Qarşıdan müqəddəs Ramazan ayı gəlir. Bu ay yalnız mənəvi təmizlənmə və ibadət dövrü deyil, eyni zamanda orqanizmin qidalanma rejiminin dəyişdiyi xüsusi bir mərhələdir. Gün ərzində uzun saatlar ac və susuz qalmaq bədənin enerji balansına, maddələr mübadiləsinə və ümumi sağlamlığa birbaşa təsir göstərir. Buna görə də Ramazan ayında düzgün və balanslı qidalanma həm ibadətin rahat yerinə yetirilməsi, həm də sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama qida mütəxəsisi, ekspert Ağa Salamov suallarımızı cavablayıb:
— Ramazan ayında sağlam qidalanmanın əsas prinsipləri nələrdir?
— Ramazan ayında sağlam qidalanma təkcə dini praktikaya uyğunlaşmaq deyil. Çox adam bunu səhv salır. Sağlam qidalanma metabolik prosesin adaptasiyasıdır. Uzun müddət ac qalmış orqanizm fizioloji dəyişikliklərlə üz-üzə qalır. Orqanizm nə qədər ac qalırsa, xüsusilə orucluqda buna diqqət etmək lazımdır ki, orqanizmə nə gəldi ötürülməsin. Çünki bu, insanları bir çox xəstəliklərlə üz-üzə qoya bilər. Sahurda sağlam qidalanmaq üçün bizə Omega3 yağ turşuları lazımdır. Bu, zeytun yağında var. Və zeytun yağından, zeytundan hazırlanmış salatlar – kahı, xiyar, pomidor, çuğundur, kartof, brokoli, gül kələmin və bir çox tərəvəzdən hazırlanmış salatlarda mineral-vitamin, Omega3 yağ turşuları əvəzolunmazdır. Və insan orqanizmi üçün də sağlam qidalanmanın əsaslarından biridir ki, bunları insan orqanizminə ötürsün. Sahurda çay içiriksə, yanında əncir qurusu və zeytun olmalıdır. Bunların bir çox möcüzələri var ki, bunlar haqqında elmi məqalə də yazmışam. Elmi əsasları da var ki, bunların insan orqanizmində hüceyrələrə kimi faydası var. Vitamin və minerallarla zəngin olduğu üçün insanı gün ərzində tox tutur. Çünki boş karbohidrat deyil. Qəndlə, mürəbbə ilə, rəngli şirniyyatlarla yox, məhz qara kişmişlə səhər-səhər çay içsinlər. Onun tərkibində antosiyanin maddəsi var ki, bu da gənclik iksiridir. Səhər yumurta yeyə bilərlər. Yumurta Omega3, zülallar, kalsium, D vitamin kompleksi ilə zəngindir. Duzlu şorba içmək olmaz. Çünki insan gün ərzində susuz qalır. Nəzər alsaq ki, bütün gün biz su içmirik və orqanizmdə susama baş verir. Çünki duzlu məhsulları çox istehlak edəndə və daha sonra ac qalanda orucu da rahat keçirmir. Eyni zamanda işlənmiş ət məhsullarından uzaq dursunlar. Kolbasalar, konservləşdirilmiş məhsullar, sosislər duzlu və işlənmiş ət məhsullarıdır. Sahurda ağartı məhsullarına da ehtiyac var. Burada duzsuz pendir, duzsuz kəsmik, qatıq, orqanik xama istifadə edə bilərlər. Zülallara gəlincə, səhər-səhər toyuq şorbası həm yüngül zülaldır, həm də insanı gün ərzində tox tutur. Həmçinin toyuq şorbası mədəyə ağırlıq da vermir. Milli mətbəximizə müraciət edərək, dolma yeyə bilərlər. Bizim mətbəximiz formalaşmış bir mətbəxdir, qorxmasınlar, yesinlər. Heç bir ziyanı da yoxdur. Heç kim dolmadan, plovdan kökəlmir. Ürəkləri istəyən qədər yeyə bilərlər. Sadəcə olaraq, yedikdən sonra yatmaq olmaz. İbadətlə, idmanla məşğul ola bilərlər. Yeyən kimi yatanda, mədədə ağırlaşma baş verir. Çox adam yeyən kimi yatır, günorta durur ki, vaxt keçsin, orucu yola verir. Bu düzgün deyil. Əslində, hərəkətdə olmaq lazımdır ki, yedikləri həzm olunsun və orqanizm özünü yeniləyə bilsin.
