Polad Bülbüloğlu və Əbülfəz Qarayevə İTTİHAM

Polad Bülbüloğlu və Əbülfəz Qarayevə İTTİHAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat Etibar Əliyev Milli Məclisdə iyunun 10-da keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədən sonra kitabxana və kitab mağazalarının vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib.

Tribuna.az xəbər verir ki, Etibar Əliyev bildirib ki, tədbirdə çəkilən fotolardan görünürdü ki, ora kitabı tanıyan bir neçə nəfər dəvət olunub.

“Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu hansı inkişaf perspektivlərindən danışa bilər? Mirzə Ələkbər Sabirin məşhur “Çatlayır, Xanbacı, qəmdən ürəyim” satirik şeirində “Biz olan evdə haçan vardı kitab” ritorik sualını xatırlamaq yerinə düşərdi. Polad Bülbüloğlu və Əbülfəz Qarayevin nazir olduqları dövrlərdə kitab dükanlarının və kitabxanaların kütləvi bağlanması prosesi həyata keçirildi.

Bu iki “inteligent” kitaba divan tutdu”, – deyə sabiq deputat qeyd edib.

Onun sözlərinə görə, Sovet İttifaqı dövründə Bakıda kitab mağazalarının sayı təxminən 160-a, kitab köşklərinin sayı isə 60-a çatırdı:

“İndi Bakıda fəaliyyət göstərən kitab mağazalarının sayı 8-10 aralığındadır. Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə isə kitab mağazası və kitabxanaların sayında isə söhbət belə gedə bilməz. Sovet dövründə kifayət qədər kitab mağazası olan Bakıda bu gün ixtisaslaşmış kitab mağazalarının sayı demək olar ki, yoxdur. Kitab mağazası olan yerlərin əksəriyyəti profilini dəyişib. İndi kitab mağazalarının yerləşdiyi məkanda ya geyim, ya ərzaq malları satılır”.

Etibar Əliyev bildirib ki, vaxtilə ən böyük kitab satışı məkanları olan “Kitab passajı” və “Kitab evi” bağlanıb, Neftçilər prospektində yerləşən “Abunə” kitab mağazasının yeri satılıb.

“Azərkitab” Kitab-Ticarət Birliyi də ləğv edildi. Əli Həsənov qəssab, ət və kolbasa əmtəəşünası işləmiş kirvəsi Əlvan Əliyevi bu quruma rəhbər təyin etdirdikdən sonra kitab mağazaları sürətlə yox edildi”, – deyə o vurğulayıb.

Sabiq deputat qeyd edib ki, Sovet dövründə, xüsusilə 1970-1980-ci illərdə Azərbaycanda kitabxana şəbəkəsi çox geniş idi:

“Həmin illərdə ölkədə ümumilikdə təxminən 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. Bu kitabxanaların kitab fondunda ümumilikdə 38 milyon nüsxədən çox ədəbiyyat var idi. Sovet hakimiyyəti illərində kitabxanaların mərkəzləşdirilməsi aparılmış, kənd və qəsəbələrdə çoxlu sayda yeni kitabxanalar açılmışdı. Məsələn, 1969-1980-ci illər aralığında respublikada 1155 yeni kitabxana tikilmişdir.

Müstəqillik illərində, xüsusilə 90-cı illərdən sonra kitabxanaların dislokasiyasına yenidən baxılmış və bəzi oxucusuz kitabxanalar bağlanmışdır. Hazırda, 2026-cı il üçün, ölkədə kütləvi kitabxanaların sayı təxminən 2900 civarındadır. Bunların da tam əksəriyyətində fəaliyyət şəraiti acınacaqlıdır”.

Etibar Əliyev hesab edir ki, kitabxana və kitab mağazaları ölkənin mədəniyyət göstəricisidir:

“Bu sadə məntiqi Polad Bülbüloğlu və Əbülfəz Qarayev başa düşmədi. Bu adamlar Səttar Bəhlulzadə adına möhtəşəm Sərgi salonunu “Kimyəvi təmizləmə” şəbəkəsinə satdılar. Sərginin girişində məşhur Polşa heykəltəraşlarından birinin müəllifi olduğu tuncdan yaradılmış “Göyərçin”lər barelyefi qoyulmuşdu. Söyləyirlər ki, unudulmaz Heydər Əliyev bu “Göyərçin”lər barelyefini çox çətinliklə Polşadan gətizdirmişdi. Ona baxanlar yaxşı xatırlayırlar: sanki “Göyərçin”lər ayrı-ayrı havaya qanad açırlar. Canlı bir mənzərə yaranırdı. Onun qarşısından keçəndə barelyefə baxmamaq mümkün deyildi. Söküb dağıtdılar. Əsərin taleyi barədə məlumatı olan varmı?”.

O, həmçinin “Səadət” sarayındakı bədii elementlərin məhv edildiyini də iddia edib:

‘”Səadət” sarayının əsas giriş qapısının sağında və solunda təxminən bir metr hündürlükdə üz-üzə baxan iki timsah barelyefi var. İtalyan heykəltəraşı bunu elə yaratmışdı ki, sanki timsahlar indi sudan çıxır. Müəllif timsahın nəmli dərisinin fakturasını elə işləmişdi ki, sanki canlıdır.
Bu adamlar sarayın təmiri zamanı heç bir sənətşünasdan, heykəltəraşdan, rəssamdan və memardan məsləhət almadan timsahları adi daşı təmizləyən fəhlənin laqondasının qurbanına çevirdilər.
Bir neçə min yaşı olan Kolizey, yaxud V əsrdə Afina Akropolunda inşa edilmiş Parfenon abidələri necə varsa qalıb. Bunları necə qoruyublar? Bizdə isə təcrübəni öyrənmək əvəzinə laqondanı işə salırlar.
Kitab mağazalarını və kitabxanaları bağladıqdan sonra mövcud duruma görə dizlərinə döyürlər…” – deyə Etibar Əliyev bildirib.

Nigar İxtiyarqızı