ABŞ prezidenti Donald Tramp, xanımı, dövlət katibi Marko Rubio, vitse-prezident J.D.Vensin qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının Vashington Hilton oteldə keçirilən qəbulunda silahlı şəxs atəş açıb.
Tribuna.az xarici agentliklərə istinadən xəbər verir ki, Tramp və xanımı dərhal hadisə yerindən təxliyə ediliblər.
Hadisədən bir qədər sonra Tramp atəş açan şəxsin saxlandığını elan edib, onun yerə uzanmış vəziyyətdə fotosunu yayıb.
O, qeyd edib ki, ABŞ administrasiyasının heç bir rəsmisi xəsarət almayıb.
ABŞ Gizli Xidməti də bir nəfərin saxlanıldığını elan edib.
NYP jurnalistinin məlumatına görə, ABŞ liderinin qatıldığı qəbulda atəş açan şəxs 31 yaşlı Koul Tomas Allendir. O, Gizli Xidmət zabitini hədəfə alıb.
AP-nin məlumatına görə, atışma zamanı ABŞ Gizli Xidmətinin bir zabiti yaralanıb.
Vaşinqtondakı qəbulda atəş açan şəxs bir neçə silah gəzdirib. Tramp onun ehtimal ki, tək hərəkət etdiyini bildirib.
ABŞ prezidenti, qatıldığı qəbulda baş verən atışmanın İrana qarşı müharibə ilə hər hansı bir şəkildə əlaqəli olduğuna şübhə ilə yanaşıb.
Hadisədən sonra brifinq keçirən Tramp atışmanın baş verdiyi Vaşinqton otelini tənqid edərək binanın yaxşı qorunmadığını bildirib. O, Ağ Ev müxbirlərinin şam yeməyində iştirak edən silahlı şəxsin üzərində bir neçə silah olduğunu qeyd edib: “Bir kişinin bir neçə silahla yoxlama məntəqəsinə girməsini və çox cəsur Məxfi Xidmət zabitləri tərəfindən zərərsizləşdirilməsini görmək, bir növ, çox gözəl idi”.
Tramp ölkədəki zorakılığın artmasından narahat olduğunu etiraf edib, xüsusilə də qatıldığı şam yeməyində atışmadan sonra siyasi motivli hücumlar problemini qeyd edib: “Mən hər şeydən, istənilən zorakılıq təzahürlərindən narahatam”.
O, həmçinin qeyd edib ki, siyasətçilərə qarşı sui-qəsd cəhdləri də daxil olmaqla, zorakılıq problemi qlobal xarakter daşıyır və heç bir ölkədən, istər ABŞ, istərsə də Cənubi Amerika ölkələrindən yan keçmir.









