İyunun 1-də ölkə ictimaiyyətini sarsıdan hadisələrdən biri şəhid xanımına qarşı törədilən zorakılıq olub. Məlumata görə, şəhid xanımı qaynatası tərəfindən bıçaqlanıb. Hadisənin ailədaxili mübahisə zəminində baş verdiyi, mübahisənin səbəbi kimi isə şəhid ailələrinə verilən aylıq müavinət kartının göstərildiyi bildirilir.
Tribuna.az xəbər verir ki, bu hadisə cəmiyyətdə böyük rezonans doğursa da, şəhid xanımlarına qarşı zorakılıq və hətta qətl faktları ilk dəfə qeydə alınmır.
Bundan əvvəl də şəhid ailəsində dövlət tərəfindən verilən sosial təminat ətrafında yaranan mübahisənin faciə ilə nəticələndiyi hadisə baş verib.
Belə ki, 2023-cü ildə Abşeron rayonunun Giləzi qəsəbəsində yaşayan şəhid xanımı, 1997-ci il təvəllüdlü Ləman Qurbanova qətlə yetirilmişdi. İstintaq materiallarına görə, qadın qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülmüşdü.
Mediada yayılan məlumatlarda hadisənin səbəbi kimi şəhid ailəsinə verilmiş mənzil ətrafında yaranan mübahisənin dayandığı göstərilmişdi. Bildirilirdi ki, tərəflər arasında uzun müddət davam edən narazılıq sonda ağır cinayətlə nəticələnib.
Hər iki hadisə göstərir ki, şəhid ailələrinə dövlət tərəfindən verilən sosial təminat, mənzil və müavinətlər bəzən ailədaxili münasibətlərdə ciddi qarşıdurma yaradır. Nəticədə şəhidin xatirəsi ətrafında birləşməli olan insanlar arasında münaqişələr baş verir, bəzi hallarda isə bu münaqişələr zorakılıq və qətllə nəticələnir.
Mütəxəssislər hesab edirlər ki, belə halların qarşısının alınması üçün yalnız hüquqi mexanizmlər deyil, həm də ailədaxili münasibətlərdə mənəvi məsuliyyət hissi gücləndirilməlidir. Çünki söhbət təkcə əmlak və ya sosial təminatdan deyil, Vətən uğrunda həyatını qurban vermiş insanların ailələrinin taleyindən gedir.
Son iki ildə baş verən bu faktlar bir daha göstərir ki, şəhid ailələrində yaranan mübahisələrə vaxtında müdaxilə olunmalı, sosial təminatla bağlı məsələlər şəffaf və hüquqi qaydada həll edilməlidir. Əks halda, bu cür faciələrin təkrarlanması riski qalmaqda davam edir.
Nigar İxtiyarqızı









