Sertifikasiyadan kəsilən “rəqabətədavamlı” təhsilimiz

Sertifikasiyadan kəsilən “rəqabətədavamlı” təhsilimiz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqabətədavamlılıq mifi, statistik reallıq və təhsil idarəetməsinin sistem böhranı

Son illərdə Azərbaycan təhsil siyasətində ən çox istifadə olunan anlayışlardan biri “rəqabətədavamlı insan kapitalı”dır. Rəsmi çıxışlarda Azərbaycan gənclərinin yüksək rəqabət qabiliyyətinə malik olduğu tez-tez vurğulanır. Lakin elmi yanaşma baxımından belə bir iddianın yalnız bəyanatlarla deyil, obyektiv statistik göstəricilər, beynəlxalq qiymətləndirmələr və təhsil nəticələri ilə əsaslandırılması tələb olunur.

Bu məqsədlə  təhsil sisteminin müxtəlif pillələri arasında varislik prinsipi, məktəb və ali təhsilin keyfiyyəti, müəllim hazırlığı, repetitor  fenomeni və təhsil idarəçiliyinin təçkilti problemləri kompleks şəkildə təhlil edilməlidir.  Habelə DİM-in 2026-cı il hesabatında əks olunan göstəricilər, müəllimlərin sertifikasiya və MİQ nəticələri, ali təhsilin keyfiyyət göstəriciləri,  beynəlxalq rəqabət meyarları əsasında “rəqabətədavamlılıq” anlayışının real məzmunu araşdırılmalıdır.  Rəqabətədavamlılıq inzibati qərarla elan edilən status deyil, uzunmüddətli, elmi əsaslandırılmış və nəticəyönümlü təhsil siyasətinin məhsuludur.

Qlobal iqtisadiyyatın rəqəmsallaşması, süni intellekt texnologiyalarının sürətli inkişafı və əmək bazarında baş verən struktur dəyişiklikləri göstərir ki, ölkələrin əsas rəqabət üstünlüyü bilikli, yaradıcı və yüksək kompetensiyalara malik insan resurslarıdır.  Bu səbəbdən “rəqabətədavamlı insan kapitalı”, “rəqabətədavamlı universitet”, “rəqabətədavamlı iqtisadiyyat” anlayışları dövlət siyasətində mühüm yer tutur.

Azərbaycanın təhsil siyasətində də “rəqabətədavamlı gənclər” ifadəsi tez-tez işlədilir. Təhsil rəhbərliyi müxtəlif çıxışlarında Azərbaycan gənclərinin yüksək rəqabət qabiliyyətinə malik olduğunu vurğulanır.  Həqiqətən də Azərbaycan cəmiyyətində fərdi qabiliyyəti, yüksək intellekti və şəxsi zəhməti hesabına beynəlxalq uğur qazanan gənclər mövcuddur. Lakin elmi baxımdan əsas məsələ ayrı-ayrı uğurlu fərdlər deyil, bütövlükdə təhsil sisteminin hansı keyfiyyətdə insan kapitalı formalaşdırmasıdır.  İnsan kapitalının keyfiyyəti fərdi istisnalarla deyil, sistemin orta nəticələri ilə qiymətləndirilir.

Əgər məktəb məzunlarının əhəmiyyətli hissəsi proqram materiallarını tam mənimsəyə bilmirsə, repetitor hazırlığı kütləvi xarakter alıbsa, gənc  müəllimlərin böyük hissəsi sertifikasiya və MİQ imtahanlarında uğur qazana bilmirsə, ali təhsil müəssisələrinin əksəriyyəti beynəlxalq akademik rəqabətdə zəif mövqedədirsə, bu halda “rəqabətədavamlılıq” anlayışı hansı empirik göstəricilərlə əsaslandırılır?

Rəqabətədavamlılıq  siyasi şüar yoxsa elmi kateqoriyadır?

