Elmi idarəetmə ilə inzibati eksperiment arasında sərhəd varmı?
İslahat adı altında eksperiment, yoxsa idarəetmə böhranı?
Müasir dövrdə təhsil sisteminin inkişafı hər bir dövlətin gələcək taleyini müəyyən edən strateji məsələlərdən biridir. Təhsil sadəcə sosial xidmət sahəsi deyil; o, insan kapitalının formalaşması, iqtisadi rəqabət qabiliyyətinin artırılması, elmi-texnoloji inkişafın təmin olunması və milli təhlükəsizliyin qorunması üçün fundamental institutdur.
Bu səbəblərdən təhsil sahəsində həyata keçirilən hər hansı dəyişiklik yüksək peşəkarlıq, elmi əsaslandırma və strateji planlaşdırma tələb edir. Lakin bəzi hallarda təhsil islahatları elmi siyasət kimi deyil, idarəetmə eksperimentləri kimi görünür. Daha təhlükəlisi isə budur ki, bu eksperimentlərin əksəriyyətində nə elmi metodologiya, nə də məsuliyyət mexanizmi, nə də səriştə müşahidə edilir.
Bu vəziyyət cəmiyyətdə haqlı bir sual yaradır: biz həqiqətən islahat aparırıq, yoxsa təhsil sistemi üzərində nəticəsi əvvəlcədən məlum olan mənasız eksperimentlər aparırıq ?
Eksperiment nədir?
Elm tarixində eksperiment təsadüfi fəaliyyət deyil. Eksperiment aydın müəyyən edilmiş, konkret problemdən başlayır. Eksperiment nəzəri əsaslara söykənir, hipotez formalaşdırır, idarə olunan şəraitdə aparılır, nəticələri ölçülür, əldə olunan nəticələr təhlil edilir, yalnız uğurlu olduğu halda geniş tətbiq edilir. Məsələn, yeni dərs metodikasının tətbiqi, yeni qiymətləndirmə modelinin sınaqdan keçirilməsi və ya rəqəmsal təhsil platformasının pilot tətbiqi eksperiment hesab edilə bilər. Lakin eksperimentin əsas şərti onun elmi xarakter daşımasıdır.
Əgər prosesin məqsədi məlum deyilsə, uğur meyarları müəyyən edilməyibsə, nəticələr qiymətləndirilmirsə və eyni səhvlər illərlə təkrarlanırsa, bu eksperiment deyil, idarəetmə xaosudur.
Təhsil idarəçiliyində məntiq böhranı
Təhsil sisteminin idarə olunması xüsusi peşəkar sərəştələr tələb edir. Burada söhbət yalnız inzibati bacarıqlardan getmir.
Təhsil islahatlarına rəhbərlik edənlər təhsil lideri olmaqla yanaşı, təhsil fəlsəfəsini bilməli, pedaqogika və psixologiyanı anlamalı, kurikulum nəzəriyyəsinə bələd olmalı, təhsil iqtisadiyyatını dərk etməli, təhsil siyasəti və strateji idarəetmə sahəsində dərin biliklərə malik olmalı, qlobal təhsil tendensiyalarını davamlı izləməlidir. Çünki, təhsil zavod, ticarət şəbəkəsi, istehsalat müəssisəsi deyil.
Təhsil insan formalaşdıran ən mürəkkəb və dinamik sosial sistemdir.
Bu səbəbdən, başqa sahələrdə əldə olunan uğurların avtomatik olaraq təhsil sahəsində də uğur gətirəcəyini düşünmək səhvdir. Bir insanın uğurlu sahibkar olması onun avtomatik olaraq uğurlu təhsil siyasətçisi və ya təhsil meneceri olacağı anlamına gəlmir. Eyni qayda ilə, uğurlu cərrah yaxşı pilot olmadığı kimi, uğurlu biznes meneceri də yaxşı təhsil islahatçısı olmaya bilər.
Təhsil sistemləri təsadüfi idarəetməni bağışlamır
Mürəkkəb sistemlər nəzəriyyəsinə görə təhsil sistemi “gecikmiş nəticələr sistemi”dir. Burada verilən yanlış qərarın nəticələri dərhal görünmür. Səhv kurikulum qərarı öz nəticəsini 5-10 ildən sonra göstərə bilər. Bunu biz bu gün görürürük.
Müəllim hazırlığındakı səhvlər bir nəsil sonra üzə çıxa bilər. Universitet siyasətindəki yanlışlıqlar isə ölkənin innovasiya potensialına onilliklər ərzində təsir göstərə bilər. Ölkəmizin qlobal innovasiya indeksində aşağı pillələrdə olması, universitetlərimizin son 20 ildə qlobal reytinqlərdə zəif olması ilə əlaqədardır. Buna görə də təhsil sahəsində məsuliyyətsiz qərarların qiyməti digər sahələrdən qat-qat yüksəkdir. Təhsildə səhv qərar sadəcə büdcə və zaman itkisi yaratmır. Bu səhv insan kapitalı itkisi yaradır. İnsan kapitalının itirilməsi isə dövlət üçün ən ağır strateji itkilərdən biridir, xüsusən, də postneft dövrünə hazırlaşan ölkə üçün.
Niyə nəticələr əvvəlcədən proqnozlaşdırıla bilir?
