Son aylarda Azərbaycanda sosial şəbəkələrdə, xüsusilə TikTok və Instagram platformalarında anyunboxing.com adlı layihənin reklamları geniş yayılıb.
Platforma istifadəçilərə çox sadə bir vəd verir: reklamlara baxmaq, tapşırıqları yerinə yetirmək və ən əsası, dostlarını sistemə dəvət etməklə “qısa yoldan” varlanmaq. Lakin Musavat.com-un apardığı dərin araşdırma layihənin fəaliyyətinin əslində müasir dövrün ən təhlükəli maliyyə piramidalarından biri olduğunu sübut edən ciddi siqnallar ortaya çıxarıb.
“Qapalı” sistem və girişi çətinləşdirən “dəvət” tələsi
Anyunboxing.com platformasının iş prinsipi şəffaflıqdan uzaqdır. Saytı dərindən araşdırmaq, daxilindəki “iş təklifləri” və “gəlir imkanları” ilə tanış olmaq üçün cəhd etdikdə, qarşımıza keçilməz bir maneə çıxır: platforma tamamilə qapalı sistem üzərində qurulub. Ora sadəcə internet brauzeri vasitəsilə daxil olub məlumat əldə etmək mümkün deyil. Saytda qeydiyyatdan keçmək üçün mütləq şəkildə artıq sistemin içində olan bir üzvün sizə xüsusi dəvət kodu (invitation code) verməsi tələb olunur. Bu kod olmadan platformaya giriş etmək və ya sistemin arxa planında nələrin baş verdiyini görmək qeyri-mümkündür.
Şəxsən özüm bu dəvət kodunu əldə edərək anyunboxing.com-da qeydiyyatdan keçdim. Platformanın daxilinə girdikdən sonra hər şeyi elə oradaca əldə etdim: qarşımda heç bir real istehsalat, xidmət və ya biznes layihəsi yox idi. Bütün proses yalnız yeni üzvlərin cəlb edilməsi və onların yatırdığı pulların piramida daxilində dövriyyəsi üzərində qurulub. Şirkətin heç bir yaşı yoxdur, hüquqi bazası zəifdir və o, hər an fəaliyyətini dayandıraraq yoxa çıxa biləcək kövrək bir quruluşa sahibdir. Domain 15 fevral 2025-ci il tarixində qeydiyyatdan keçirilib və şirkət iddia edir ki, milyardlarla dəyəri olan Amazon onlarla tərəfdaşdır. Bu barədə bir az sonra…
Blogerlərin “Maşın-Ev” şousu: Aysel Şükürova və “fake” hesablar
Bu piramidanın reklamı üçün kifayət qədər geniş və aqressiv bir şəbəkə qurulub. Sosial şəbəkələrdə “qazanıb maşınımı, evimi aldım” deyə videolar paylaşanların əksəriyyəti ya bu sistemin içində pul qoyub yeni “qurbanlar” axtaranlardır, ya da ümumiyyətlə, real insan olmayan “fake” hesablardır. Onlar insanlarda “gözlə görülən uğur” illüziyası yaratmaq üçün montaj edilmiş görüntülərdən istifadə edirlər. Bəzi videolar montaj deyil, hansısa maşını çəkib “Bunu qazandım” deyirlər. Əsas məsələ, işsiz və ya əlində bir az pulu olan insanları aldatmaq, diqqətlərini çəkməkdir. Rahat pul qazanmaq, sosial şəbəkə hesabında “biznes ledi” yazmaq istəyən qadınlar da bu tələyə rahatlıqla düşür.
Bu piramidanı aktiv şəkildə təbliğ edən blogerlər arasında diqqətçəkən simalardan biri də Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovadır. Aysel Şükürova bu cür şübhəli və insanların cibinə zərər vuran maliyyə sxemlərinin reklamı ilə özünü və izləyicilərini riskə atır. Onun və digər blogerlərin bu layihəni “etibarlı biznes” kimi təqdim etməsi, sadəcə, izləyicilərin etibarından sui-istifadə etməkdir.
Eyni fırıldaq, fərqli adlar…
Gəlin indi bu layihəni reklam edən Instagram səhifəsinə nəzər salaq. Araşdırmanın bəlkə də ən maraqlı hissəsi məhz burada ortaya çıxır.
