Platforma elmi Azərbaycan elminin rəqəmsal transformasiyasının yeni inkişaf modeli olmalıdır
XXI əsr elmi əvvəlki dövrlərin elmindən prinsipial şəkildə fərqlənir. Əgər XX əsrdə elmi potensialın əsas göstəriciləri akademik institutların sayı, laboratoriyaların həcmi və fiziki infrastrukturun miqyası idisə, bu gün əsas rəqabət amili elmi biliklərin yaradılması, onların rəqəmsal platformalarda paylaşılması, beynəlxalq əməkdaşlıq şəbəkələrinin genişliyi və süni intellekt əsaslı tədqiqat imkanları ilə müəyyən edilir. Elm artıq elmi müəssisə iqtisadiyyatından platformalar iqtisadiyyatına, qapalı elmdən açıq elmə, lokal tədqiqatlardan qlobal şəbəkələşmiş tədqiqatlara keçid etmişdir.
Belə bir şəraitdə Azərbaycan elmi qarşısında duran əsas strateji məsələ AMEA-nın fiziki olaraq Bakıdan kənara köçürülməsi deyil, ölkənin elmi sisteminin XXI əsrin tələblərinə uyğun olaraq rəqəmsal transformasiyası və qlobal elmi şəbəkələrə inteqrasiyasıdır. Əgər bu strateji prioritet düzgün müəyyən edilməzsə, inzibati dəyişikliklər və iri tikinti layihələri elmin mahiyyətini dəyişməyəcək, əksinə, məhdud maliyyə resurslarının daha da parçalanmasına səbəb ola bilər.
Elmin problemi coğrafiya deyil, məhsuldarlıqdır
Son 30–35 il ərzində Azərbaycan elmi ciddi struktur problemləri ilə üzləşmişdir. Elmi nəşrlərin beynəlxalq görünürlüğü, yüksək impaktlı jurnallarda nəşrlərin sayı, patentlərin kommersiyalaşdırılması, beynəlxalq qrantlarda iştirak, gənc alimlərin elmə cəlb edilməsi və elmi nəticələrin iqtisadi dəyərə çevrilməsi sahəsində mövcud göstəricilər ölkənin malik olduğu potensialı tam əks etdirmir.
Bu problemlərin əsas səbəbləri elmin maliyyələşdirilməsinin məhdudluğu; müasir laboratoriya və rəqəmsal tədqiqat infrastrukturunun çatışmazlığı; universitet–AMEA–biznes əməkdaşlığının zəifliyi; beynəlxalq elmi konsorsiumlara inteqrasiyanın məhdudluğu; süni intellekt və rəqəmsal texnologiyaların elmi proseslərə gec tətbiqi; layihə əsaslı rəqabətli maliyyələşmə mexanizmlərinin kifayət qədər inkişaf etməməsidir.
Bu problemlərin heç biri elmi institutların şəhər daxilində və ya şəhərdən kənarda yerləşməsi ilə bağlı deyil. Onların hamısı elmi idarəetmə, maliyyələşmə modeli, insan kapitalı və rəqəmsal infrastrukturla əlaqədardır.
Görəsən Azərbaycan elmi yeni binalara ehtiyac duyur, yoxsa yeni inkişaf modelinə?
Məhdud resursların strateji istifadəsi
İqtisadiyyat elmində əsas prinsiplərdən biri alternativ xərclər prinsipidir. Hər hansı istiqamətə yönəldilən maliyyə vəsaiti digər istiqamətlərdən imtina etmək deməkdir. Əgər yüz milyonlarla manat yeni inzibati binaların tikintisinə, kommunikasiya xətlərinin çəkilməsinə və köçürülmə prosesinə sərf olunacaqdır. Amma həmin vəsait bu strateji istiqamətlərə yönəldilə bilərdi: beynəlxalq səviyyəli laboratoriyaların yaradılması; yüksək məhsuldarlıqlı hesablama mərkəzləri; süni intellekt əsaslı elmi platformalar; açıq elm infrastrukturu; beynəlxalq qrant proqramları; gənc alimlərin dəstəklənməsi; ortaq elmi avadanlıq şəbəkəsi; rəqəmsal tədqiqat mühiti.
Başqa sözlə, seçim bina ilə elm arasında deyil. Seçim betonla bilik, daşla innovasiya, inzibati layihələrlə elmi məhsuldarlıq arasındadır. İqtisadi artımı “0” olan, iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün innovativ inkişaf yolunu seçən ölkə, belə strateji səhv edə bilməz.
Dünya elmi artıq yeni mərhələyə daxil olmuşdur
Son onillikdə aparıcı dövlətlərin elm siyasətində mühüm dəyişikliklər baş vermişdir. Əsas prioritet artıq yeni institutların yaradılması deyil, mövcud elmi potensialın rəqəmsal platformalar vasitəsilə inteqrasiyasıdır. Bu transformasiyanın əsas istiqamətləri açıq elm; açıq məlumatlar; süni intellekt dəstəkli elm; virtual tədqiqat mühiti; paylaşılmış elmi infrastruktur, bulud əsaslı elm; şəbəkələşmiş tədqiqatlardır.
Bu yanaşmaların hamısını birləşdirən ümumi xüsusiyyət odur ki, elmin əsas təşkilati vahidi artıq bina deyil, rəqəmsal platformadır.
