ETN rəqəmsal ekosistem yaradır, yoxsa rəqəmsal imitasiya?

ETN rəqəmsal ekosistem yaradır, yoxsa rəqəmsal imitasiya?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan universitetlərində  rəqəmsallaşmanın sistem problemləri
Son illərdə Azərbaycan təhsil sistemində, xüsusən də universitetlərdə  “rəqəmsallaşma”, “rəqəmsal transformasiya”, “rəqəmsal universitet”, “rəqəmsal ekosistem” kimi anlayışlardan tez-tez  istifadə olunur. Müxtəlif  tədbirlərdə, forumlarda,  strateji sənədlərdə universitetlərin rəqəmsal transformasiyası mühüm prioritet kimi  cəmiyyətə təqdim edilir.

Görəsən, Azərbaycan universitetlərində həqiqətən rəqəmsal ekosistem formalaşır, yoxsa yenə də iş görüntüsü üçün  sadəcə  rəqəmsallaşma terminologiyasından istifadə edilir?

Rəqəmsallaşma nədir?  Rəqəmsallaşma  kompüterlərin alınması, internet şəbəkəsinin qurulması,  elektron sənəd dövriyyəsinin tətbiqi deyil. Rəqəmsallaşma idarəetmə fəlsəfəsinin, təhsil proseslərinin, qərar qəbuletmə mexanizmlərinin və insan kapitalının transformasiyasıdır. Bu baxımdan Azərbaycanın ali təhsil sisteminə diqqətlə baxdıqda ciddi konseptual boşluqlar görünür.

Rəqəmsal ekosistem nədir?

Rəqəmsal ekosistem müxtəlif informasiya sistemlərinin, verilənlər bazalarının, tədris platformalarının, idarəetmə mexanizmlərinin, analitik alətlərin və istifadəçilərin vahid rəqəmsal mühitdə inteqrasiyasıdır.

Universitet səviyyəsində rəqəmsal ekosistem   rəqəmsal idarəetmə sistemi, LMS (Learning Management System), distant təhsil platforması, tələbə məlumat sistemi, müəllim fəaliyyətinin analitik monitorinqi, elektron kitabxana, elmi fəaliyyətin rəqəmsal idarə olunması, süni intellekt əsaslı qərar dəstəyi sistemləri, böyük verilənlərin  analizi kimi  komponentləri əhatə etməlidir.  Bu elementlər bir-birindən ayrı deyil, vahid sistem kimi işləməlidir.

Əgər universitetdə yalnız elektron jurnal və ya elektron kabinet mövcuddursa, bunu rəqəmsal ekosistem adlandırmaq metodoloji baxımdan düzgün deyil.

Strategiyasız rəqəmsallaşma mümkün deyil

Bütün inkişaf etmiş ölkələrdə rəqəmsal transformasiya milli strategiyalara əsaslanır. Yəni, əvvəlcə strategiya hazırlanır. Daha sonra  məqsədlər müəyyən edilir, indikatorlar seçilir, rəqəmsal yetkinlik səviyyələri müəyyənləşdirilir, monitorinq mexanizmləri qurulur, maliyyələşmə modeli hazırlanır.  Əgər ölkənin ali təhsil sisteminin rəqəmsal transformasiya strategiyası yoxdursa, universitetlərin rəqəmsallaşması ayrı-ayrı rəhbərlərin təşəbbüslərindən və təsadüfi layihələrdən asılı qalır. Bu halda rəqəmsal transformasiya deyil, rəqəmsal pərakəndəlik, rəqəmsal xaos yaranır.

Azərbaycan ali təhsil sisteminin rəqəmsal transformasiyasının uzunmüddətli konseptual modeli varmı?  

Əgər belə model mövcud deyilsə, rəqəmsal ekosistemdən danışmaq daha çox siyasi və inzibati ritorika xarakteri daşıyır, inkişafa yox, PR və hay-küyə xidmət edir.

Təəssüf ki,  Azərbaycanda nəinki  ali təhsil sisteminin, ümumilikdə  təhsil sisteminin nə informatlaşma, nə də  rəqəmsal transformasiya  strategiyası və konsepsiyası olmayıb. Ona görə də  “2005-2007- ci illər üzrə”   və “2008-2012-ci illər üzrə”  təhsilin  informatlaşması  dövlət proqramları səmərəsiz icra edilib. Sonrakı illərdə isə ümumiyyətlə nə strategiya, nə də dövlət proqramı olmayıb. Amma ETN nümayəndəsi deyir ki, son 5 ildə, məktəblərin kompüterlə təchizatı 3-4 dəfə yaxşılaşıb, indi 6 şagirdə 1 kompüter düşür.