İqtisadiyyat və insan kapitalı nəzəriyyəsində rəqabətədavamlılıq emosional və ya siyasi anlayış deyil. O, konkret ölçülə bilən göstəricilər sistemidir. Rəqabətədavamlı məzun fundamental elmi bilik,  analitik və tənqidi düşüncə,  problemlərin yaradıcı həlli bacarığı, rəqəmsal və süni intellekt kompetensiyaları, xarici dillərdə peşəkar fəaliyyət bacarığı, innovasiya yaratmaq qabiliyyəti, ömürboyu öyrənmə vərdişi, dəyişən əmək bazarına adaptasiya bacarığı kimi  xüsusiyyətlərə malik olmalıdır.

Bu xüsusiyyətlərin heç biri təsadüfi yaranmır. Onlar məktəbəqədər təhsil, ümumi təhsil, peşə təhsili, ali təhsil və davamlı peşəkar inkişaf sisteminin qarşılıqlı əlaqəsi nəticəsində formalaşır.  Başqa sözlə, rəqabətədavamlı insan təsadüfən yetişmir,  onu rəqabətədavamlı təhsil sistemi formalaşdırır.

Təhsil sistemində varislik prinsipi

Təhsil vahid ekosistemdir.  Məktəbdə formalaşan bilik bazası ali təhsilin başlanğıc nöqtəsidir. Ali təhsil isə əmək bazarı üçün yüksək ixtisaslı insan kapitalı hazırlayır.  Bu zəncirin istənilən həlqəsində yaranan problem sonrakı mərhələlərə ötürülür.

Əgər məktəb fundamental bilikləri lazımi səviyyədə formalaşdırmırsa, universitet həmin boşluğu tam doldura bilmir. Universitet proqramları məktəbdə qazanılmış biliklər üzərində qurulduğundan zəif baza ali təhsilin keyfiyyətini də aşağı salır.  Bu səbəbdən orta təhsildə yaranan problemlər son nəticədə əmək bazarında aşağı məhsuldarlıq, zəif innovasiya potensialı və beynəlxalq rəqabət qabiliyyətinin azalması ilə nəticələnir.

DİM göstəriciləri nəyi göstərir?

Dövlət İmtahan Mərkəzinin 2026-cı il hesabatında məktəb məzunlarının tədris proqramlarını orta hesabla 40 % mənimsədiyi göstərilir.  Bu rəqəm metodoloji baxımdan düzgün şərh olunarsa, yalnız imtahan statistikası deyil, bütövlükdə ümumi təhsil sisteminin effektivliyi barədə ciddi siqnaldır.

Belə nəticə ali məktəblərdə akademik hazırlığın zəifləməsi, repetitor xidmətlərindən asılılığın artması, universitetlərdə əlavə kompensasiya tədrisinin zəruriliyi, əmək bazarında peşə kompetensiyalarının çatışmazlığı, innovasiya potensialının zəifləməsi kimi problemləri ortaya çıxarır.  Bu göstərici təkcə şagirdlərin deyil, bütünlükdə  təhsil sisteminin fəaliyyət nəticəsini xarakterizə edir.

Kütləvi repetitorluq  məktəbi kölgəyə atıb?

Məktəbin əsas funksiyası şagirdə keyfiyyətli təhsil verməkdir.  Əgər valideynlərin böyük hissəsi ali məktəbə qəbul üçün repetitor xidmətlərinə müraciət etməyə məcbur qalırsa, bu, məktəbin bütünlüklə uğursuz olduğu anlamına gəlməsə də, onun əsas funksiyasını tam yerinə yetirmədiyini göstərən mühüm göstəricidir.  Repetitor fərdi dəstək vasitəsi ola bilər. Lakin o, sistemli şəkildə məktəbi əvəz etməyə başlayırsa, artıq fərdi seçim deyil, struktur probleminə çevrilir.  Belə şəraitdə məktəb ictimai etimadını tədricən itirir və təhsil ailələrin maliyyə imkanlarından daha çox asılı vəziyyətə düşür.

Ali təhsilimiz  rəqabətədavamlıdırmı?

