Blogger “Arzum” ləqəbli şəxsə tətbiq olunmuş 5 il 2 ay azadlıqdan məhrum edilmə cəzası biraz ağır, qeyri-mütənasib kimi görsənir. Ümid edirəm apellyasiya məhkəməsi bu müddəti azaldar. Çünki qəza keçirən avtomobilin də hadisədə müəyyən təqsirini təxmin etmək olur.
Tribuna.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O bildirib ki, bu qəzada bir tərəfin deyil, iki tərəfin də təqsiri olduğu nəzərə alınmalıydı:
“Bu yazım hüququ tətbiq edənlərə aiddir.
Xarici ölkələrin hüququnda zərər vurma və digər hüquqa zidd nəticə yaradan hallarda təqsir müəyyən edilərkən, varsa – “təqsirin bölüşdürülməsi” institutu tətbiq olunur.
Xüsusilə avtomobil qəzalarında da buna yol verilir. Əgər hər iki tərəfin hadisədə müəyyən təqsiri olduğu müəyyən olunursa, məhkəmə buna bir nisbət müəyyənləşdirərək, zərər vuranın məsuliyyətini həmin nisbətdə azaldır.
Məsuliyyət istisna olunmur, amma azaldılır.
Bizdə də cinayət işlərində, delikt hüququnda, müqavilədən irəli gələn pozuntularda bu institut tətbiq olunmalıdır.
Bu baxımdan blogger “Arzum” ləqəbli şəxsə tətbiq olunmuş 5 il 2 ay azadlıqdan məhrum edilmə cəzası biraz ağır, qeyri-mütənasib kimi görsənir. Ümid edirəm apellyasiya məhkəməsi bu müddəti azaldar.
Çünki qəza keçirən avtomobilin də hadisədə müəyyən təqsirini təxmin etmək olur – sürətin aşılması, kəmərlərin taxılmaması, idarəetmənin itirilməsi vs dəqiqləşdirilməlidir.
Ümumiyyətlə ilk dəfə ehtiyatsızlıqdan törədilən cinayətlərdə şərti məhkumetmə islah məqsədinə daha yaxşı xidmət edir; digər tərəfdən ölüm hallarında zərərçəkmiş şəxslərin hüquqi varislərinə ödəniləcək kompensasiya məbləği ilə bağlı praktika dəyişilməlidir; mənəvi zərər məbləği artırılmalıdır. İşlərimizin birində həkim səhvinə görə 75.000 azn mənəvi zərərə dair qətnamə ala bilmişdik; amma sonra belə bir praktika formalaşmadı”.
Gülşən Rəsul










