Şəhid atasından Adil Əliyevlə bağlı prezidentə müraciət: “Araşdırılsın” – Video

Şəhid atasından Adil Əliyevlə bağlı prezidentə müraciət: “Araşdırılsın” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid atası Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin fəaliyyəti ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Tribuna.az xəbər verir ki, videomüraciətdə şəhid atası əsas diqqəti Hövsan qəsəbəsində torpaq sahələri ilə bağlı məsələlərə yönləndilib.

Şəhid atası bəzi ərazilərin satıldığını iddia edib və bununla bağlı konkret ünvanlar göstərərək araşdırma aparılmasını istəyib.

Şəhid atasının sözlərinə görə, Adil Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən töhmət aldıqdan sonra onun evinə gələrək kömək istəyib. O bildirib ki, buna baxmayaraq, sonradan Hövsanda soğan yetişdirmək üçün istifadə etdiyi torpaq sahəsindən məhrum olub. Səbəb kimi isə həmin torpaqdan istifadənin qanunsuz olduğu göstərilib.

Şəhid atası hesab edir ki, onun torpaq məsələsində üzləşdiyi münasibətlə imkanlı şəxslərin eyni ərazilərdə torpaq sahələrindən istifadəsinə yanaşma arasında ciddi fərq var. O, videoda bu iddiasını əsaslandırmaq üçün bir neçə ünvanı da göstərib.

Müraciət müəllifi Prezidentdən səsləndirdiyi iddiaların araşdırılmasını, qeyd etdiyi torpaq sahələrinin hüquqi statusunun müəyyənləşdirilməsini və məsələ ilə bağlı hüquqi qiymət verilməsini xahiş edib.

Müraciətdə səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

Şəhid atasının videomüraciətini təqdim edirik.

Gülşən Rəsul