Tupak Şakurun qatili ömürlük həbs edilir

Tupak Şakurun qatili ömürlük həbs edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1996-cı ildə ABŞ-ın Las-Veqas şəhərində qətlə yetirilən məşhur repçi Tupak Şakurun ölümü ilə bağlı uzun illərdir davam edən cinayət işi üzrə qərar verilib.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Las-Veqas məhkəməsində andlılar heyəti 63 yaşlı Duane “Keffe D” Davis-i Tupak Şakurun qətlində təqsirli bilib. Davis birinci dərəcəli qətl və ölümcül silahdan istifadə ilə bağlı ittiham üzrə məhkum edilib.

Bu, Tupakın qətli ilə bağlı iş üzrə ilk məhkumluq qərarıdır.
Prokurorluğun versiyasına görə, keçmiş “Southside Compton Crips” dəstə lideri olan Davis 7 sentyabr 1996-cı ildə Tupak və onun ətrafı ilə bağlı yaranan qarşıdurmadan sonra hücumu təşkil edib.

Qeyd edək ki, Tupakın avtomobili Las-Veqasda qırmızı işıqda dayandığı zaman ağ rəngli “Cadillac” yaxınlaşaraq atəş açılmışdı. Repçi aldığı güllə yaralarından altı gün sonra, 25 yaşında dünyasını dəyişmişdi.
Davis atəş açan şəxs kimi ittiham olunmayıb.

Prokurorlar onun silahı təmin etdiyini və hücumu təşkil etdiyini bildiriblər. İş üzrə əsas sübutlar arasında Davisin illər ərzində verdiyi müsahibələr, 2019-cu ildə yayımlanan memuarı və istintaq zamanı qeydə alınmış danışıqları olub.

Müdafiə tərəfi isə onun açıqlamalarının şöhrət və maddi qazanc əldə etmək məqsədilə şişirdildiyini iddia edib.

Münsiflər heyəti qərara gəlmək üçün üç saatdan az vaxt sərf edib. Davis ömürlük həbs cəzası ilə üzləşir və qərardan apellyasiya şikayəti verəcəyini bildirib. Cəzanın 13 oktyabrda elan ediləcəyi gözlənilir.

Gülşən Rəsul