Platforma elmi yeni inkişaf modelidir
Azərbaycan üçün perspektivli istiqamət platforma elmi modelinə keçiddir. Bu model universitetləri, AMEA institutlarını, dövlət tədqiqat mərkəzlərini, özəl sektor laboratoriyalarını və beynəlxalq tərəfdaşları vahid rəqəmsal elmi platformada birləşdirən inteqrasiya olunmuş ekosistem nəzərdə tutur.
Belə sistem milli elmi bulud platforması; virtual milli tədqiqat mühiti; milli elmi avadanlıq portalı; süni intellekt elmi köməkçisi; açıq elm platforması; milli elmi məlumat bazası; texnologiya transfer şəbəkəsi; universitet–AMEA–biznes əməkdaşlıq platforması kimi elementlərdən ibarət ola bilər. Bu modeldə alimlərin eyni şəhərdə və ya eyni binada işləməsi əsas şərt deyil. Əsas məsələ onların vahid rəqəmsal mühitdə bilik, məlumat və resursları paylaşaraq birgə tədqiqat aparmasıdır.
Süni intellekt elmi təşkilatlanmanı dəyişir
Generativ süni intellekt və böyük verilənlər texnologiyaları elmi fəaliyyətin təşkilini köklü şəkildə dəyişdirir. Sİ artıq yalnız informasiya axtarışı vasitəsi deyil, elmi ədəbiyyatın təhlili, hipotezlərin formalaşdırılması, eksperimentlərin planlaşdırılması, məlumatların emalı və nəticələrin vizuallaşdırılması proseslərində mühüm rol oynayır.
Belə şəraitdə elmin rəqabət qabiliyyəti yeni binalarla deyil, alimlərin bu texnologiyalara çıxışı ilə müəyyən edilir. Süni intellektə əsaslanan elmi platformalar Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirak imkanlarını genişləndirə, tədqiqatların keyfiyyətini yüksəldə və elmi məhsuldarlığı artırmağa kömək edə bilər.
Yeni elm siyasətinin prioritetləri
Platforma əsaslı yeni elmi siyasətin reallaşması üçün Azərbaycanın elminin əsas prioritetləri milli platforma elm strategiyasının hazırlanması; virtual milli tədqiqat mühitinin yaradılması; AMEA–universitet–biznes inteqrasiyasının rəqəmsal platformalar üzərində qurulması; süni intellekt əsaslı elmi infrastrukturun formalaşdırılması; layihə və nəticəyönümlü maliyyələşmə modelinə keçid; açıq elm və açıq məlumat siyasətinin qəbul edilməsi; gənc alimlərin beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının gücləndirilməsi; milli elmi avadanlıq və laboratoriyaların paylaşılmış istifadəsi sisteminin yaradılması olmalıdır.
Bu istiqamətlər fiziki köçürmədən daha az xərc tələb edir, lakin elmi məhsuldarlığa və beynəlxalq rəqabət qabiliyyətinə daha yüksək təsir göstərmək, ölkə iqtisadiyyatına, ölkənin rəqəmsal transformasiyasına və iqtisadi potensialına daha güclü dəstək verə bilər.
Nəticə
Gördüyümüz kimi, Azərbaycan elmi bu gün tarixi seçim qarşısındadır. Birinci yol XX əsrin idarəetmə fəlsəfəsini davam etdirərək inzibati dəyişikliklərə və fiziki infrastrukturun genişləndirilməsinə üstünlük verməkdir. İkinci yol isə XXI əsrin çağırışlarını qəbul edərək elmi sistemin rəqəmsal transformasiyasını, süni intellekt əsaslı tədqiqat mühitinin formalaşdırılmasını və qlobal elmi şəbəkələrə inteqrasiyanı prioritet elan etməkdir.
Hesab edirik ki, bu gün Azərbaycan elminin qarşısında duran əsas strateji vəzifə AMEA-nın əyalətlərə köçürülməsi və yeni inzibati komplekslərin tikilməsi deyil. Əsas vəzifə mövcud məhdud maliyyə resurslarından maksimum səmərə ilə istifadə etməklə, son 35 ildə müxtəlif səbəblərdən zəifləyən elmi potensialı yenidən gücləndirmək, dünya elmində baş verən rəqəmsal transformasiya proseslərinin yaratdığı imkanlardan istifadə etmək və Azərbaycanı platforma əsaslı, rəqəmsal, süni intellektlə dəstəklənən və beynəlxalq elmi şəbəkələrə tam inteqrasiya olunmuş müasir elm sisteminə çevirməkdir.
Yalnız belə bir strateji yanaşma elmi idarəetmənin mahiyyətini dəyişər, Azərbaycan elmini qlobal bilik iqtisadiyyatının fəal iştirakçısına çevirər və milli innovasiya sisteminin əsas hərəkətverici qüvvəsi kimi formalaşdıra bilər.
XXI əsrdə dövlətlərin rəqabət üstünlüyü tikdikləri binalarla deyil, yaratdıqları biliklərlə ölçülür. Buna görə də gələcəyin ən böyük sərmayəsi beton deyil, elmə, alimə və rəqəmsal elmi infrastruktura qoyulan investisiyadır.
Bu strategiya ölkə prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində ölkənin elm sistemi qarşısında qoyduğu vəzifələrin icrasına əlverişli imkanlar açaraq, onun rəqəmsal inkişafını sürətləndirə biləcəkdir.
Tribuna.az









