Bakı meriyasını məhkəməyə verməyi təklif edirəm. Eyni zamanda, estetikaya insanların rahatlığı və təhlükəsizliyindən üstünlük verən məsuliyyətsiz layihəçiləri (məsələn “Sahil” parkının müəlliflərini) də məsuliyyətə cəlb etmək lazımdır.
Tribuna.az xəbər verir ki, bu təkliflə memar Elçin Əliyev çıxış edib. O bildirib ki, xüsusilə şəhərin mərkəzində bəzi səkilərin, parkların parlaq daşlarla döşənməsi təhlükəli vəziyyət yaradır:
“Yenə qış mövsümü yaxınlaşır: yağışlar başlayıb, ardınca qar yağacaq və Bakının küçə və parklarında gözəllik naminə kütləvi şəkildə döşənmiş parlaq daşların üzərində onlarla, hətta yüzlərlə insan yenidən sürüşüb yıxılacaq.
Mən özüm də az qala ayağımı burxurdum…
Hər il həm mətbuatda, həm də sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur, lakin şəhər rəhbərliyi on minlərlə sakinin fikrini hələ də qulaqardına vurur. Elə təəssürat yaranır ki, şəhər sakinlərinin problemləri onları ümumiyyətlə maraqlandırmır.
Odur ki, dostlar, Bakı meriyasını məhkəməyə verməyi təklif edirəm. Eyni zamanda, estetikaya insanların rahatlığı və təhlükəsizliyindən üstünlük verən məsuliyyətsiz layihəçiləri (məsələn, “Sahil” parkının müəlliflərini) də məsuliyyətə cəlb etmək lazımdır.
Xahiş edirəm, bu kimi halları mənə bildirin və zərərçəkmiş insanlarla tanış edin — təəssüf ki, yaz aylarına qədər onların yenə çox olacağı gözlənilir. Yalnız qış mövsümünün acı nəticələrinə dair bir neçə zərərçəkmişin birgə məhkəmə iddiası şəhər rəhbərliyini nəhayət ictimaiyyətin səsinə qulaq asmağa məcbur edə bilər”.
Gülşən Rəsul











