putinə böyük jestdir. İkincisi, iki ölkə arasında təxminən 50 milyardlıq ticarət dövriyyəsi var. Bundan əlavə, Rusiya neft və qazının alınması, rus turistlərin Türkiyəyə axını vurğulanmalıdır. Həmçinin, Qara dənizdə hərbi donanması xeyli zəiflədilən və strateji itki ilə üzləşən Rusiyaya yenə də sularda üzməyə Türkiyə kömək edir, onun taxılının Şimali Afrika və digər bölgələrə daşınmasında böyük rol oynayır.

Bütün bu sadalanan faktlar — Ərdoğan-Putin münasibətləri, Ukrayna böhranında İstanbul danışıqlarının təşkili — göstərir ki, hazırda əlaqələr ən yaxşı dövrünü yaşayır.
Bu səbəbdən Rusiyanın Türkiyənin təyyarəsini vurma ehtimalı az inandırıcı görünür. Bununla belə, Cənubi Qafqazda ciddi şəkildə sıxışdırılmış Rusiyanın və bu ölkədəki müəyyən dairələrin hərbi paraddan qayıdan türk təyyarəsini vurmaq niyyəti də istisna deyil. Təbii ki, bütün bunlar bir təhlildir və hər şeyi istintaq üzə çıxaracaq.

Gülşən Rəsul