Əgər bu sahədə heç bir   strategiya və dövlət proqramı yoxdursa, məktəblərin kompüterləşməsi  hansı konseptual bazada reallaşıb, bunun nəticəsi nədir? Yalnız statistika?  Əgər məktəblərdə təhsilin keyfiyyəti ilbəil enirsə, onda  kompüterlərin  təhsilə nə faydası oldu?  Bəlkə o pulları  kompüterlərə yox, elə müəllimlərin maaşına əlavə edək,   repetitorluğu ləğv edib, məktəbi dirçəldək? Bu  keyfiyyət baxımından daha səmərəli olardı, əgər ETN keyfiyyət axtarırsa.

Rəqəmsal yetkinlik meyarları müəyyən edilibmi?

Dünyanın qabaqcıl universitetləri mütəmadi olaraq rəqəmsal yetkinlik qiymətləndirmələri aparırlar.  Bu qiymətləndirmələr  texnoloji infrastruktur, rəqəmsal liderlik, rəqəmsal pedaqogika,  verilənlərin idarə olunması, süni intellekt inteqrasiyası, kibertəhlükəsizlik, distant təhsil imkanları   kimi  istiqamətləri əhatə edir.

Azərbaycan universitetlərinin hansı rəqəmsal yetkinlik səviyyəsində olması barədə açıq elmi tədqiqatlar və ya milli monitorinq hesabatları mövcuddurmu?  Əgər belə qiymətləndirmələr aparılmayıbsa, hansı əsasla universitetlərin rəqəmsal inkişaf səviyyəsi barədə qərarlar qəbul edilir?  Ölçülməyən inkişaf idarə oluna bilməz.  Bu, idarəetmə elminin fundamental prinsipidir.

Bir neçə il əvvəl tədbirlərin birində, ETN menecerinə  təhsilin rəqəmsal yetkinliyi nədir, niyə lazımdır barədə izahat verdim. Bildirdim ki, bunsuz  rəqəmsallaşma sahəsində heç bir  inkişaf mümkün deyil,  rəhbərliyə bunu çatdır, lazım olarsa, biz belə bir metodologiya hazırlaya və təhsilin rəqəmsal yetkinliyi  monitorinqini apara bilərik.   Amma  ETN-dən səs çıxmadı.

Distant təhsil paradoksu
COVID-19 pandemiyası bütün dünyaya göstərdi ki, distant təhsil artıq əlavə seçim deyil, strateji zərurətdir.  Pandemiya dövründə inkişaf etmiş universitetlər qısa müddətdə tam distant rejimə keçə bildilər. Çünki onların LMS sistemləri, elektron kursları, rəqəmsal resursları və müəllim hazırlığı əvvəlcədən mövcud idi.  Azərbaycan universitetlərinin əksəriyyətində isə distant təhsil əsasən videokonfrans platformalarının istifadəsi ilə məhdudlaşdı.

Əsl distant təhsil sistemi rəqəmsal kurs dizaynı, adaptiv öyrənmə, elektron qiymətləndirmə, öyrənmə analitikası, tələbə fəaliyyətinin monitorinqi kimi komponentlərdən ibarətdir.   Əgər universitetlərin böyük hissəsində bu elementlər hələ də tam formalaşmayıbsa, rəqəmsal universitet anlayışının özü ciddi suallar doğurur.

Təəssüf ki, distant təhsilə 25 il qadağa qoyan təhsil məmurları, bu gün də bu təhsil texnologiyasının mahiyyətini və əhəmiyyətini düzgün anlamırlar. Bununla belə distant təhsilə dair  müxtəlif  beynəlxalq forumlara səfərlər etməyi də unutmurlar.

Təmir prioriteti, yoxsa rəqəmsallaşma prioriteti?

Azərbaycan ali təhsil sistemində xüsusi  araşdırma tələb edən məsələlərdən biri də investisiya prioritetləridir.  Son on ildə universitetlərin bina təmiri, fasad yenilənməsi, divarların boyanması, inzibati otaqların modernləşdirilməsi üçün sərf etdiyi vəsaitlə, LMS sistemləri, rəqəmsal kitabxanalar, bulud texnologiyaları, süni intellekt platformaları, tədris analitikası sistemləri  üçün ayrılan vəsait müqayisə olunubmu? Bu  yalnız maliyyə məsələsi deyil.  Bu, strateji seçim məsələsidir. Belə bir müqayisələr aparılsaydı, ETN-nin fəaliyyətinin səmərəsi aydın olardı.

