Tələbələrə “ev imtahanı”: 550 manatlıq kirayə, “oğlan” problemi

Tələbələrə “ev imtahanı”: 550 manatlıq kirayə, “oğlan” problemi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalır. Ali məktəblərin qapılarını tələbələrin üzünə açmasına az vaxt qaldıqca Bakıda illərdir dəyişməyən bir problem yenidən gündəmə gəlir: kirayə ev.

Xüsusilə bölgələrdən paytaxta üz tutan tələbələr üçün universitetə qəbul olmaq qədər, münasib qiymətə və normal şəraitə malik mənzil tapmaq da ciddi problemə çevrilir.

Bəs bu il Bakıda kirayə mənzillərin qiyməti necədir? Tələbələrin paytaxta axını ilə qiymətlər daha da artacaqmı? İki tələbənin bir ev kirayələməsi mümkündürmü? Ən əsası, tələbə oğlanlara ev verirlərmi?

Bu suallara cavab tapmaq üçün Neftçilər metrostansiyasının yaxınlığında yerləşən parklardan birinə üz tutduq. Burada, demək olar ki, hər gün olduğu kimi, bir neçə makler öz müştərilərini gözləyirdi.

Parkda bir dəqiqədən də az dayanmağım kifayət etdi ki, “makler”lər başıma yığışsın. Söhbətimdən kirayə ev axtardığımı düşünən digər “makler”lər də yanıma gəldilər. Hərəsi bir tərəfdən məni öz yanına çəkməyə çalışırdı. Sanki ortada yaxşı bir mənzil yox, müştərini ələ keçirmək yarışı gedirdi.

İlk olaraq Bakının mərkəzi ərazilərində yerləşən mənzillərlə maraqlandıq. “İki tələbə oğlan üçün ev axtarıram”- bu cümlədən sonra vəziyyət bir qədər dəyişdi. “Makler”lərin üzündəki rahat ifadəni tərəddüd əvəz etdi. “İki oğlan?” – sualını verənlər oldu. Bəziləri isə açıq şəkildə bildirdi ki, ev sahibləri tələbə oğlanlara mənzil verməyə həvəsli deyillər. Amma bir “makler” məsələnin həllini bildiyini dedi: “Siz narahat olmayın, ev sahibini mən razı salaram”.

Deməli, Bakıda münasib qiymətə ev tapmaq bir yana, tələbə oğlan üçün ev sahibini razı salmaq ayrıca problem imiş.

“28 May və Nərimanovda 550 manatdan aşağı çətin”

Söhbəti qiymətlərə gətirdik. “Makler”lər bildirirlər ki, Bakının mərkəzinə yaxın ərazilərdə kirayə mənzillərin qiyməti kifayət qədər yüksəkdir. Xüsusilə 28 May və Nərimanov metrostansiyaları ətrafında yaxşı təmirli, bir otaqlı mənzilləri 550 manatdan aşağı qiymətə tapmaq çətindir. “Makler”lərdən birinin sözlərinə görə, 550 manat həmin ərazilərdə normal vəziyyətdə olan bir otaqlı mənzil üçün başlanğıc qiymət hesab edilə bilər. Daha yaxşı təmir, əşyalı mənzil və əlverişli yerləşmə isə qiyməti daha da yuxarı qaldırır.

Bəs mərkəzdən bir qədər uzaqda vəziyyət necədir? Bu dəfə söhbətə Neftçilər ərazisindən başladıq.

“Makler”lər deyir ki, metrodan bir qədər uzaqda 400 manata iki otaqlı mənzil tapmaq mümkündür. Lakin burada bir şərt var: 400 manata kirayə götürülən evdən lüks şərait gözləmək olmaz. Belə mənzillərin təmiri orta səviyyədə olur, əşyalar tam komplektləşdirilməyə bilər. Bəzi evlərdə kondisioner var, bəzilərində isə yoxdur. Yəni 400 manata mənzil tapmaq mümkündür, amma kirayəçinin qarşısına belə bir seçim qoyulur: ya qiymət münasib olacaq, ya da şərait.

Həmsöhbətlərdən biri deyir: 400 manata ev var. Amma elə də yaxşı təmirli deyil. Əşyaları da tam olmaya bilər. Bəzən kondisioner olur, bəzən olmur.

Söhbət davam etdikcə daha maraqlı rəqəmlər ortaya çıxır. Məlum olur ki, daha ucuz variantlar da var. Amma burada artıq söhbət ayrıca mənzildən getmir. Məsələn, Neftçilər ərazisində 5 otaqlı evdə ev sahibi ilə birlikdə bir otağın iki nəfərə 170 manata verildiyi variant təklif olunur. Həyət evlərində isə ev sahibi ilə birlikdə qalmaq şərti ilə bir otağın qiyməti 150 manatdan başlayır. Tələbə üçün bu, ilk baxışdan münasib görünə bilər. Lakin burada da əsas məsələ şəxsi məkan və yaşayış şəraitidir. Bir neçə tələbənin eyni mənzildə, yaxud ev sahibi ilə birlikdə yaşaması isə hər kəs üçün komfortlu seçim olmaya bilər. “Makler”lər hesab edir ki, münasib şəraitli mənzil üçün hazırda 400 manat minimum həddə yaxın qiymətdir. 600 manat civarında isə ikiotaqlı mənzillərin seçim imkanları genişlənir. Yəni büdcə artdıqca seçim də artır.

Amma tələbə üçün əsas problem məhz budur: Bakıya təhsil almağa gələn gəncin hər ay 500-600 manat yalnız kirayəyə verməsi asan deyil.

Bunun üzərinə kommunal xərclər, internet, nəqliyyat, ərzaq və digər gündəlik xərclər də gəlir. Beləliklə, bir tələbənin Bakıda aylıq yaşayış xərci universitetə gedib-gəlmək və qidalanmaqla birlikdə kifayət qədər yüksək məbləğə çatır.

Maklerlərin sözlərinə görə, hazırkı qiymətlər hələ vəziyyətin son həddi deyil. Sentyabr yaxınlaşdıqca, xüsusilə tələbələrin Bakıya qayıtması ilə kirayə mənzillərə tələbat artır. Tələbə sayı artdıqca münasib qiymətə olan evlər daha tez kirayəyə verilir. Nəticədə seçim azalır, qiymətlərin isə yüksəlməsi üçün şərait yaranır.

tələbələr hər il olduğu kimi bu il də universitet problemi ilə yanaşı, ev problemi ilə üz-üzə qalacaqlar. Xüsusilə tələbə oğlanların vəziyyəti daha çətin görünür. Çünki bəzi ev sahibləri mənzillərini oğlan tələbələrə vermək istəmirlər.

Beləliklə, tələbə Bakıya gəlir, universitetə qəbul olur, amma qarşısında başqa bir “imtahan” başlayır: münasib qiymətə, normal şəraitə malik və ev sahibinin razı olduğu mənzil tapmaq.

Musavat.com