Məlum olur ki, hazırda “Any Unboxing” platformasını təbliğ edən səhifə daha əvvəl də oxşar layihələrin reklamı ilə məşğul olub. Onların paylaşdıqları əvvəlki layihələrdən biri “SkillBoost” olub. Burada da vədlər eyni idi: reklam izlə, tapşırıqları yerinə yetir, evdən çıxmadan pul qazan və başqalarını sistemə dəvət et.
“SkillBoost” layihəsinin arxasında göstərilən “SKILLBOOST LIMITED” şirkəti Böyük Britaniyada 13 dekabr 2024-cü ildə qeydiyyatdan keçib. Şirkət reyestrdə hələ də aktiv görünsə də, sənədlərdə “active proposal to strike off” qeydi mövcuddur. Bu isə şirkətin qeydiyyatdan çıxarılması və bağlanması prosedurunun başlandığını göstərir.
Diqqət çəkən başqa bir məqam isə odur ki, burada da eyni sxemdən istifadə olunub: Böyük Britaniyada qeydiyyat, yüksək gəlir vədləri, reklam izləməklə qazanc modeli və insanları sistemə cəlb etməyə hesablanmış marketinq kampaniyaları. Any Unboxing layihəsində gördüyümüz bir çox elementlər “SkillBoost”da da mövcud olub.
Vəziyyət hətta o həddə çatıb ki, məşhur Kaspersky antivirus proqramı “SkillBoost” saytını riskli resurs kimi qiymətləndirir. İstifadəçilər saytın ünvanını axtardıqda təhlükəsizlik xəbərdarlığı ilə qarşılaşır və bəzi hallarda sayta giriş məhdudlaşdırılır.
Araşdırma göstərir ki, bu zəncir “SkillBoost”la da bitmir. Ondan əvvəl eyni auditoriyanı hədəf alan “Prosto Matrix” adlı layihə fəaliyyət göstərib. “prosto-matrix.com” domeni üzərindən işləyən sistem də oxşar prinsiplərlə insanlardan vəsait cəlb edib. İştirakçılara yüksək qazanc vəd olunub, yeni üzvlərin cəlb edilməsi təşviq edilib. Lakin bir müddət sonra layihə fəaliyyətini dayandırıb, sayt bağlanıb və iştirakçıların böyük hissəsi vəsaitlərini geri ala bilməyib.
Bütün bunlar belə layihələrin adlarının dəyişsə də, istifadə etdikləri metodların çox vaxt eyni qaldığını göstərir. Bir platforma fəaliyyətini dayandırdıqdan sonra eyni və ya oxşar şəxslərin yeni ad, yeni sayt və yeni reklam kampaniyası ilə yenidən ortaya çıxması maliyyə piramidaları ilə bağlı araşdırmalarda tez-tez rast gəlinən hallardan biridir.
Arzuları reallığa çevirəcəyini deyən Arzu xanım kimdir?
Araşdırma zamanı diqqət çəkən məqamlardan biri də Arzu Musayeva adlı şəxsin müxtəlif layihələrdə ön planda görünməsidir. Açıq mənbələrdə mövcud olan məlumatlara görə, Arzu Musayeva daha əvvəl fəaliyyət göstərmiş “Prosto Matrix” layihəsinin rəhbər şəxslərindən biri kimi təqdim olunub. Hazırda həmin layihənin saytı fəaliyyət göstərmir və sistem dayandırılıb.
Maraqlıdır ki, sonradan adı geniş ictimaiyyətə tanış olmayan media resurslarından birinə verdiyi müsahibədə Arzu Musayeva bu dəfə “Any Unboxing” şirkətinin rəhbəri kimi təqdim edilir. Beləliklə, daha əvvəl oxşar fəaliyyət modeli ilə gündəmə gəlmiş bir layihədə adı hallanan şəxsin indi yeni platformanın rəhbəri qismində ortaya çıxması əlavə suallar yaradır.