Universitetlər  XXI əsrdə təmirli binaları  ilə deyil, rəqəmsal imkanları ilə rəqabət aparırlar.

Dünyanın aparıcı universitetlərinin dəyəri onların divarlarında deyil, rəqəmsal bilik infrastrukturundadır.  Əgər doğrudan da təmir xərcləri rəqəmsallaşma xərclərini dəfələrlə üstələyirsə, bu, təhsil siyasətinin prioritetləri barədə, menecerlərin peşəkarlığı haqqında  ciddi düşünməyə əsas verir.

Texnologiya almaq rəqəmsallaşma deyil
Azərbaycanda tez-tez rast gəlinən yanaşmalardan biri texniki avadanlıq alınmasını rəqəmsallaşma kimi təqdim etməkdir. Halbuki, kompüter almaq, server quraşdırmaq, internet sürətini artırmaq, rəqəmsallaşmanın yalnız ilkin mərhələsidir.

Əsas məsələ avadanlıqlar almaq yox,  texnologiyanın təhsil proseslərini necə dəyişdirməsidir. Əgər qərarlar hələ də intuisiya əsasında qəbul edilirsə, universitet rəhbərliyi məlumat əsaslı idarəetmədən istifadə etmirsə,  tələbə nailiyyətləri böyük verilənlər əsasında təhlil  olunmursa,  müəllim fəaliyyətinin rəqəmsal monitorinqi mövcud deyilsə,  onda texnologiya yalnız dekorativ funksiyanı yerinə yetirir.

Süni intellekt dövründə yeni çağırışlar

2025-ci ildən sonra ali təhsilin rəqəmsallaşması artıq LMS və elektron kabinet səviyyəsindən çıxmışdır.  Bu  texnologiya  universitetlərdə  son  25 ildə  tətbiq edilib. Biz bu mərhələdə qəflətdə olmuşuq.  İndi yeni mərhələ başlayıb.  Bu yeni mərhələ süni intellekt əsaslı universitet modelidir.  Bu modeldə  fərdi  öyrənmə,  tədris analitikası, Sİ  köməkçiləri,  ağıllı qiymətləndirmə sistemləri, akademik risklərin proqnozlaşdırılması əsas komponentlərə çevrilir.  Əgər universitetlər hələ də birinci mərhələnin problemlərini həll etməyiblərsə, ikinci mərhələyə keçid ciddi çətinliklərlə müşayiət olunacaqdır.

Beləliklə, görürük ki,  rəqəmsal ekosistem təsadüfi layihələrin, ayrı-ayrı proqram təminatlarının və ya texniki avadanlıqların cəmi deyil. O, strateji baxışa, sistemli idarəetməyə, ölçülə bilən göstəricilərə və davamlı monitorinqə, rəqəmsal pedaogikaya  əsaslanan mürəkkəb inkişaf modelidir.

Bu modelin daşıyıcıları, biliciləri, peşəkarları  ETN-də varmı?  ETN komandası  belə zəif insan  kapitalı ilə, belə mürəkkəb məsələləri 25 il ləngiməklə həll edə biləcəkmi? Yox.

ETN hər zaman onların fəaliyyəti  barədə  verdiyimiz  neqativ proqnozları  öz  səriştəsiz  əməlləri ilə  sübut edib. Yəqin ki, belə də davam edəcəklər.

Bu gün  Azərbaycan ali təhsil sistemi  qarşısında duran əsas məsələ əvvəllər olduğu kimi, yenə də  kompüterlər almaqdan ibarət deyil. Əsas  məsələ  rəqəmsal transformasiyanın elmi-konseptual modelini yaratmaqdır.  ETN-nin və universitetlərin  rəqəmsallaşma strategiyası olmadan, rəqəmsal yetkinlik meyarları müəyyən edilmədən, universitetlərin real vəziyyəti qiymətləndirilmədən,  investisiya prioritetləri yenidən nəzərdən keçirilmədən “rəqəmsal ekosistem” anlayışı yenə də deklarativ və PR xarakteri  daşıyacaqdır.

Bəs ETN nə düşünür?

Universitetlərin rəqəmsal  görünməsini istəyir, yoxsa onların  rəqəmsal işləməsini istəyir? Bu iki yanaşma arasında fərq təkcə texnologiya fərqi deyil, gələcəyin təhsil modelini müəyyən edən strateji fərqdir.

Dosent İlham Əhmədov