Azərbaycan tarixən Türk dünyası və Qafqazı birləşdirən mühüm coğrafi və mədəni mərkəzlərdən biri olub. Bu gün ölkəmiz Türk dünyası və İslam aləmi arasında həmrəyliyin və əməkdaşlığın güclənməsinə xüsusi önəm verir.
Bu sözləri Tribuna.az-a açıqlamasında Sosial Hüquqların Müdafiə Mərkəzinin sədri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun üzvü Xəzər Teyyublu bildirib. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib və hazırda da bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır:
“Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdış prosesi təmin edilir, dağıdılmış məscidlər və digər tarixi-mədəni abidələr yenidən qurulur.
Ağdam məscidinin bərpası bu siyasətin bariz nümunəsidir.
Xocalı soyqırımı, itkilərin taleyinin müəyyənləşdirilməsi və kütləvi məzarlıqların aşkar olunması Azərbaycanın tarixi yaddaşının mühüm məsələlərindən sayılır.
Eyni zamanda, Qafqaz Albaniyasının qədim irsinin qorunması Azərbaycanın zəngin tarixinin mühüm istiqamətlərindəndir.
Azərbaycan Ermənistanla münasibətdə uzunmüddətli və davamlı sülhün tərəfdarıdır. Bununla yanaşı, dövlətin təhlükəsizliyinin və müvafiq qabiliyyətinin gücləndirilməsi vacib şərt olaraq qalır.
Bu gün Azərbaycanın əsas mesajı sülh, suverenlik, tarixi irsin qorunub saxlanması, Türk dünyası, Qafqaz və İslam aləmi ilə həmrəyliyin daha da gücləndirilməsidir”.
Gülşən Rəsul