Xüsusilə nəzərə alsaq ki, “Prosto Matrix”, “SkillBoost” və “Any Unboxing” layihələrinin təqdimatında istifadə olunan arqumentlər, vəd edilən qazanc modelləri və marketinq üsulları arasında ciddi oxşarlıqlar müşahidə olunur. Bu səbəbdən eyni şəxslərin və ya eyni çevrənin müxtəlif adlar altında fəaliyyət göstərən layihələrdə yenidən ortaya çıxması araşdırılması vacib olan məqamlardan biri kimi diqqət çəkir.
Qeyd edək ki, bu faktlar hər hansı hüquqi qiymətləndirmə deyil, açıq mənbələrdə mövcud məlumatlar və ictimaiyyətə təqdim edilən məlumatlar əsasında aparılan müşahidələrdir. Bununla belə, əvvəlki layihələrlə əlaqələndirilən şəxslərin yeni platformalarda rəhbər və ya təmsilçi qismində çıxış etməsi potensial investorlar və iştirakçılar üçün diqqət yetirilməli məqamlardan hesab oluna bilər.
Araşdırma zamanı diqqət çəkən məqamlardan biri də layihənin sosial şəbəkələrdə paylaşdığı “qaliblər”lə bağlı məzmunlardır.
Belə paylaşımlardan birində Ümbül Qurbanova adlı şəxs guya 290 manatlıq “super qutu” əldə etdikdən sonra Changan markalı avtomobil qazanan qalib kimi təqdim edilir. Paylaşımda onun avtomobil sahibi olduğu bildirilir və o da videoda qazandığını təsdiqləyən açıqlamalar verir.
Lakin bu cür paylaşımların həqiqiliyinin yoxlanılması vacibdir. Xüsusilə son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda foto və videoların manipulyasiya edilməsi, eləcə də reklam məqsədilə həqiqətə uyğun olmayan görüntülərin hazırlanması halları geniş yayılıb.
Əgər bu cür təqdimatlar reallığı əks etdirmirsə və məqsəd insanlarda etimad yaradaraq onları sistemə pul yatırmağa sövq etməkdirsə, bu, hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu məsələlərdən biridir. Çünki vətəndaşlar məhz bu cür “qaliblər”, “uğur hekayələri” və bahalı hədiyyələr barədə paylaşımların təsiri altında maliyyə qərarları verə bilərlər.
Bu səbəbdən aidiyyəti dövlət qurumlarının həmin şəxslərin həqiqətən göstərilən mükafatları əldə edib-etmədiyini, paylaşılan məlumatların reallığa uyğun olub-olmadığını və reklam kampaniyalarının vətəndaşları aldatmağa yönəlib-yönəlmədiyini araşdırması ictimai maraq baxımından əhəmiyyət daşıyır.
Əgər reklam materiallarında iştirak edən şəxslərin həqiqətə uyğun olmayan məlumatlar yaydığı, vətəndaşları bilərəkdən yanlış istiqamətləndirdiyi və ya onları sistemə qoşulmağa sövq etdiyi müəyyən edilərsə, bu məsələyə hüquqi qiymət verilməsi zərurəti yarana bilər.
“İnkar” sindromu və qurbanların psixologiyası
“Any Unboxing” bu tip layihələr arasında ilk nümunə deyil. Bundan əvvəl də “Instpower”, “Farmaniya”, “Crowd-1”, “OCOS”, “Zuerx” və digər oxşar platformalar müxtəlif vədlərlə vətəndaşlardan vəsait toplayaraq sonradan fəaliyyətlərini dayandırıb. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu və buna bənzər çoxsaylı maliyyə piramidası və şübhəli investisiya layihələri ifşa edilib, onların təşkilatçıları və fəal iştirakçıları barəsində əməliyyat tədbirləri həyata keçirilib, çoxsaylı şəxslər həbs olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Bu layihələrin bir çoxunda istifadə olunan sxemlər və təqdim edilən qazanc modelləri bir-birinə çox bənzəyir.
Belə sistemlərin ən təhlükəli tərəflərindən biri isə iştirakçıların düşdüyü psixoloji tələlərdir. İnsanlar müəyyən məbləğdə vəsait yatırdıqdan, yaxınlarını və dostlarını da sistemə cəlb etdikdən sonra layihənin riskli və ya piramida xarakterli ola biləcəyini hiss etsələr belə, bunu etiraf etməkdə çətinlik çəkirlər. Çünki bu, həm özlərinin, həm də ətraflarındakı insanların yanlış qərar verdiyini qəbul etmək deməkdir.
