Həkimləri qorumalıyıq – Tanınmış mütəxəssisdən ÇAĞIRIŞ

Həkimləri qorumalıyıq – Tanınmış mütəxəssisdən ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakıda həkimlərdən birinə qarşı baş verən ağır insident yalnız bir insanın deyil, bütövlükdə peşənin təhlükəsizlik hissinə zərbədir. Canı ilə əlləşən bir kolleqanın bu vəziyyətə düşməsi təəssüf doğurur. Ona Allahdan şəfa diləyirik.
Amma eyni zamanda çox ciddi bir sual ortaya çıxır: Biz necə oldu ki bu həddə gəldik?

Tribuna.az xəbər verir ki, bu sözləri anestezioloq Turanə Rəsulova Milli Onkologiya Mərkəzində baş verən hadisə ilə bağlı danışarkən deyib. O bildirib ki, həkimin “borclu” kimi göstərilməsi xəstədə məyusluq yaradır:

“9 ay əvvəl keçmiş TƏBİB sədrinin ASAN Radioya verdiyi müsahibədə səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olmuşdu. Orada “həkimə halallıq vermək” kimi ifadələr, həkim və vətəndaş münasibətlərini sanki borc–haqq çərçivəsinə salan yanaşma kimi qəbul edilmişdi. Bu cür ritorikanın həkimi “borclu tərəf” kimi göstərməsi isə xəstədə gözlənti, məyusluq və bəzən də aqressiya yarada bilər. Nəticədə həkim–xəstə münasibəti əməkdaşlıqdan çıxaraq qarşıdurma müstəvisinə keçə bilir.

Biz bu müddət ərzində dəfələrlə vurğulamışıq ki, ictimai şüurun formalaşmasında istifadə olunan dil və yanaşma son dərəcə önəmlidir. Çünki yanlış qurulan kommunikasiya təkcə münasibətləri yox, həm də real həyatda təhlükəsizlik hissini zədələyir.

İndi əsas sual yenə də açıq qalır: Bu hadisədə kim günahkardır?

Cəmiyyətdə həkimi “müqəddəs” kimi təqdim edən yanaşmadan, onu “məsuliyyət daşıyan peşəkar” kimi düzgün yerə oturtmadan, digər tərəfdə isə xəstəni yalnız “istehlakçı” kimi görən sistemdən danışırıqsa, burada balansın pozulduğunu qəbul etməliyik.

Əlbəttə, nə həkim, nə xəstə, nə də hər hansı qurum müqəddəs deyil. Amma müqəddəs olan hüquqdur, qanundur və təhlükəsizlikdir.

Təhlükəsizlik hissi zədələnən həkim daha yaxşı mühit axtaracaq.

Sürəkli ittiham və təzyiq altında çalışan bir həkimin ağır xəstəyə yanaşması da təbii olaraq dəyişə bilər. Bu isə sistemin özünə zərbə vurur.

Unutmamalıyıq ki, bu gün “ağır xəstə” dediyimiz insan sabah biz, ailəmiz, yaxınlarımız ola bilər. Ona görə də həm həkimi, həm xəstəni qoruyan, qarşıdurma yox, etimad yaradan bir sistemə ehtiyac var.
Çünki itirən tərəf həmişə cəmiyyət olur”.

Nigar İxtiyarqızı