23 fəhlə “Azenko” ASC tərəfindən aldadılıb – Prezidentə şikayət etdilər

23 fəhlə “Azenko” ASC tərəfindən aldadılıb – Prezidentə şikayət etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azenko” ASC-nin “İnşaat məmulatları” sexinin fəhlələri tərəfindən ölkə başçısına, Birinci Vitse-Prezidentə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlanan, bir nüsxəsi də “AzPolitika.info”ya göndərilən müraciətdə “Sumqayıt Texnologiyalar Parkı”(STP) MMC və “Azenko” ASC-dən şikayət olunur.

Fəhlələr bildirirlər ki, xüsusilə STP rəhbərliyi onları savadsızlıqlarından istifadə edərək, aldadıb və əmək hüquqlarını pozub: “2009-2010-cu illərdən “Sumqayıt Texnologiyalar Parkı” MMC-də müxtəlif işlərdə çalışmış, üzərimizə düşən vəzifələri vaxtında və məsuliyyətlə yerinə yetirmişik. Əvvəllər əmək müqaviləmiz hər dəfə 3 aylıq bağlanıb və artırılıb, sonradan isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən 5 ildən artıq müddətə işlədiyimiz üçün əmək müqaviləmiz müddətsiz hesab edilib. Cari ilin avqust ayında rəhbərlik tərəfindən bizə bildirildi ki, öz xahişimizlə ərizə yazıb işdən ayrılsaq, bizi “Azenko” MMC-də işlə təmin edəcəklər, əks halda bizi işdən çıxaracaqlar. Biz də hüquqlarımızı bilmədiyimizdən bir gündə 20-30 nəfər rəhbərliyin istədiyi kimi ərizə yazdıq…”
Fəhlələr bildirirlər ki, aldadıldıqlarını “Azenko”-da işə başlayandan 2 ay sonra anlayıblar: “Lakin yeni işlə təmin olunanda bizimlə 3 aylıq əmək müqaviləsi bağladılar, 2 ay keçəndən sonra isə bildirdilər ki, “sizinlə əmək müqaviləsi uzadılmayacaq və müddət bitən kimi işdən azadsınız”. Onda biz başa düşdük ki, bizi aldadıb tələyə salıblar ki, kompensasiya ala bilməyək. İndi də bizə deyirlər ki, “istəyirsiz məhkəməyə verin, istəyirsiz lap gedin Prezidentin, Birinci Vitse-Prezidentin qapısında oturun şikayət edin, xeyri yoxdur, ağlınız var idi aldanmazdınız”. Belə məlum olur ki, STP rəhbərliyi bizi ələ salır, insanların hüquqlarına, əmək qanunvericiliyinə əhəmiyyət vermir.”

Sonda iş yerlərindən və qanuni şəkildə almalı olduqları kompensasiyadan məhrum olunan fəhlələr ölkə rəhbərliyindən tədbir görülməsini xahiş edirlər: “ Ona görə də Sizə şikayət etməkdən başqa çıxış yolumuz qalmayıb. Xahiş edirik STP rəhbərliyinin bu özbaşına və qanunsuz hərəkətlərinə qarşı tədbir görülməsi, əmək hüquqlarımızın bərpa olunması üçün göstəriş verəsiniz.”

İmzalar:1.Quluyev Qulu; 2.Meybullayev Mahir; 3.Mahmudov Yalçın; 4.Kəlbiyev Yusif; 5.Hacıyev Ramin;6. Nəcəfov Valeh; 7.Camaldunov Almir; 8.Musayev Ülfət; 9.Mehdiyev İslam; 10.Əliyev Ramin; 11.Cəfərov Fikrət; 12.Babayev Tofiq; 13. Zərbəliyev Fəqan; 14.Əlirzayev Akif; 15.Ağayev Rüfət; 16.İsrafilov İsrafil; 17. Əsədov Faiq; 18. Rəsulov Emin; 19.Tarverdiyev Elşad; 20. Nağıyev Vüqar; 21.Məmmədov Əli; 22. Nəzərov Çiqəli; 23. Zeynalov Rəşad..