Rəqabətədavamlı gənc hazırlamaq üçün ilk növbədə rəqabətədavamlı universitetlər lazımdır.  Belə universitetlər müasir kurikulum, elmi tədqiqat mühiti,  rəqəmsal universitet infrastrukturu, akademik azadlıq, beynəlxalq professor və tələbə mobilliyi, sənaye-universitet əməkdaşlığı, innovasiya və patent fəaliyyəti kimi xüsusiyyətlərə malik olmalıdır. Əgər universitet əsasən diplom verən quruma çevrilirsə, elmi tədqiqat zəifdirsə və beynəlxalq əmək bazarına inteqrasiya məhduddursa, məzunların rəqabət qabiliyyətinin yüksək olması barədə ümumiləşdirilmiş nəticəyə gəlmək çətindir.

Sertifikasiya və MİQ  nəticələri təhsil sisteminin  diaqnostikasıdır

Son illərdə müəllimlərin sertifikasiya və MİQ imtahanları müəllim hazırlığının keyfiyyətini qiymətləndirən əsas mexanizmlərdən birinə çevrilmişdir.  Bu imtahanlarda hər il on minlərlə müəllim və müəllimliyə namizəd uğur qazana bilmir.  Bu fakt avtomatik olaraq həmin insanların peşəkar olmadığını göstərmir.  Əksinə, belə nəticələr müəllim hazırlığı proqramlarının keyfiyyəti,  pedaqoji universitetlərin səviyyəsi, davamlı peşəkar inkişaf imkanları, sertifikasiya modelinin elmi əsaslandırılması, imtahan məzmununun kurikulumla uyğunluğu,  regionlar üzrə təhsil resurslarının fərqliliyi  məsələlərini  kompleks araşdırılmasını tələb edir.

Yüksək uğursuzluq faizi yalnız fərdi deyil, həm də institusional problemin göstəricisi ola bilər.  Əgər sistem hər il böyük sayda müəllimi uğursuz hesab edirsə, o zaman əsas sual müəllimlərdən əvvəl onları hazırlayan təhsil sistemə ünvanlanmalıdır.  Məhşur bir kəlamda da deyildiyi kimi “pis şagird, pis müəllim, pis məktəb yoxdur, pis təhsil sistemi var”.

Təhsil idarəçiliyində rəqabətədavamlılıq problemi

Təhsil sisteminin keyfiyyəti yalnız müəllim və şagirdlərlə müəyyən olunmur. Ən vacib komponentlərdən biri təhsil idarəçiliyidir.   İdarəçilərin strateji planlaşdırma, təhsil iqtisadiyyatı, rəqəmsal transformasiya, dəyişikliklərin idarə olunması və innovasiya siyasəti üzrə yüksək kompetensiyalara malik olması  çox vacibdir.   Əgər idarəetmə qərarları elmi araşdırmalara deyil, inzibati yanaşmalara əsaslanırsa, uzunmüddətli inkişaf təmin edilə bilməz.

Bu baxımdan təhsil menecerlərinin fəaliyyətinin də obyektiv indikatorlarla qiymətləndirilməsi vacibdir. Onların peşəkarlığı yalnız  təsadüfən  vəzifə tutmaları ilə deyil, rəhbərlik etdikləri sistemin nəticələri ilə ölçülməlidir.  Müxtəlif ölkələrin, o cümlədən Qazaxıstanın təhsil islahatları göstərir ki, güclü idarəetmə, beynəlxalq təcrübənin öyrənilməsi və nəticəyönümlü siyasət təhsil keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır. Bununla belə, ölkələr arasında müqayisələr aparılarkən sosial-iqtisadi şərait, maliyyələşdirmə modeli və institusional fərqlər də nəzərə alınmalıdır.

Rəqabətədavamlılıq haqqında bəyanatlar necə qiymətləndirilməlidir?

Dövlət qurumlarının ictimaiyyətə motivasiyaedici mesajlar verməsi təbiidir. Lakin elmi yanaşmada hər bir iddia ölçülə bilən indikatorlarla təsdiqlənməlidir.  “Gənclərimiz rəqabətədavamlıdır” fikrini qiymətləndirmək üçün beynəlxalq qiymətləndirmələrdə nəticələr, universitetlərin qlobal reytinqləri, məzunların məşğulluq göstəriciləri, innovasiya və patent statistikası, yüksək texnologiyalar sektorunda məşğulluq, beynəlxalq olimpiadalarda və elmi müsabiqələrdə uğurlar, əmək məhsuldarlığı və yüksək əlavə dəyər yaradan sahələrdə iştirak   kimi  göstəricilər mühüm əhəmiyyət daşıyır.  Belə göstəricilər təqdim edilmədən ümumiləşdirilmiş qiymətləndirmələr daha çox siyasi ritorika təsiri bağışlaya bilər.