Sosial elmlərin əsas vəzifələrindən biri müəyyən proseslərin nəticələrini qabaqcadan proqnozlaşdırmaqdır. Əgər bir ölkədə müəllim peşəsinin nüfuzu zəifləyirsə, elmi tədqiqatlara investisiya azalırsa, universitetlərin akademik muxtariyyəti məhdudlaşırsa, rəhbər vəzifələrə peşəkar təhsil mütəxəssisləri deyil, sahədən kənar şəxslər təyin olunursa, qərarlar elmi araşdırmalara deyil, inzibati göstərişlərə əsaslanırsa, onda nəticələri proqnozlaşdırmaq çox da çətin deyil. Belə şəraitdə universitet reytinqləri yüksəlmir, innovasiya ekosistemi formalaşmır, elmi məhsuldarlıq artırmır, beynəlxalq rəqabət qabiliyyəti zəifləyir, gənc alimlərin və istedadlı tələbələrin ölkədən axını güclənir. Bu nəticələr gözlənilməz deyil. Əksinə, sosial elmlərin və təhsil siyasətinin məlum qanunauyğunluqlarının təbii nəticələridir.
Tədqiqat universitetləri inzibati əmrlə yaranmır
Son illər bir çox ölkələr tədqiqat universitetləri yaratmağa çalışır. Lakin dünya təcrübəsi göstərir ki, tədqiqat universiteti sadəcə status deyil. Bu modelin formalaşması üçün güclü akademik mühit, elmi məktəblər, beynəlxalq əməkdaşlıq, akademik azadlıq, yüksək səviyyəli professor heyəti, dayanıqlı maliyyələşmə, meritokratiya prinsipləri tələb olunur.
Tədqiqat universitetləri inzibati qərarların deyil, elmi ekosistemin məhsuludur. Məlumdur ki, məlum strategiyaya görə bu il ölkəmizdə 2 tədqiqat universiteti yaradılmalıdır. Tədqiqat universitetlərinin yaradılması ilə əlaqəli nazirlər kabineti 9 il əvvəl konkret meyarlar təyin edib. Amma hələ də ölkəmizdə bu meyarlara cavab verə bilən universitetlər yoxdur.
Eyni fikir sahibkar universitetlərə də aiddir. İnnovasiya mədəniyyəti olmayan yerdə sahibkar universitet modeli yalnız formal xarakter daşıya bilər. İnnovasiya məsələsində isə daha ağır durumdayıq. Keçən il, dünyada 50 milyon startap yaradıldığı halda, ölkəmizdə cəmi 30 startap yaradılmışdır. Bu isə əhalininhər 1000 nəfərinə düşən qlobal göstəricilərdən min dəfələrlə azdır.
Rəqəmsal transformasiya texnologiya deyil, idarəetmə mədəniyyətidir
Bir çox hallarda rəqəmsallaşma kompüterlərin və proqram təminatının alınması kimi başa düşülür. Halbuki rəqəmsal transformasiya ilk növbədə düşüncə tərzinin dəyişməsidir. Belə universitetlərdə distant təhsil üzrə zəngin təcrübə və ciddi uğurlar olur.
Müasir rəqəmsal universitet məlumatlara əsaslanan qərarlar qəbul edir, öyrənmə analitikasından istifadə edir, süni intellekt imkanlarından yararlanır, çevik idarəetmə sistemləri qurur, innovasiya mədəniyyəti yaradır. Əgər idarəetmə köhnə üslubda qalırsa, rəqəmsallaşma yalnız elektron sənəd dövriyyəsinə çevrilir.
Əsas problem peşəkarlığın böhranıdır
Məsələ ayrı-ayrı şəxslərdən daha çox, təhsil sisteminin özü ilə bağlıdır. Əsas problem son illər təhsil idarəçiliyində peşəkarlıq meyarlarının zəifləməsidir. Təhsil sahəsində vəzifələrə təyinat zamanı əsas meyar peşəkar bilik, elmi təcrübə, akademik reputasiya, strateji idarəetmə bacarığı olmalıdır. Əgər bu meyarlar ikinci plana keçirilirsə, sistem özünü təkrar istehsal edən problemlər yaradır. Belə vəziyyətdə dəyişən şəxslər olur, lakin nəticələr olduğu kimi qalır.
“Təhsil islahatları necə olmamalıdır?” sualının cavabı əslində çox sadədir. Təhsil islahatları elmi əsaslar olmadan aparılmamalı, peşəkar ekspertizadan kənarda qalmamalı, qısamüddətli inzibati maraqlara xidmət etməməli, təsadüfi kadr siyasətinə söykənməməli, nəticələri ölçülməyən eksperimentlərə çevrilməməlidir.
Təhsil sistemi dövlətin gələcəyini formalaşdıran strateji institutdur. Onun idarə edilməsi intuisiya, təsadüf və ya imitasiya üzərində deyil, elm, analitika, peşəkarlıq və uzunmüddətli inkişaf strategiyası üzərində qurulmalıdır. Çünki, təhsildə səhvlər yalnız bu günü deyil, gələcək onillikləri də müəyyən edir.
Bir ölkənin ən böyük sərvəti təbii resursları deyil, yetişdirdiyi insan kapitalıdır. İnsan kapitalı isə yalnız peşəkar idarə olunan təhsil sistemində formalaşa bilər.
Dosent İlham Əhmədov