— İftar süfrəsində hansı qidalar üstünlük təşkil etməlidir?
— İftar prosesində sağlam qidalanmaq üçün ilk növbədə su içmək lazımdır. Nəzərə alsaq ki, gün ərzində susuz qalanda, insanın qanında laxtalanma baş verir. Laxtalanmanın qarşısını almaq üçün iftar açanlara hər zaman su təqdim olunur. Elmi olaraq su laxtalanmanın qarşısını alır və qan durulur. Suyu qurtum-qurtum içmək lazımdır. Birdən-birə mədəyə suyu ötürməməlidirlər. Su oturaq vəziyyətdə içilməlidir. Ayaqüstə içmək olmaz, çünki orada yığılan bakteriyalar birbaşa onikibarmaq bağırsağa nüfuz etməsin. İkincisi, şorba içilməlidir və tələsik içmək olmaz. Süfrədə tam buğda unundan hazırlanmış çörək olmalıdır. Zavod çörəyi yeməsinlər. Çünki mədədə bəzən şişkinlik yaradır. Şorbanı içdikdən sonra ən az 15 dəqiqə gözləməlidirlər ki, şoba gedib mədəyə çatsın. Mədə artıq şorbanı həzm etməyə başlamalıdır. Mədə öz turşuluğunu buraxmalıdır. 15 dəqiqə ərzində namaz qıla, ibadətlə məşğul ola, söhbətlər edə bilərlər. Daha sonra ana yeməyə keçə bilərlər. Ana yemək də balanslaşdırılmış karbohidratlar və zülallardan ibarət olmalıdır. Ət, toyuq, balıq olmalıdır. Qırmızı ət yeyəcəklərsə, 200 qramı keçməməlidir. 180-200 qram arasında olmalıdır. 5 şiş kabab yemək, sağlam qidalanma deyil. Ən əsası, ətin növündən asılı olmayaraq, tikəni yaxşı çeynəmək lazımdır. Tikəni çeynəməsələr, tikə mədədə onları çeynəyəcək. Bu da bir elmi əsasdır. Çünki tikəni yaxşı çeynəmədikdə, mədədə ağırlıq, şişkinlik, köp, həzmsizlik, qida dözümsüzlüyü yaradır. Bunlar başlıca səbəblərdir. Ətin yanında sağlam karbohidratlar olmalıdır. Məsələn, brokoli, gül kələmi, rəngli şirin bibərlər, badımcan, kartof, yəni, tərəvəzlərlə zəngin karbohidratlar olmalıdır. Oturan kimi düyüyə üstünlük verməsinlər. Ətin dostu göyərtidir. Göyərti liflərlə zəngin olduğuna görə, ətin həzm olunmasında da faydalıdır. Daha sonra 1 saat, saat yarım fasilə verilməlidir. Sonra istədikləri qədər su da içə bilərlər, şirniyyat da yeyə bilərlər. Azərbaycanın gözəl mətbəxinə aid olan əncirfərəc, tam buğda unundan hazırlanmış halva yeyə bilərlər. İftar bitəndən ən az 2 saat sonra şirniyyat yemək olar. Çaylara gəlincə, təbii dağ otlarından hazırlanmış itburnu, nanəli kəklikotu, reyhan çayı və s. içə bilərlər. Burada ən vacib məqam isə 3 dənədən artıq bitkini qarışdırmaq olmaz. Rəngli və qazlı içkilərdən qəti şəkildə uzaq durulmalıdır. Çünki qazlı içki bütün gün boş qalan mədədə köp və şişkinlik əmələ gətirir. Bu içkilərin tərkibində olan şəkər süni şəkərdir. Bunun əvəzinə kompotlara üstünlük versinlər. Bu dəqiqə heyva mövsümüdür. Alma, heyva, mövsümi meyvələrdən kompot hazırlayıb içə bilərlər. Xanımlar tənbəllikdən uzaq dursunlar. Modern olmaq olar, əslində, modernləşmə milli mətbəxi baş tacı kimi qoruyub ailədə təbliğ etməkdir.
Söhbətləşdi: Dəniz Pənahova










