Qız Qalasına Azərbaycan bayrağını sancan şəxsin müəmmalı taleyi – 33 ildir xəbər yoxdur

Qız Qalasına Azərbaycan bayrağını sancan şəxsin müəmmalı taleyi – 33 ildir xəbər yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sovet hakimiyyətinin hökm sürdüyü dövrdə Qız Qalasına Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını sancan şəxslərdən biri olan Çingiz Abdullayevin taleyi bu gün də naməlum olaraq qalır. Uzun illər həbsdə və psixiatriya xəstəxanasında saxlanılan, sonradan ABŞ-a, daha sonra isə İsveçrəyə köçən azadlıq mübarizəsi iştirakçısından ailəsi 1993-cü ildən bəri xəbər ala bilmir.

Tribuna.az  xəbər verir ki, 1956-cı il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 38-ci ildönümündə Çingiz Abdullayev və silahdaşı Cahid Hilaloğlu sovet rejiminin qadağalarına baxmayaraq, üçrəngli bayrağımızı Qız Qalasına sancıblar.

Bu cəsarətli addım hər iki gəncin həyatını dəyişib. Onlar sovet təhlükəsizlik orqanlarının təqiblərinə məruz qalıb, həbs edilib və uzun illər ağır şəraitdə yaşamağa məcbur olublar.

Çingiz Abdullayevin sonrakı taleyi barədə isə onun qardaşı qızı Töhfə Eminova 2019-cu ildə Musavat.com-a verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Çingiz Abdullayev 1929-cu ildə Laçın rayonunda anadan olub. Ailə sonradan Bakıya köçüb. Məktəbi bitirdikdən sonra Teatr İnstitutuna daxil olan Çingiz burada Cahid Hilaloğlu ilə tanış olub. Hər iki gənc sovet rejiminə qarşı mübarizəyə qoşulub.

Töhfə Eminova bildirib ki, əmisi siyasi fəaliyyətinə görə ailəsi ilə belə ehtiyatla əlaqə saxlayıb. Əsasən ad günlərində zəng edir, danışığını isə qısa saxlayırmış.

“Çingiz əmim siyasi məsələlərə qarışdığından onu çox görə bilmirdim. Yalnız ad günlərimdə gələ bilsəydi, gələrdi. Gələ bilməsəydi, Moskvadan zəng vurub iki dəqiqəlik təbrik edərdi. Ondan artıq danışmırdı ki, yerini bilməsinlər. Çünki KQB ona nəzarət edirdi”, – deyə o xatırlayıb.

Töhfə Eminovanın sözlərinə görə, hələ uşaq yaşlarında KQB əməkdaşları onu məktəbdən götürərək valideynləri ilə birlikdə Moskvaya aparıblar. Daha sonra ailə Amerika səfirliyinə gətirilib. Məlum olub ki, Çingiz Abdullayev həbs olunarkən səfirliyə sığınaraq siyasi sığınacaq istəyib. Ailə üzvlərini isə onu bu fikrindən daşındırmaq üçün çağırıblar.

20 il psixiatriya xəstəxanasında saxlanılıb

Töhfə Eminova əmisi həyatının ən ağır dövrlərindən birini Maştağa Psixiatriya Xəstəxanasında keçirdiyini bildirib. Onun sözlərinə görə, Çingiz Abdullayev təxminən 20 il həmin müəssisədə saxlanılıb.

Qardaşı qızının iddiasına əsasən, sovet hakimiyyəti onun siyasi fəaliyyətini dayandırmaq məqsədilə ruhi xəstə olması barədə qərar çıxarıb. Halbuki Çingiz Abdullayevin heç bir psixi xəstəliyi olmayıb.

“Əmimin heç bir xəstəliyi yox idi. Danışırdı ki, dərman verəndə içmir, iynə vurmağa qoymur. Buna görə də 20 il xəstəxana həyatına dözdü. Huşunu itirməmişdi. Orada qəzetlər oxuyurdu, bütün məlumatlara sahib idi. Amma danışmırdı, xoflu idi”, – deyə Töhfə Eminova bildirib.

