Politoloq Elşən Manafov ABŞ-ın Venesuela prezidenti Nikolas Maduraya qarşı həyata keçirdiyi əməliyyatı beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirib. Onun fikrincə, bu addım Vaşinqtonun imperialist siyasətinin və enerji resurslarına nəzarət strategiyasının açıq göstəricisidir.
Tribuna.az-a açıqlama verən politoloq əlavə edib:
“ABŞ tərəfindən Venesuela prezidentinə qarşı həyata keçirilmiş əməliyyat müstəqil və suveren dövlətə qarşı təcavüz aktı olub, beynəlxalq hüquqa sayğısızlıqdır və rəsmi Vaşinqtonun imperialist siyasət yeritməsinin bariz göstəricisidir.
ABŞ prezidenti Tramp Venesuellanın qanuni prezidenti Maduronu beynəlxalq narkotrafikə dəstək verməkdə, onunla iş birliyində olmaqda və beləliklə, dolayısı ilə ABŞ-ın narkotrafikə qarşı mübarizəsinə mane olmaqda ittiham edir və buna görə də Maduronun ABŞ məhkəməsi qarşısında duracağını bildirib.
Qeyd etmək lazımdır ki, Maduro legitim prezidentdir və onun əməllərində cinayət tərkibi varsa belə, o, BMT və ya Beynəlxalq Məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər. Zira onun diplomatik toxunulmazlıq hüququ var və buna görə də ABŞ qarşısında məsuliyyətə cəlb oluna bilməz.
ABŞ-ın narkotrafikə qarşı mübarizədə əməkdaşlıq təkliflərinə Maduronun müsbət münasibəti, habelə Venesuela nefti ətrafında Vaşinqtonla danışıqlar masası arxasında oturmağa hazır olması kontekstində ABŞ-ın onun həbsi məqsədilə əməliyyat keçirməsi suallar doğurmaya bilmir.
Məsələ burasındadır ki, Venesuela neft ehtiyatlarına malik ölkələr arasında birinci yerdədir. Onun 303 milyard barreldən yuxarı neft ehtiyatları var. Bu neftə sahib olmaqla ABŞ dünya yanacaq bazarındakı qiymətləri nəzarət altında saxlamaq, neft siyasəti ilə birqütblü dünya planı ətrafında manipulyasiyalar etmək imkanları qazanır.
Neft faktoru onun geosiyasi anlamda əsas opponentləri olan Rusiya, Çin, Hindistan, İran və digər dövlətlərlə münasibətlərində ciddi iqtisadi və siyasi təsir vasitəsidir. Bu dövlətlərin bir qismi neftin qiymətlərinin yüksəlişində (Rusiya, İran), digərləri isə əksinə, aşağı düşməsində maraqlıdırlar.
Tramp resurslar və təbii ehtiyatlara nəzarət uğrunda mübarizə aparır. O, prezident Monronun “Amerika amerikalılar üçündür” bəyanatının (1823-cü ildə elan edilmiş doktrina) ardıcıl tərəfdarıdır və istisna deyil ki, dünyanın makroiqtisadi zonalara bölünməsi mövqeyində dayanır.
Onun bu mövqeyi Rusiya tərəfində maraq oyada bilər. Belə ki, Ukraynanın şərqinin Rusiyanın ixtiyarına keçməsi müqabilində Rusiya ABŞ-ın Latın Amerikasındakı monopolist mövqelərini tanımağa hazır ola bilər.
Lakin Trampın Venesuela neftinə yiyələndikdən sonra özünü necə aparacağı hələlik məlum deyil. Zira o, neftin qiymətlərinin aşağı düşməsinə gedərsə, bu, Rusiyanı qane etməməlidir. Məxfi razılıq, centlmen sazişi əldə olunarsa, Kreml Venesuela məsələsində kəskin mövqe sərgiləməyə də bilər.
Hərçənd Maduronun iqtidarı dövründə Rusiya və Çin Venesuelaya həcmi milyard dollarlarla ölçülən investisiyalar qoyublar və Karakasda ABŞ-ın maraqlarına cavab verən rejim qurularsa, Rusiya və Çinin yatırımlarının aqibəti müəmmalı qalacaq.
Rusiya, Çin və İran kimi dövlətlər Venesuelada baş verən hadisələrə münasibət bildirərək ABŞ-ı məlum insidenti beynəlxalq hüquq qanunları çərçivəsində həll etməyə, legitim prezidenti həbsdən azad etməyə çağırıblar.
Bundan əlavə, Çin və Rusiya baş verən hadisələrlə bağlı BMT-nin Təhlükəsizlik Şurasının çağırılması tələbləri ilə çıxış ediblər. Avropa Birliyində 26 dövlət ABŞ-ın hərəkətlərində beynəlxalq hüquqa sayğısızlıq gördüyünü bəyan etsə də, Trampa dəstək ola biləcək qətnamənin qəbul edilməsinə dəstək vermək mövqeyində olub. Lakin Macarıstanın vetosu ucbatından bəlli qətnamə qəbul olunmayıb.”
Dəniz Pənahova










