Show Plus TV-də yeni rəhbərlik: Zamiq Yunisov kadr siyasətini açıqladı

Show Plus TV-də yeni rəhbərlik: Zamiq Yunisov kadr siyasətini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Show Plus TV televiziya kanalında yeni rəhbərlik dövrü başlayıb.

Kanalın rəhbəri vəzifəsinə təyin olunan Zamiq Yunisov kadr siyasəti və fəaliyyət istiqamətləri ilə bağlı Tribuna.az-a açıqlama verib.

Zamiq Yunisov bildirib ki, yeni mərhələdə kanalın idarəetmə strukturu təcrübə və dinamikanın vəhdəti prinsipi üzərində qurulacaq. Onun sözlərinə görə, baş redaktor, bədii rəhbər və ideoloji şöbələrdə təcrübəli, yaşlı mütəxəssislər fəaliyyət göstərəcək, əsas yaradıcı heyət isə gənc kadrlardan formalaşdırılacaq.

“Təcrübə ilə gəncliyin enerjisini birləşdirərək, müasir, çevik və milli dəyərlərə söykənən televiziya modeli qurmağı hədəfləyirik”, – deyə Zamiq Yunisov vurğulayıb.

Yeni rəhbərin sözlərinə görə, gənc kadrların irəli çəkilməsi yaradıcılığın təşviqi, innovativ ideyaların efirə çıxarılması və müasir auditoriyanın maraqlarına uyğun kontentin hazırlanması baxımından xüsusi əhəmiyyət daşıyır. Təcrübəli mütəxəssislər isə prosesə strateji nəzarət və ideoloji istiqamət baxımından rəhbərlik edəcəklər.

Qeyd edilib ki, yeni rəhbərlik dövründə Show Plus TV-nin proqram siyasətində yenilənmə, milli-mənəvi dəyərlərin qorunması, eyni zamanda gənc televiziyaçıların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

Dəniz Pənahova