Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyində olan “VEANAS” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid “Ecegen Med Klinika”da planlı (növbəti) yoxlama aparıb.
Tribuna.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, yoxlama zamanı aşkarlanan pozuntularla bağlı “Ecegen Med Klinika” barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) ilə protokol tərtib edilib.
2026-cı il tarixli planlı (növbəti) yoxlama aktına əsasən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs — Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada yoxlama zamanı sertifikatsız, ali və ya orta ixtisas tibb təhsili olmayan masajçı Şahidin əmək müqaviləsi ilə “fizioterapevt” işi üzrə tibb fəaliyyətini (masaj prosedurları) həyata keçirdiyi faktı aşkar edilib.
Məhkəmənin qərarı ilə “Ecegen Med Klinika” İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 6000 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “VEANAS” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Əhmədov Faxrəddin Mehdi oğludur.