Nəticədə bir çox iştirakçı sistemlə bağlı şübhələri görməzdən gəlir, onu müdafiə etməyə davam edir və başqalarını da qoşulmağa təşviq edir. Layihə fəaliyyətini dayandırana və ya ödənişlər kəsilənə qədər “bu real biznesdir”, “burada heç bir problem yoxdur” kimi arqumentlərlə həm özlərini, həm də ətrafdakı insanları inandırmağa çalışırlar. Məhz bu psixoloji mexanizm belə sistemlərin uzun müddət fəaliyyət göstərməsinə və daha çox insanı öz toruna salmasına imkan yaradır.
Qadın auditoriyası: “Rahat yem” yoxsa hədəf kütlə?
Araşdırmamız göstərir ki, anyunboxing.com-un reklam kampaniyaları əsasən evdar qadınları hədəf alır. Reklamlarda istifadə olunan “Uşaqla vaxt keçirərkən evdən çıxmadan pul qazan” kimi şüarlar ailə büdcəsinə əlavə gəlir əldə etmək istəyən qadınların diqqətini cəlb etməyə hesablanıb.
Bu yanaşma təsadüfi görünmür. Belə layihələr adətən əlavə qazanc axtaran, maliyyə və investisiya sahəsində kifayət qədər məlumatlı olmayan insanları hədəf seçirlər. Məqsəd “sadəcə reklam izləməklə pul qazanmaq” kimi reallıqdan uzaq və iqtisadi baxımdan əsaslandırılması çətin olan vədlərin daha asan qəbul edilməsinə nail olmaqdır.
Araşdırma zamanı diqqət çəkən məqamlardan biri də reklam materiallarında demək olar ki, yalnız qadınlardan istifadə olunmasıdır. Videolarda və təqdimatlarda qadınlar sistem vasitəsilə gəlir əldə etdiklərini bildirir, digər insanları da layihəyə qoşulmağa çağırır, bəzi hallarda isə yeni iştirakçılar üçün təlim və təqdimatlar keçirlər. Beləliklə, potensial iştirakçılarda etimad formalaşdırmağa və layihənin daha sürətlə yayılmasına çalışılır.
Brendlərin adından istifadə

Any Unboxing-un təqdimat materiallarında və platformasında müxtəlif tanınmış şirkətlərin adlarından, məhsullarından və brendlərindən geniş istifadə olunur. İstifadəçilərə həmin reklamları izləməklə və müxtəlif tapşırıqları yerinə yetirməklə gəlir əldə edə biləcəkləri vəd edilir. Platformada Birbank məhsulları yerləşdirilib, reklamlara klik edən istifadəçilər Birbankın rəsmi səhifələrinə yönləndirilir. Reklam videolarında isə əsasən Kontakt Home və Birmarket loqoları nümayiş etdirilir.
Lakin Musavat.com-un araşdırması tam fərqli mənzərə ortaya çıxarıb. Birbank Any Unboxing ilə hər hansı əməkdaşlığının olmadığını bildirib. Kontakt Home da platforma ilə tərəfdaşlıq etmədiyini təsdiqləyib. Adı platformada hallandırılan TEMU da Any Unboxing ilə əməkdaşlıq etdiyini təsdiqləməyib. Belə olan halda sual yaranır: əgər bu şirkətlərin heç biri Any Unboxing-u tanımırsa və onunla əməkdaşlıq etmədiyini bildirirsə, onların adları və brendləri platformada niyə istifadə olunur?
