Xalq artisti Qurban İsmayılov yazıçıların aktyorları kitab oxumamaqda ittiham etməsinə etiraz edib. O bildirib ki, yazıçılar da teatra gəlmir və qarşılıqlı ittiham düzgün deyil. Aktyor vurğulayıb ki, səhnəyə qoyulan əsərləri oxumaq da mütaliədir və aktyorlar işlərinin tələbi olaraq daim oxuyurlar.
Tribuna.az mövzu ilə bağlı yazıçılar arasında sorğu keçirib:
Bəzi teatrlarda illərdir eyni tamaşalar səhnəyə qoyulur. Yazıçı-aktyor qarşıdurması nə dərəcədə ədalətlidir? Və axırıncı dəfə hansı tamaşaya baxmısınız?
Taleh Mansur
Zənnimcə, günahkar tərəf nə aktyordur, nə də yazıçı. Zəmanədi, dövrdü, qoyub fağır aktyorla fağır yazıçını üz-üzə. Bizim ərkimiz və gücümüz aktyorla dava eləməyə çatır, onların da gücü və ərki biz yazıçılarla davaya. Ərk davasında qan tökülməz. Başımızı qatırıq də, hansısa şəkildə yazıçı və aktyor arasında, sənət yaradanlar arasında əlaqə, bağ olmalıdı axı. Dünyanın düz vaxtı mübadilə olub, indi də mübarizə. Yenə deyirəm, günah o mübadiləni bu mübarizəyə çevirən dövrandadır. Həm yazıçılar da, şairlər də, rəssamlar da, aktyorlar da, bəstəkarlar da eyni dünyanın adamlarıdır. Bizim dünyamızın müharibələrinin silahı da sevgidir, tankı da, topu da, raketi də.

Şərif Ağayar
Teatrlarımızdan ümumi olaraq narazıyam. Azərbaycan teatr mühiti bir tamaşaçı, bir qələm adamı kimi məni qane etmir. Və bunun da səbəbi ayrı-ayrı aktyorlardan, rejissorlardan asılı deyil. Məncə, ümumi struktur düzgün deyil. Dövlət-teatr münasibətləri düzgün deyil. Teatrlardakı inzibati nəzarət doğru deyil. Yəni, teatrlarımız sovetdən qalan bu klişelərdən azad olmalıdır. Və teatrlara yazıçıların maraq göstərməməsinin biri də budur. Mən özümüzə haqq qazandırmıram. Biz çalışıb teatrlara mümkün qədər çox getməliyik. Ancaq, bu mühitin qane etməməsi tamaşaları bir az zəiflədir. Yəni, azadlığın olmaması, konyunkturanın güclü olması, sovetdən qalan ənənələrin hələ də Azərbaycanın müstəqilliyinin 30-cu ilində belə davam etməsi şəxsən məni teatrlardan soyudan amillərdən biridir. Aktyor-yazıçı qarşıdurmasına gəlincə, bunu qəti şəkildə qəbul etmirəm. Aktyorlarla bu mövzuda yazarlar arasında mübahisə düşüb və düşür. Orada körpü rolunu oynamağa çalışıram. Ad çəkmək istəmirəm, sosial şəbəkələrin birində bu mövzuda yaxınlarda balaca bir skandal oldu. Mən mübahisə tərəflərini bir-birinə tanıtmağa çalışdım ki, əslində, bu insan da sənin taleyini yaşayır. Baxmayaraq ki, başqa bir sahədə fəaliyyət göstərir. Sağ olsunlar, məni eşitdilər. Aktyorlarla yazıçılar dost olmalıdır. Ümumiyyətlə, yazıçılarla bütün sənət adamları – rejissorlar, kino-teatr adamları, rəssamlar, musiqiçilər dost olmalıdır. 60-cı illər nəslinin uğur qazanma səbəblərindən biri də bu idi ki, orada qələm adamları müxtəlif sahənin istedadlı insanları ilə çox yaxın dostluq edirdilər. Eyni zamanda, Səməd Vurğun dövründə də belə idi. Səməd Vurğun təzə pyes yazmağa başlayanda heç teatrın nə olduğunu dərindən bilmirdi. Ancaq, Adil İsgəndərovla dostluğu onun ortaya maraqlı əsərlər qoymasına səbəb oldu. Hətta elə “Vaqif” dramında elə misralar olub ki, məşq prosesində yaranıb. Bu dostluq yazıçılarla təkcə aktyorların yox, bütün sənət insanlarının dostluğu Azərbaycan mədəniyyətinə qazandırar. Mənim özümün teatra getməyimə gələndə, açığı, özümdən razı deyiləm. Çalışıram ki, bir balaca aktiv olum. Ancaq Kamal Abdullanın, Azər Turanın, Cavid Zeynallının əsərinin premyeralarında iştirak etmişəm. Başqa tamaşalarda da olmuşam. Yaxın aylarda olmamışam. Planımda var ki, repertuarları izləyim və təzə tamaşalar var ki, görməmişəm. Mütləq gedib onlara baxacağam. Kino elədir ki, kinoteatrlara getməsək belə, hansısa yolla, onlayn versiyada əldə edib baxa bilirik. Amma teatrlara mütləq getməlisən və oranın abu-havasını hiss etməlisən.
