İqtisadçı, Real Partiyasının sədri Natiq Cəfərli Azərbaycanın turizm sektorunda müşahidə olunan geriləmənin səbəbləri ilə bağlı Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyevin açıqlamasını tənqid edib.
Tribuna.az xəbər verir ki, N.Cəfərli sosial şəbəkə hesabında bildirib ki, Rəşad Əliyevin Hindistan-Pakistan gərginliyi və Yaxın Şərqdəki münaqişələrin Azərbaycana turist axınının azalmasına təsir göstərməsi barədə fikri müəyyən qədər doğru olsa da, bu, problemin tam izahı deyil.
İqtisadçı qeyd edib ki, bu ilin ilk beş ayında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb. Onun sözlərinə görə, əgər regiondakı geosiyasi gərginlik əsas səbəbdirsə, bu tendensiya qonşu ölkələrdə də müşahidə olunmalı idi.
N.Cəfərli diqqətə çatdırıb ki, 2026-cı ilin yanvar-may aylarında Gürcüstana 1 milyon turist səfər edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım deməkdir. O bildirib ki, həmin dövrdə Avropa İttifaqı və Böyük Britaniyadan gələn turistlərin sayında 30 faiz, Səudiyyə Ərəbistanından gələnlərin sayında isə 36,3 faiz artım qeydə alınıb.
İqtisadçı əlavə edib ki, Ermənistan da bu dövrdə rekord nəticə əldə edib. Onun sözlərinə görə, 2026-cı ilin ilk beş ayında bu ölkəyə 825 min 384 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. O vurğulayıb ki, Ermənistanda Hindistan və Körfəz ölkələrindən gələn turistlərin sayında da ciddi artım müşahidə olunub.
Natiq Cəfərli hesab edir ki, turist sayının azalmasının əsas səbəbləri sırasında quru sərhədlərin bağlı qalması, turizm sektorunda rəqabətin zəif olması və dövlət qurumlarının bu sahəyə həddindən artıq müdaxiləsi dayanır.
Onun fikrincə, məhz bu amillər turizm sektorunun inkişafına mənfi təsir göstərir.
Gülşən Rəsul









