Dünən Berlində ABŞ nümayəndəsi Stiv Uitkoff, Ukrayna prezidenti Volodimir Zelinski, Almaniyanın baş naziri Mertz və daha bir neçə Avropa nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilib. Tribuna.az xəbər verir ki, görüşün gərgin atmosferdə keçdiyi bildirilir.
Berlində əsasən ABŞ-ın təklif etdiyi sülh planının 20 bənddən ibarət versiyası müzakirə olunub. Vitkoff yekunda bildirib ki, “əhəmiyyətli irəliləyiş əldə olunub”.
Lakin “The Wall Street Journal” qəzeti hər şeyin heç də rəvan olmadığı barədə yazıb. Nəşr bildirib ki, ABŞ prezidenti Donald Tramp Zelinskiyə ciddi şəkildə təzyiq edir. “O, Ukrayna liderindən qoşunları dərhal Donbasdan çıxarmağı və ilin sonuna kimi sülh müqaviləsini imzalamasını tələb edir. Vəziyyət o qədər gərgindir ki, Rusiya bir kənarda qalıb, ABŞ-la Ukrayna arasında “mübarizə” gedir”.
Bu əsnada o da məlum olub ki, tərəflər arasında danışıqlar bu gün də davam edəcək.
Fərda Uğur









