Nobelə “zarafatlı rəqib” ABŞ-dan gedir: Şnobel mükafatı artıq Avropada keçiriləcək

Nobelə “zarafatlı rəqib” ABŞ-dan gedir: Şnobel mükafatı artıq Avropada keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, 2026-cı ildə satirik elmi mükafat olan Şnobel mükafatı ilk dəfə ABŞ-dan kənarda keçiriləcək. Təşkilatçılar vizalarla bağlı risklərə görə mərasimi Sürix şəhərinə köçürmək qərarına gəlib.

Qərarın səbəbi

Qərar martın 9-da mükafatın təşkilatçısı olan Annals of Improbable Research jurnalı tərəfindən açıqlanıb. Nəşr “insanları əvvəl güldürən, sonra düşündürən” tədqiqatları işıqlandırır.

36-cı mərasim 3 sentyabr tarixində Sürixdə keçiriləcək və bu, ənənəvi olaraq Nobel mükafatı elanından bir neçə həftə əvvəl baş tutacaq.

ABŞ niyə seçilmədi?

Son 35 ildə mükafat hər zaman ABŞ-da təqdim olunurdu. Lakin təşkilatçılar bildirir ki, hazırda ölkəyə səfər bəzi iştirakçılar üçün riskli ola bilər.

Mərasimin aparıcısı və jurnalın redaktoru Mark Abrahams qeyd edib ki, artıq laureatları və jurnalistləri “rahatlıqla ABŞ-a dəvət etmək mümkün deyil”.

Bu narahatlıqlar Donald Trump administrasiyasının sərt miqrasiya siyasəti ilə əlaqələndirilir. Son dövrlərdə deportasiya halları, o cümlədən tələbə və turist vizası olan şəxslər arasında da artıb.

2025-ci il mərasimi uğursuz oldu
Son 35 il ərzində qaliblər mükafatlarını almaq üçün ABŞ-a gəlir və ənənəvi olaraq kağız təyyarələr “yağışı” altında qarşılanırdılar. Mərasim əsasən ölkənin ən məşhur ali təhsil ocaqlarından olan Harvard Universiteti, Boston Universiteti və ya MITdə keçirilirdi.

2025-ci ildə növbə Bostonə çatmışdı. Lakin 10 qalibdən 4-ü təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən mərasimə qatılmaqdan imtina etdi.

The Guardian xatırladır ki, həmin il qaliblər arasında olduqca maraqlı tədqiqatlar yer almışdı. Yaponiyalı alimlər inəkləri zebra kimi boyamağın onları milçək dişləmələrindən qoruyub-qorumadığını araşdırmışdı. Afrika və Avropadan olan digər tədqiqatçılar kərtənkələlərin hansı pizzaya üstünlük verdiyini öyrənmişdi. Başqa bir araşdırma isə spirtli içkidən sonra insanların xarici dildə danışmaq qabiliyyətinin artdığını göstərmişdi.

İsveçrəlilərin yumor hissi necədir?

Bu il mərasim İsveçrənin aparıcı elmi qurumlarının dəstəyi ilə keçiriləcək. Bunlara ETH Zurich və Sürix Universiteti daxildir. Təşkilatçı Mark Abrahams bildirib ki, ənənəyə uyğun olaraq qaliblər yenə də kağız təyyarələrlə qarşılanacaq.

Onun sözlərinə görə, İsveçrə dünyaya bir çox qeyri-adi və dəyərli yeniliklər bəxş edib – bu siyahıya Albert Einsteinin nəzəriyyələri, bank sistemi və məşhur saat ənənələri daxildir. İndi isə bu ölkə qeyri-adi ideyaları olan insanları həm yumorla, həm də layiqincə qiymətləndirmək imkanı yaradacaq.

Bildirilib ki, Şnobel mükafatı bundan sonra hər iki ildən bir Sürixdə keçiriləcək, digər illərdə isə Avropanın müxtəlif şəhərlərində təşkil olunacaq və bu qərar müvəqqəti deyil – mükafatın ABŞ-a qaytarılması planlaşdırılmır.

Mükafatın tarixi və ən maraqlı qaliblər
Qeyd edək ki, Şnobel mükafatı ilk dəfə 1991-ci ildə təsis olunub. Bu mükafatın məqsədi əvvəlcə insanları güldürən, sonra isə düşündürən qeyri-adi elmi araşdırmaları diqqətə çatdırmaqdır. Ən maraqlısı isə odur ki, bəzi alimlər əvvəl Şnobel, sonra isə hətta Nobel mükafatı belə qazanıblar.

İllər ərzində qaliblər arasında kifayət qədər qəribə və maraqlı araşdırmalar yer alıb:

1996-cı ildə Alan Sokal elmi məqalə adı altında mənasız mətn dərc etdirərək akademik sistemin zəifliklərini ifşa etdiyi üçün mükafata layiq görülmüşdü

2000-ci ildə Andre Geim qurbağanı maqnit sahəsində havada “uçurtduğuna” görə Şnobel qazandı (o, sonradan Nobel də aldı)

2004-cü ildə Johan Pettersson və komandası siyənək balıqlarının qaz buraxarkən çıxardığı səsləri araşdırdıqları üçün mükafat aldı

2010-cu ildə britaniyalı alimlər qrupu pivənin ağcaqanadları insanlara daha çox cəlb etdiyini sübut etdiklərinə görə qalib oldu

2013-cü ildə Bert Tolkamp inəklərin nə vaxt uzanacağı barədə uzun müddət “düşünüb-düşünmədiyini” araşdırdığı üçün seçildi

2016-cı ildə Thomas Thwaites keçi kimi yaşamağa çalışdığı eksperimentə görə mükafat aldı

2019-cu ildə alimlər uşaqların niyə bəzən öz başlarını divara vurduğunu araşdırdıqları üçün qalib oldular

2021-ci ildə tədqiqatçılar insanların saqqalının üzə gələn zərbələri nə qədər yumşaltdığını öyrəndiklərinə görə mükafat aldılar

2022-ci ildə Mariska Kret insanların bir-birinin saqqız çeynəməsini izləyərkən niyə bunu təqlid etdiyini araşdırdığı üçün qalib oldu

2023-cü ildə isə alimlər cansız obyektlərin də bir növ “nəbz” kimi ritmik hərəkətlər göstərə biləcəyini sübut etdiklərinə görə seçildilər

Beləliklə, bu mükafat illərdir həm elmi dünyada, həm də ictimaiyyətdə fərqli yanaşması ilə seçilir və “ciddi elmin qeyri-ciddi tərəfi” kimi böyük maraq doğurur.

İmran Kərimli