Onun sözlərinə görə, ailə üzvləri tez-tez Çingiz Abdullayevə baş çəkir, ona yemək aparırdılar. Hətta xəstəxananın ən ağır xəstələrin saxlanıldığı bölməsində belə onun nüfuzu və liderlik xüsusiyyətləri hiss olunurdu.

ABŞ-a getdi, daha sonra İsveçrəyə köçdü

Töhfə Eminovanın sözlərinə görə, təxminən 20 ildən sonra xəstəxanadan azad edilən Çingiz Abdullayev ailəsinin yanına qayıtmayıb. KQB-nin nəzarətindən ehtiyat etdiyi üçün əvvəlcə Moskvaya gedib, daha sonra yenidən ABŞ səfirliyinə müraciət edərək siyasi sığınacaq istəyib.

Müraciəti müsbət cavablandırıldıqdan sonra ABŞ-a göndərilib. Çingiz Abdullayev bir müddət Nyu-Yorkda yaşayıb və oradan ailəsinə zəng edərək vəziyyətinin yaxşı olduğunu bildirib.

Daha sonra onun İsveçrənin Bern şəhərinə köçdüyü məlum olub.

Töhfə Eminova əmisi ilə sonuncu dəfə 1993-cü ildə danışdığını deyib. Həmin telefon danışığında Çingiz Abdullayev SSRİ-nin süqutunu böyük sevinclə qarşılayıb.

“1993-cü ildə Berndən zəng vurub bildirdi ki, mən bacardım, SSRİ dağıldı. 1956-cı ildə Qız Qalasından bayrağı asdım, indi isə bu rejimin dağılmasının şahidi oldum. Sonra əlavə etdi ki, narahat olmayın, hər şey yaxşıdır”, – deyə o xatırlayıb.

Töhfə Eminovanın sözlərinə görə, həmin telefon danışığından sonra ailə Çingiz Abdullayevlə bir daha əlaqə saxlaya bilməyib. Onun ailə qurmadığı və ömrünün böyük hissəsini həbs, təqib və mübarizə şəraitində keçirdiyi də bildirilib.

İsveçrədəki həyatı barədə heç bir məlumat yoxdur

Töhfə Eminova illərdir əmisi barədə məlumat əldə etməyə çalışdıqlarını, hətta İsveçrədəki Azərbaycan diasporunun nümayəndələri ilə əlaqə saxladıqlarını bildirib. Lakin bütün cəhdlərə baxmayaraq, onun sonrakı həyatı barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

“İllərdir ki, əmimi axtarıram. İsveçrənin diaspor sədri ilə əlaqə saxladım. O, bizə kömək edəcəyini dedi. Amma indiyə kimi heç kim onun haqqında eşitməyib. Bəlkə də yaşayır, bəlkə də dünyasını dəyişib”, – deyə Töhfə Eminova bildirib.

O, həmçinin Çingiz Abdullayevin İsveçrə səfirliyindən sığınacaq istəməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. Bildirib ki, əmisi Moskvadakı İsveçrə səfirliyinə müraciət etsə də, viza verilənədək oteldə qalması təklif olunub. Lakin KQB əməkdaşları onu oteldə həbs edərək Maştağa Psixiatriya Xəstəxanasına göndəriblər.

Bundan sonra Çingiz Abdullayev ABŞ səfirliyinə üz tutub. Səfirliyə getməzdən əvvəl günlərlə ərazini müşahidə etdiyi, giriş-çıxış saatlarını öyrəndiyi bildirilir. O, səfirliyin nümayəndələrinə belə deyib: “Ya məni öldürün, ya da sığınacaq verin”.

Beləliklə, 1956-cı ildə Qız Qalasına üçrəngli bayrağımızı sancaraq tarixə düşən Çingiz Abdullayevin həyatının sonrakı səhifələri hələ də açılmayıb. Onun harada yaşadığı, nə vaxt vəfat etdiyi, yaxud bu gün həyatda olub-olmadığı barədə ailəsinin heç bir dəqiq məlumatı yoxdur.

Bir vaxtlar azadlıq uğrunda Qız Qalasının zirvəsinə qaldırdığı üçrəngli bayraq bu gün müstəqil Azərbaycanın dövlət rəmzidir. Həmin bayrağı ucaldan şəxslərdən birinin taleyi isə hələ də müəmmalı olaraq qalır.