Azərbaycan Musiqi Alətləri Milli İrsimizin Səsi

Azərbaycan Musiqi Alətləri Milli İrsimizin Səsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan musiqisi xalqımızın tarixi, duyğusu və ruhunun səsi kimi əsrlərin dərinliklərindən bu günə qədər gəlib çatmışdır. Bu zəngin irsin ən qiymətli parçası isə milli musiqi alətlərimizdir. Onlar təkcə melodiyanın deyil, həm də xalqın kimliyinin daşıyıcısıdır.

Tribuna.az müəllif hüquqları üzrə ekspert Zamiq Yunisovun məqaləsini təqdim edir.

Qədim köklərdən bu günə kimi

Qobustan qayaüstü rəsmlərində musiqi ifaçılarının və alətlərin təsvirlərinə rast gəlinməsi sübut edir ki, Azərbaycan torpağında musiqi ənənəsi min illər öncədən mövcuddur. O dövrdən bu günə qədər zurna, qaval, nağara kimi alətlər xalq həyatının ayrılmaz hissəsi olmuş, toyların, mərasimlərin, döyüş yürüşlərinin səsini daşıyıb.

Azərbaycanın zəngin musiqi mədəniyyətində hər bir alətin öz yeri və rolu var:

Tar milli musiqimizin ürəyi. Bəstəkarlarımızın klassik əsərlərində tarın səsi Azərbaycanı bütün dünyada tanıdıb.

Kamança muğam sənətinin əsas sütunu. Onun zərif və yanıq səsi insan qəlbinə toxunur.

 

Qaval qadın ifaçılarımızın sevimli aləti, muğam üçlüyünün zərb hissəsidir.

 

Nağara xalqın ritm hissini ifadə edən qədim zərb alətidir.

Balaban və Zurna toyların və xalq şənliklərinin ayrılmaz səsi.

Saz aşıq sənətinin simvolu, dastan və qoşmaların canlı müşayiətçisi.

Muğam üçlüyü,

UNESCO tərəfindən bəşəri irs kimi tanınan Azərbaycan muğamı tar, kamança və qavalın birləşməsindən yaranan səs vəhdətidir. Bu üç alətin harmoniyası xalqımızın mənəvi dünyasının ifadəsidir.

Son illər Azərbaycan musiqi alətləri dünya səhnəsində geniş tanınır. Gənc ifaçılar tarı, kamançanı və sazı müasir musiqi janrları ilə birləşdirərək milli musiqimizi beynəlxalq arenada təbliğ edirlər. Parisdən Tokiyoya qədər səslənən Azərbaycan musiqisi artıq mədəni diplomatiyamızın əsas sütunlarından birinə çevrilib.

“Musiqi alətləri bizim kimliyimizin səsidir”

“Musiqi alətləri sadəcə səs deyil, xalqın tarixini və ruhunu daşıyan varlıqdır. Onların qorunması və müəllif hüquqları baxımından düzgün qeydiyyatı milli irsimizin gələcək nəsillərə çatması deməkdir.”

Azərbaycan musiqi alətləri təkcə sənət vasitəsi deyil, xalqımızın keçmişi, bu günü və gələcəyidir. Onların qorunması, təbliği və hüquqi mühafizəsi milli mədəniyyətimizin davamlılığını təmin edən əsas amillərdəndir.