Cavab aydındır. Məqsəd istifadəçilərdə böyük və etibarlı şirkətlərlə işləyən beynəlxalq platforma görüntüsü yaratmaqdır. Çünki istənilən sağlam məntiqlə düşünən insan anlayır ki, milyonlarla müştərisi və milyardlarla manat dövriyyəsi olan şirkətlərin reklamına baxdığı üçün istifadəçilərə pul paylayan naməlum bir platforma ilə əməkdaşlıq etməsi inandırıcı görünmür. Əgər həqiqətən əməkdaşlıq mövcuddursa, bunun müqavilələri, rəsmi açıqlamaları və tərəfdaşlıq sənədləri də olmalıdır. Lakin indiyədək sorğu göndərilən şirkətlərdən heç biri belə əməkdaşlığı təsdiqləməyib. Bu isə Any Unboxing-un istifadəçilərin etibarını qazanmaq üçün tanınmış brendlərin nüfuzundan yararlanmağa çalışdığını sübut edir.
Amazon “tərəfdaşlığı”

Any Unboxing-un təqdimatlarında və reklam materiallarında dünyanın ən böyük elektron ticarət şirkətlərindən biri olan Amazonun da adı çəkilir. Platforma özünü beynəlxalq tərəfdaşlarla işləyən layihə kimi təqdim etməyə çalışır. Lakin araşdırma zamanı Amazon tərəfindən Any Unboxing ilə əməkdaşlığı təsdiqləyən hər hansı rəsmi açıqlama, press-reliz, tərəfdaşlıq elanı və ya açıq mənbələrdə mövcud olan digər sübutlara rast gəlinməyib. Amazon kimi 2,5–3 trilyon dollarlıq qlobal korporasiya AnyUnboxing ilə hansı müqavilə əsasında əməkdaşlıq edir və bunun rəsmi sənədi haradadır?
Diqqət çəkən digər məqam isə şirkətin fəaliyyət tarixçəsidir. Rəsmi qeydiyyat sənədlərinə görə, şirkət Böyük Britaniyada 2025-ci ilin sentyabr ayında qeydiyyatdan keçib. Bu isə o deməkdir ki, şirkətin fəaliyyət tarixi cəmi bir neçə ayla ölçülür. Belə olan halda, yeni yaradılmış və bazarda uzunmüddətli fəaliyyəti ilə bağlı hər hansı ciddi iz qoymayan bir şirkətin Amazon kimi qlobal korporasiya ilə əməkdaşlıq etdiyi barədə iddialar təbii olaraq əlavə sübutlar və rəsmi təsdiqlər tələb edir.
Çünki beynəlxalq korporasiyalar adətən tərəfdaşlıqları barədə açıq məlumat verir, rəsmi elanlar yayır və əməkdaşlıq münasibətlərini ictimaiyyət üçün əlçatan şəkildə təqdim edirlər. Any Unboxing ilə bağlı isə belə təsdiqləyici məlumatlar aşkar edilməyib.
Saxta güvən: ASAN, VÖEN və İngiltərə qeydiyyatı

Şirkətin ASAN Xidmət mərkəzlərində reklam olunması bir çox insanın bunu “dövlət zəmanəti” kimi qəbul etməsinə səbəb olur. Halbuki söhbət sadəcə ödənişli reklam yerləşdirilməsindən gedir. Eyni zamanda, şirkətin İngiltərədə qeydiyyatdan keçməsi və ya Azərbaycanda VÖEN-ə malik olması da fəaliyyətinin etibarlı və ya qanuni olduğunu sübut etmir. Bunlar yalnız formal qeydiyyat və vergi uçotu prosedurlarıdır.
Bu, piramida və Ponzi sxemlərinin özlərini legitim göstərmək üçün illərdir istifadə etdikləri ən klassik üsullardan biridir. Belə layihələr insanların sıx olduğu məkanlarda reklam yerləşdirir, daha sonra həmin reklamların foto və videolarını paylaşaraq “Əgər qanunsuz olsaydıq, bizə reklam etməyə icazə verərdilərmi?” sualı ilə ictimai etimad qazanmağa çalışırlar. Halbuki reklamın mövcudluğu həmin şirkətin fəaliyyət modelinin qanuni və ya etibarlı olması demək deyil.
