Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti üçün yeni imkanlar yaranıb. Artıq müəyyən şərtlərlə kənd təsərrüfatı fəaliyyətini dəstəkləyən və əlaqəli tikililər inşa edilə bilər. Məsələn, istixanalar, heyvandarlıq obyektləri, suvarma sistemləri və emal zavodları bu torpaqlarda qurula bilər. Bu dəyişiklik kənd təsərrüfatı sektoruna necə təsir edəcək?
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, müəyyən dəyişikliklər olub.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, son il yarımda ölkə başçısı tərəfindən bu istiqamətdə addımlar atılıb. 2024-cü ilin sentyabr-oktyabr aylarında torpaqların təyinatının kateqoriyasının dəyişdirilməsi ilə bağlı fərman verilmişdir. Prosedurlar keçən ilin bu vaxtından başlayaraq müəyyən bir ərazilərdə torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı sözsüz ki, buraya kənd təsərrüfatı təyinatlı torpaqların da kateqoriyalarının dəyişilməsi ilə bağlı əsaslar oldu.
Elnur Azadov qeyd edib ki, daha sonra 2023-cü ilin iyul ayının 1-dən qanunsuz tikililərin leqallaşması istiqamətində də ölkə başçısının fərmanı oldu. Yəni, ölkədə bütün təyinata uyğun gəlməyən torpaqlarda qanunsuz tikililərin leqallaşması ilə bağlı fərman oldu və sonuncu fərman ölkə başçısı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan tikinti normativlərin müəyyən olunması, xüsusi icazələri almadan, təyinatı dəyişmədən bu torpaqlarda müəyyən olunmuş yeni normativlərlə yeni tikililərin ərsəyə gəlməsinə artıq icazələr almaq üçün əsas yaradılacaq. Bu o deməkdir ki, keçmişdə əgər kənd təsərrüfatı təyinatlı torpaqlarda ümumiyyətlə hər hansı tikinti işi aparmaq mümkün deyildisə, vətəndaşlar o torpaqların təyinatının kateqoriyasının dəyişilməsi ilə bağlı müvafiq dövlət qurumlarına müraciət edirdilər. Və bu proses olduqca qəliz idi. Yaxud da qanunsuz olaraq bu torpaqların üzərində tikinti işləri aparırdılar. Artıq bu proses daha yüngülləşib və rahatlaşıb. Ölkədə kənd təsərrüfatının İnkişafı üçün mühüm bir rol oynayacaq.
Dəniz Pənahova










