Tribuna.az xəbər verir ki, İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 5 fələstinli, o cümlədən iki uşaq həlak olub. Bu barədə Reuters tibb işçilərinə və HƏMAS mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Qəzzanın şimalındakı Şeyx Radvan ərazisində avtomobilə endirilən zərbə nəticəsində azı iki nəfər, o cümlədən bir uşaq ölüb, 7 nəfər yaralanıb.
Şahidlərin sözlərinə görə, ilk zərbədən sonra yaralılara kömək etmək üçün hadisə yerinə toplaşan insanların yaxınlığına da ikinci zərbə endirilib. Reuters görüntüləri müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.
İsrail ordusu ərazidə bir silahlının vurulduğunu açıqlayıb, lakin hadisə ilə bağlı əlavə məlumat verməyib.
Bundan başqa, Qəzzanın şimalındakı Cəbəliyyədə Britaniyanın “Medical Aid for Palestinians” xeyriyyə təşkilatının dəstəklədiyi tibb mərkəzində bir xəstənin öldürüldüyü bildirilib. Təşkilat xəstənin İsrail hərbçilərinə məxsus kvadrokopterdən açılan atəş nəticəsində öldüyünü açıqlayıb.
Qəzzanın cənubundakı Xan Yunisin Əl-Məvasi bölgəsində çadır düşərgəsinə endirilən hava zərbəsi nəticəsində isə bir kişi və 8 yaşlı qız uşağı həlak olub, 14 nəfər yaralanıb.
İsrail ordusu həmçinin Rəfah briqadasının HƏMAS komandirlərindən birinə zərbə endirdiyini açıqlayıb. HƏMAS mənbələri komandirin Nail Əbu Ubeyd olduğunu və öldürüldüyünü bildiriblər.
Reuters-in məlumatına görə, bundan əvvəl Qəzzada İsrailin bir gün əvvəl həyata keçirdiyi zərbələr nəticəsində öldüyü bildirilən Əhməd Əl-Batş və Rəfat Zummar adlı şəxslərin dəfn mərasimləri keçirilib. İsrail ordusu hər iki şəxsin öldürüldüyünü açıqlayıb və Zummarı HƏMAS komandiri kimi təqdim edib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında ABŞ-ın dəstəklədiyi atəşkəs Qəzzada genişmiqyaslı döyüşləri dayandırıb. Bununla belə, İsrailin zərbələri davam edir. Reuters-in məlumatına görə, atəşkəs qüvvəyə mindikdən sonra Qəzzada 1 300-dən çox fələstinli həlak olub.
İmran Kərimli