Bununla bağlı dünyada çoxsaylı nümunələr var. Məsələn, Türkiyədə “Tosuncuk” ləqəbi ilə tanınan Çiftlik Bank layihəsinin yaradıcısı Mehmet Aydın on minlərlə insanı aldadaraq böyük vəsait toplamağa nail olmuşdu. Layihənin əsas ideyası onlayn ferma sistemi üzərində qurulmuşdu. İnsanlar virtual heyvanlar alır, həmin heyvanların məhsullarının satıldığı və gəlirin iştirakçılar arasında bölüşdürüldüyü iddia edilirdi. İlk mərhələdə hər şey normal və inandırıcı görünürdü. Layihənin məhsulları bəzi mağazalarda satılır, açılış tədbirlərində tanınmış şəxslər və siyasətçilər iştirak edir, media nümayəndələri onunla müsahibələr hazırlayırdı. Lakin sistemə kifayət qədər vəsait cəlb edildikdən sonra layihə rəhbəri ölkədən qaçdı. O, illər sonra saxlanılaraq Türkiyəyə ekstradisiya edildi.
Oxşar hadisə Türkiyənin ən böyük kriptovalyuta qalmaqallarından biri sayılan Thodex platformasında da yaşandı. Platformanın yaradıcısı Faruk Fatih Özer milyardlarla dollar dəyərində vəsaitlə ölkədən qaçmışdı. Ondan əvvəl isə o, televiziya kanallarında çıxış edir, reklam kampaniyalarında Türkiyənin məşhur müğənniləri iştirak edir, layihə geniş şəkildə tanıdılırdı. Sonradan saxlanılaraq Türkiyəyə gətirildi və məhkəmə qarşısına çıxarıldı.
Bu kimi onlarla, hətta yüzlərlə nümunə göstərmək mümkündür. Tarix göstərir ki, reklamın olması, tanınmış şəxslərin dəstəyi və ya rəsmi qeydiyyat sənədlərinin mövcudluğu şirkətin fəaliyyətinin şəffaf və etibarlı olmasına zəmanət vermir.
Həbslər olacaq

Təcrübə göstərir ki, Azərbaycanda fəaliyyət göstərmiş oxşar maliyyə piramidası və şübhəli qazanc sxemlərinin böyük əksəriyyəti uzunömürlü olmayıb. Vaxtilə yüksək gəlir vədləri ilə minlərlə insanı cəlb edən layihələrin bir çoxu sonradan hüquq-mühafizə orqanlarının araşdırmalarının predmetinə çevrilib, təşkilatçıları və fəal iştirakçıları barəsində cinayət işləri açılıb.
Əgər Any Unboxing-un fəaliyyəti ilə bağlı səsləndirilən şübhələr təsdiqini taparsa, bu platformanın da eyni aqibətlə üzləşməsi istisna deyil. Çünki ölkədə kibercinayətkarlıq və maliyyə fırıldaqları ilə mübarizə aparan qurumlar son illər belə sxemlərə qarşı daha sərt mövqe nümayiş etdirirlər. Hazırda Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən də sözügedən şəbəkənin fəaliyyəti araşdırılır və daxil olan məlumatlar əsasında müvafiq araşdırma tədbirləri həyata keçirilir.
Bu gün müxtəlif vaxtlarda fəaliyyət göstərmiş piramida və investisiya fırıldaqları ilə bağlı cinayət işləri üzrə onlarla şəxs məsuliyyətə cəlb olunub. Tarix göstərir ki, asan qazanc vədləri üzərində qurulan sistemlərin sonu adətən eyni olur: zərərçəkmişlər, itirilmiş vəsaitlər və hüquqi məsuliyyət.
Xəbərdarlıq və hüquqi məsuliyyət
Hüquqşünasların sözlərinə görə, maliyyə piramidası və ya dələduzluq əlamətləri daşıyan sistemi bilərəkdən təbliğ edən, yaxud digər şəxsləri həmin layihəyə qoşulmağa sövq edən şəxslər müəyyən hallarda hüquqi məsuliyyətlə üzləşə bilərlər. Xüsusilə, onların fəaliyyəti nəticəsində başqa insanların maddi zərər görməsi hüquq-mühafizə orqanlarının araşdırma predmetinə çevrilə bilər.