Qan Turalı
Axırıncı dəfə bazar günü “Baş”a baxmışam. Bu axşam da “Mən Dədə Qorqud”a baxacağam. Qurban müəllim düz deyir, mən yazıçıları teatrda çox az görürəm. Mənim çox hörmətli və parlaq istedada malik Qurban müəllimə heç bir iradım yoxdur. Onun da mənə… Sual aktyorlara bu iradı səsləndirənlərə ünvanlanmalıdır.
Səfər Alışarlı
Mütaliə yazıçı, aktyor, incəsənət xadimi, siyasətçi, ümumiyyətlə, intellektual əməklə çörək qazanan hər bir adam üçün mühüm istinad bazasıdır. Burada əsas məsələ nəyi, hansı müəllifi oxumaqdır. Bizim ədəbiyyatımızda bu gün oxunası müəlliflər elə də çox deyil. Onlardan Azərbaycan kütləvi oxucusunun, demək olar ki, xəbəri yoxdur. Onlar ekranlarda hər gün gördükləri müəllifləri tanıyır, onları oxuyur, onları sevir və elə bilirlər ki, ədəbiyyat elə belə olur. Ölkədə zövq etalonları darmadağın edilib, Azərbaycan ədəbiyyatı adından hər gün danışanlar ədəbiyyatı inək kimi sağmaqla məşğuldurlar. Mədəniyyət Nazirliyində oturan çinovniklərin Azərbaycan ədəbiyyatı haqqında anlayışı və təsəvvürü çox səthidir.
O ki, qaldı nəyi oxumağa, hansı tamaşaya baxmağa, burada bu gün zövq etalonlarından başqa digər konyunktur məqamlar da özünü göstərməklə oxucunu və tamaşaçını çaş-baş salır. Mən bugünkü ədəbiyyatdan əlimə keçən hər şeyi oxuyuram. Ədəbi təcrübəmin o səviyyəsindəyəm ki, hər hansı bir əsərin bir neçə səhifəsini və ya istənilən yerindən bir neçə abzasını oxumaq əsər haqqında müəyyən qənaətə gəlməyimə imkan verir. Oxunan kitab, baxılan tamaşa özündə nəsə yeni bir sənət örnəyini ehtiva etmirsə, o, şəxsən mənə lazım deyil. O halda mən klassikanı təkrarlamağı daha üstün tuturam və başqalarına da məhz bunu məsləhət görürəm.
Günel Natiq
Mən bütün situasiyalarda empati tərəfdarıyam. Başqa cür heç bir məsələni çözmək olmaz. Qurban İsmayılov tamamilə haqlıdır. Sənətə dəstək qarşılıqlı olmalıdır. Əgər biz özümüz dəstək ola bilmiriksə, başqasından dəstək gözləmək nə qədər düzgün olar? Məsələn, mən sonuncu dəfə iki il əvvəl teatrda olmuşam. Etiraf edim ki, rejissorun dəvəti ilə getmişdim. İndi isə müalicə xərclərimi ödəmək üçün gündüz-gündüz çalışıram, həkimə gedirəm və evdə yorğunluğumu atmağa çalışıram. Ona görə də işdən kənar tədbirlərə vaxtım olmur.
Amma Qurban müəllimin sözlərində böyük həqiqət var: tamaşaya müəllifin dəvəti ilə gəlirlər, başqa günlərdə bilet alıb gəlmirlər. Yəni onlar sənətə dəstək üçün deyil, dəvəti rədd etməmək, dosta hörmət və ya pulsuz bilet üçün gəlirlər. Belə halda inkişafdan necə danışmaq olar? Qurban müəllimin fikirləri qarşıdurma yaratmaq niyyəti güdmür, hər kəsin sənətə dəstək göstərməli olduğu fikrini önə çəkir. Maariflənmək sadəcə kitab oxumaqla bitmir. Teatr, opera və digər sənət növlərinə diqqət göstərmək də lazımdır. “İllərdir eyni tamaşalar qoyulur”, fikrinə gəldikdə isə, ədəbiyyat aləmində də yeni və gözlənilməz əsərlərə nadir rast gəlinir. Hazırda ümumiyyətlə mədəniyyət sahəsində inkişafdan danışmaq çətindir.
Dəniz Pənahova













