Gəncə Şəhər İcra Hakimiyyəti “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayıb.
Tribuna.az xəbər verir ki, müqavilədə Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.
Satınalma müqaviləsinin maliyyə dəyəri 1 934 977,66 manatdır.
“Gəncə Körpü Tikinti-2” ASC yol tikintisi və infrastruktur layihələrinin icrası ilə məşğul olan şirkətlərdəndir. Şirkətin reyestr məlumatlarına görə, 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Qanuni təmsilçisi Məhərrəm Aslan oğlu Zeynallıdır.
Şirkətin idarəetmə strukturunda Aqibət Məmmədov Direktorlar Şurasının sədri, Süleyman Rzayev isə İdarə Heyətinin sədri kimi göstərilir. Məhərrəm Zeynallı və İlqar Ağayev İdarə Heyəti sədrinin müavinləridir.
Aqibət Məmmədov müxtəlif illərdə tikinti və yol-nəqliyyat infrastrukturunun inkişafı sahəsində fəaliyyətinə görə dövlət təltiflərinə layiq görülüb. O, 2010-cu ildə “Tərəqqi” medalı, 2012-ci ildə “Əməkdar mühəndis” fəxri adı, 2018-ci ildə isə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
“Gəncə Körpü Tikinti-2” ASC-nin Gəncə şəhərində yolların əsaslı təmiri üzrə bundan əvvəl də dövlət sifarişləri aldığı bildirilir. 2025-ci ildə şirkət eyni istiqamətdə keçirilən tenderlərdən birinin qalibi olub və onunla 2 897 827,35 manat məbləğində müqavilə imzalanıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. O, 2018-ci ildən şəhərə rəhbərlik edir.
qaynarainfo