Təcrübə göstərir ki, bu tip layihələr fəaliyyətini dayandırdıqda və ya “texniki problem”, “sistemin yenilənməsi”, “ödənişlərin müvəqqəti dayandırılması” kimi bəhanələrlə yoxa çıxdıqda, ən çətin vəziyyətdə qalanlardan biri də onları aktiv şəkildə reklam edən şəxslər olur. Çünki vəsaitlərini itirən insanlar ilk növbədə məhz onları məsul hesab edir və cavab tələb edirlər.
Vətəndaşlara tövsiyə olunur ki, başqalarının maliyyə itkisi hesabına qazanc vəd edən layihələrə ehtiyatla yanaşsınlar. Xüsusilə də fəaliyyətinin əsas hissəsi “dəvət kodu”, “komanda qurmaq”, “yeni iştirakçı gətirmək” və ya ilkin ödəniş etmək üzərində qurulan platformalara kor-koranə etibar edilməməlidir.
Sosial şəbəkələrdə nümayiş etdirilən bahalı avtomobillər, yüksək gəlir və dəbdəbəli həyat tərzi görüntüləri də hər zaman reallığı əks etdirmir. Bir çox hallarda bu cür məzmunlar insanlarda etimad yaratmaq və onları sistemə cəlb etmək məqsədi daşıyır. Maliyyə qərarı verməzdən əvvəl ən vacib məqamlardan biri qazanc modelinin iqtisadi məntiqini anlamaqdır. Sadə dillə desək, gəlirin mənbəyi aydın və məntiqli olmalıdır. Əgər sizə sadəcə reklam izləyərək pul qazanacağınızı deyirlərsə, özünüzə bir sual verin: bu pul haradan gəlir?
Reklam verən şirkətlər reklamı ona görə sifariş edir ki, məhsullarını satsınlar və qazanc əldə etsinlər. Heç bir normal şirkət bir nəfərin bir neçə saniyəlik reklama baxmasına görə ona yüksək məbləğ ödəməz. Çünki bu, iqtisadi baxımdan sərfəli deyil.
Məsələn, əgər bir platforma sizə gündə bir neçə reklam izləyərək ayda yüzlərlə manat qazanacağınızı vəd edirsə, həmin pulların reklamdan gəlməsi real görünmür. Belə hallarda vəsait çox vaxt yeni qoşulan iştirakçıların yatırdığı pullar hesabına ödənilir. Sistemə yeni insanlar gəldikcə ödənişlər davam edir, lakin yeni iştirakçı axını dayandıqda sistem də çökür və insanların pulları batır.
Məhz buna görə hər hansı platformaya pul yatırmazdan əvvəl özünüzdən soruşun: “Bu şirkət mənə ödədiyi pulu haradan qazanır?” Əgər bu sualın aydın və məntiqli cavabı yoxdursa, həmin layihəyə ehtiyatla yanaşmaq lazımdır. Çünki real biznes fəaliyyətində gəlirin mənbəyi şəffaf olur, şirkət hansı məhsulu və ya xidməti satdığını, qazancını necə əldə etdiyini izah edə bilir. Əgər gəlir əsasən yeni üzvlərin cəlb edilməsindən və ya onların yatırdığı vəsaitdən formalaşırsa, bu artıq ciddi risk siqnalı hesab edilməlidir.
Hüquq-mühafizə orqanları bu cür şəbəkələri aşkarlayır, araşdırır və məsul şəxsləri qanun qarşısında cavab verməyə məcbur edir. Amma ən vacib məsələ vətəndaşların özlərinin diqqətli olmasıdır.
Əgər kimsə sizə “35 manat yatır, 500 manat qazan” deyirsə, ilk növbədə sadə bir sual verin: Əgər bu qədər asan qazanc əldə etmək mümkündürsə, niyə həmin şəxs özü 35 manat yatırıb 500 manat qazanmır? Niyə başqalarını axtarır?
Unutmayın, real biznesdə pul məhsuldan, xidmətdən və ya istehsaldan qazanılır. Mənbəyi bilinməyən, qısa müddətdə yüksək gəlir vəd edən layihələrə isə həmişə şübhə ilə yanaşmaq lazımdır. Çünki asan qazanc vədi verənlərin qazandığı pulun kiminsə cibindən çıxması ehtimalı yüksəkdir.
Musavat.com