Strateji çıxış yolu

Azərbaycan təhsilinin rəqabətədavamlılığının artırılması üçün kosmetik dəyişikliklər kifayət etmir.  Sistemli transformasiya üçün ciddi addımlar atılmalıdır. Bunlardan bəzilərini təklif edə bilərik:

  • məktəb təhsilində fundamental biliklərin gücləndirilməsi;
  • dərslik və kurikulumların elmi ekspertizaya əsaslanan yenilənməsi;
  • repetitor asılılığının səbəblərinin aradan qaldırılması;
  • müəllim hazırlığı sisteminin müasirləşdirilməsi;
  • ali təhsildə tədqiqat və innovasiya ekosisteminin inkişafı;
  • universitet-sənaye əməkdaşlığının gücləndirilməsi;
  • süni intellekt və rəqəmsal bacarıqların bütün təhsil pillələrinə inteqrasiyası;
  • təhsil idarəçiliyində peşəkar menecment modelinin tətbiqi;
  • nəticəyönümlü, müstəqil və şəffaf monitorinq sisteminin qurulması.

Beləliklə, təhsildə   rəqabətədavamlılıq inzibati qərarla elan edilən status deyil. O, uzunmüddətli, elmi əsaslandırılmış və keyfiyyət yönümlü təhsil siyasətinin nəticəsidir.  Azərbaycan cəmiyyətində yüksək istedad və fərdi uğur nümunələri mövcuddur. Lakin bu nümunələr bütövlükdə təhsil sisteminin səmərəlilik göstəricisi kimi təqdim edilə bilməz. Sistemin keyfiyyəti onun orta nəticələri ilə qiymətləndirilir.

Əgər məktəb məzunlarının öyrənmə nəticələri zəifdirsə, repetitorluq geniş yayılıbsa, müəllim hazırlığında ciddi problemlər müşahidə olunursa və ali təhsil beynəlxalq rəqabətdə arzu olunan mövqedə deyilsə, bu problemləri açıq şəkildə etiraf etmək və onların səbəblərini elmi metodologiya ilə araşdırmaq daha səmərəli yanaşmadır.

Sertifikasiya və MİQ imtahanlarında yüksək uğursuzluq göstəriciləri təkcə müəllimlərin deyil, bütövlükdə müəllim hazırlığı sisteminin vəziyyəti barədə düşünməyə əsas verir. Eyni qaydada, məktəblilərin zəif  öyrənmə nəticələri də yalnız şagirdlərin deyil, kurikulumun, dərsliklərin, müəllim hazırlığının, qiymətləndirmə sisteminin və təhsil idarəçiliyinin birgə fəaliyyətinin zəif nəticəsi kimi qiymətləndirilməlidir.

Rəqabətədavamlı insan kapitalı yalnız güclü məktəb, müasir universitet, peşəkar müəllim, elmi əsaslı idarəetmə və davamlı innovasiya mühiti üzərində formalaşa bilər. Təhsil siyasətinin əsas məqsədi problemləri gizlətmək və ya uğurları şüar səviyyəsində təqdim etmək deyil, onları obyektiv məlumatlar əsasında qiymətləndirmək və sistemli islahatlarla aradan qaldırmaq olmalıdır. Yalnız bu halda “rəqabətədavamlı insan kapitalı” anlayışı siyasi ritorikadan çıxaraq ölkənin real inkişaf strategiyasına çevrilə bilər.

Iqtisadiyyatımızın rəqabətədavamlı olması üçün, təhsilimizin, menecerlərimizin, insan kapitalımızın da rəqabətədavamlı olması zəruridir.  Gələcək iqtisadi transformasiyaların nəticəsi məhz bu amillərdən asılı olacaqdır.

Dosent İlham Əhmədov