Vətəndaş Samir Xanəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova ilə bağlı sosial şəbəkədə narazılığını ifadə edib.
Tribuna.az xəbər verir ki, o, Facebook hesabında paylaşdığı müraciətdə adıçəkilən məmurun vətəndaşlara qarşı kobud və laqeyd münasibət göstərdiyini, çoxsaylı şikayətlərin nəticəsiz qaldığını iddia edib:
“ƏƏSMN -da bir zalım, sözün əsl mənasında “qaniçən” Ernest qızı Nərmin Bayramova adlı məmuru var ki, insanlara zülm edib intihara sövq etməkdən həzz alır sanki. Çəkinəcəyi yer yox, çünki kiməsə hesabat vermir zalım əməllərinə görə.
8 ildə onunla bağlı milyonlarla şikayət olub, amma baxılmır”.
Şikayətçinin sözlərinə görə, onun və digər vətəndaşların ünvanladıqları müraciətlərə baxılmır, bu səbəbdən də məsul şəxsin özünü cəzasız hiss etdiyi təəssüratı yaranır.
Samir Xanəliyev aidiyyəti dövlət qurumlarının məsələni araşdırmasını, vətəndaş müraciətlərinə obyektiv baxılmasını xahiş edib.
O, həmçinin Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək problemin həllinə kömək göstərilməsini istəyib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul










