Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar, müğənni və ictimai-siyasi xadim Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı mediada yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Belə ki, P.Bülbüloğlunun üçüncü dəfə Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərova ilə ailə həyatı qurduğu bildirilir. Sosial şəbəkələrdə isə gec yaşda boşanmanın və evliliyin doğru olmadığı, gənclərə yaxşı örnək olmadığı bildirilir.
Tribuna.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən tanınmış psixoloq Gülnar Orucovanın sözlərinə görə, boşanmaq heç zaman gec deyil.
O bildirib ki, hər bir insanın özünə hörməti olmalıdır: “Bir dəfə Rusiyanın məşhur estrada ulduzu Alla Puqaçova bir çıxışında bildirib ki, mən 6 dəfə ailə qurmuşam və buna baxmayaraq mən heç bir həyat yoldaşıma xəyanət etməmişəm və birini bəyənmişəmsə, ayrılıb sonra başqası ilə ailə həyatı qurmuşam. Ümumiyyətlə boşanmaq bir mədəniyyətdir. Biri-biri ilə evli qalıb, hər gün alçaltmaq, təhqir etmək, bəlkə zamanında şiddət görülüb və ya döyülüb uşağa da stress yaşatmaqdansa, xoş olmayan, narahat edən evliliyi yaşamaqdansa, boşanmaq məhz bunlara görə mədəniyyət sayılır. İnsan ömrünün müəyyən yaşını xüsusilə də Azərbaycanda övladlarına həsr edir, övladı üçün qurur, yaradır. Bu, dünyanın heç bir yerində yoxdur. Avropa dövlətlərində uşağın 18 yaşı olanda deyilir ki, sərbəstsən, özün pul qazan yaşa… Ancaq bizim dövlətdə belə deyil. Bizim dövlətdə isə insan ömrünü uşağına həsr edir və 45-50 yaşa çatanda isə anlayır ki, bunun sərmayəsi ya boş yerə gedib, ya da övladı valideynini daha böyük xərclərə salır. Problemlər ortalığa çıxır. İnsan öz dəyərini 50 yaşında anlamağa başlayır. Bu gün insan 80-90 yaşında boşanırsa, deməli, o geridə qalan ömrünü daha xoşbəxt yaşamaq istəyir”.
Psixoloq qeyd edib ki, bu gün Polad Bülbüloğlunu qınamaq lazım deyil, onu cəsarətinə görə alqışlamaq lazımdır: “O, xəyanət də edə bilərdi, yetəri qədər imkanı var tanınmış şəxsdir. Amma bəzi insanlar 80 yaşında belə xəyanəti özünə ar bilir və ayrılır, yenidən evlənir. Mən bu gün həqiqətən deyə bilərəm ki, Polad Bülbüloğlu bir örnəkdir. Hər kəs bilməlidir ki, alınmırsa, 81 yaşında da ayrıla bilərsən. Bunu qınayanlar ancaq cəsarəti olmayanlar, boşanmaq istəyib boşana bilməyənlər, öz ayaqları üzərində dayana bilmədiyi üçün boşana bilməyənlərdir. Görün kişi hansı səviyyədə olmalıdır ki, 81 yaşında belə səni özündən yaşca kiçik bir xanım həyat yoldaşı olaraq görsün və qəbul etsin. Yəni buna pis baxılmalı deyil, alqışlanmalıdır. Bir insan sənin xoşuna gəlmirsə, xasiyyəti uyğun deyilsə o insanın münasibəti sənə əvvəlki kimi deyilsə, dəyişibsə niyə ondan ayrılmayasan? Özünüzə hörmət edin, özünüzü sevin, qədrinizi bilin, heç kimə görə ömrünüzü, həyatınızı qurban verməyin. Yaş az olanda insan bunu düşünmür, amma yaş artdıqca düşünür”.
Xatırlatma: Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə anadan olub. Hazırda 81 yaşı olan sənətkarın əvvəlki evliliklərindən 3 övladı var.









