45 ton Naftalan yağı hara yoxa çıxıb?

45 ton Naftalan yağı hara yoxa çıxıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində neft çənlərində saxlanılan 45 ton naftalan yağı yoxa çıxıb.

Tribuna.az xəbər verir ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, bu şikayətlə “Abfarma” şirkətinin təsisçisi və direktoru Arzu Abbasov hüquq-mühafizə orqanlarına müraciət edib.

A.Abbasov şikayətində bildirib ki, ona məxsus şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) aldığı Naftalan neftini emal etməklə müalicəvi Naftalan yağı istehsal edir və onun xarici bazara satışını həyata keçirir. Hazır məhsulun saxlanması üçün lazım olan neft çənlərinin yerləşdirilməsi məqsədilə 2019-cu ildə uzun illər tanıdığı Xələfov Sabir Ağababa oğlu ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindəki torpaq sahəsindən 3 (üç) il müddətinə 18000 manat müqabilində istifadə barədə razılığa gəliblər.

Torpaq sahəsi üzrə mülkiyyət hüququ qeydiyyata alınmadığından yazılı icarə müqaviləsi bağlamaq mümkün olmayıb, tərəflər şifahi razılaşma ilə kifayətləniblər.

O vaxtdan bəri şirkətə məxsus dəmir neft çəni həmin sahədə yerləşdirilib, içərisində istehsal etdiyi Naftalan yağı saxlanılıb. Onun iddiasına görə, sonuncu dəfə “Abfarma”ya məxsus, təxminən 7000 manat dəyərində olan dəmir neft çəninə 45 ton Naftalan yağı yerləşdirilib. Xələfov Sabir Ağababa oğlu 2023-cü il tarixdə vəfat etdikdən sonra torpaq sahəsinə onun övladları Xələfov Hacıhəmid Sabir oğlu və qardaşı nəzarət etməyə başlayıb. Mövcud razılaşma onlarla eyni qaydada davam edib. Sonradan torpaq sahəsinə baş çəkərkən neft çəninin yerində olmadığını aşkar edib. Abbasovun sözlərinə görə, Xələfov qardaşları çənin ve içərisindəki məhsulun taleyi barədə tutarlı izahat verə bilməyiblər.

Arzu Abbasov bu hadisə nəticəsində ona 322000 manat məbləğində ziyan dəydiyini bildirib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlansa da, sonradan buna xitam verilib. Qardaşlar bildirib ki, neft çəni və içərisindəki yağ atasının sağlığında hissə-hissə müxtəlif şəxslərə satılıb.

Bundan sonra xitam qərarının ləğvi üçün Arzu Abbasov məhkəməyə üz tutub. Məhkəmə isə belə qaənətə gəlib ki, bir şəxsin müəyyən əmlakın onun razılığı olmadan götürüldüyünü bildirməsi həmin əmlakın avtomatik olaraq oğurluq predmetinə çevrilməsi və konkret şəxsin oğurluq törətmiş hesab edilməsi üçün kifayət deyildir. Əmlakın əvvəlcədən kimə məxsus olması, digər şəxsin həmin əmlak üzərində hansı hüquqa malik olması, tərəflər arasında hansı razılaşmanın mövcudluğu, əmlakın sonradan kim tərəfindən və hansı əsasla özgəninkiləşdirilməsi, bu hərəkətin mülkiyyətçinin iradəsinə zidd olub-olmaması və həmin hərəkətdə tamah məqsədinin mövcudluğu müəyyən edilməlidir. Nəticədə A.Abbasov tərəfindən verilən şikayət təmin edilməyib.