Tribuna.az xəbər verir ki, Bosniya və Herseqovinanın təcrübəli futbolçusu Edin Dzeko ölkəsinin uşaqlarına ünvanladığı duyğusal məktubunu paylaşıb.
40 yaşlı hücumçu The Players’ Tribune platforması üçün qələmə aldığı məktubunda uşaqlara ümid və motivasiya mesajı verib:
“Sizə bir mesajım var”
“Əziz Bosniya və Herseqovina uşaqları, sizə bir mesajım var. Heç nə mümkünsüz deyil. Heç nə.”
Dzeko məktubunda serblərin Sarayevonu mühasirəyə aldığı dövrü xatırlayıb.
“Hər gün dəhşət içində yaşayırdıq”
“Sarayevonun mühasirəsi haqqında danışmağı sevmirəm. Amma bunun əslində necə olduğunu başa düşməyiniz vacibdir. Hər şey başlayanda altı yaşım var idi. İlk siqnallar səslənəndə anamın məni qucağına alıb ayaqqabı dolabının arxasında gizlətdiyini xatırlayıram. Bu, ilk gün idi. Mühasirə dörd il davam etdi.
Baş verənləri tam anlamırdıq, amma hər gün qorxu və dəhşət içində yaşayırdıq. Evimiz təhlükəli hala gələndə nənəm və babamın mənzilinə köçdük. Təxminən 40 kvadratmetrlik evdə 15 nəfər yerdə yatırdıq.”
“Futbol oynamaq istəyirdik, amma…”
Dzeko bildirib ki, küçəyə çıxmaq belə təhlükəli idi:
“Çöldə futbol oynamaq istəyirdik, amma hər gün yaralanan insanların təcili yardım maşınları ilə xəstəxanaya aparıldığını görürdük. Bir uşağı dörd il evdə saxlamaq mümkün deyil. Böyüklərimiz də bunu bilirdi. Ətraf sakit görünəndə anam bizə çölə çıxmağa icazə verirdi. Biz də məhəllədəki digər uşaqlarla futbol oynayırdıq.”
“İtaliya mənə nağıl kimi gəlirdi”
Təcrübəli futbolçu atasının həyatında xüsusi yeri olduğunu vurğulayıb:
“Hər şey dağıdılmışdı. Mən futbolu sadəcə sevdiyim üçün oynayırdım. Atam çörək daşıyırdı. İlk klubuma qoşulanda işinə fasilə verib məni məşqlərə aparıb-gətirirdi. Yolda həmişə deyirdi: ‘Nəzakətli ol, hamıya eyni münasibət göstər. Onların haradan gəldiyinin və nə iş gördüyünün əhəmiyyəti yoxdur.’
Mən bunu heç vaxt unutmadım. Atam da aşağı liqalarda futbol oynamışdı və mənim qəhrəmanım idi. Maşından düşəndə mənə banan verib ‘Uğurlar, oğlum’ deyirdi.
Həftəsonları birlikdə televizorda futbol izləyirdik. O dövrdə A Seriyası dünyanın ən güclü liqası idi. Andrey Şevçenkonu çox sevirdim. İtaliyanı da çox sevirdim. O, mənə dünyanın o biri başındakı bir nağıl kimi görünürdü.”
“Bunu xəyal belə edə bilməzdim”
“Orada futbol oynamağı heç xəyal da edə bilməzdim. Mənim yeganə məqsədim ‘Jeljezniçar’ın əsas komandasında oynamaq idi. Məşqçilərimdən biri məni sarışın olduğum və çox qol vurduğum üçün ‘Şeva’ çağırırdı. Bu, mənim xoşuma gəlirdi.”
“Dünya ayaqlarınızın altındadır”
Məktubunun sonunda Dzeko Bosniyanın etnik və dini müxtəlifliyinə diqqət çəkərək uşaqlara belə müraciət edib:
“Məndən son bir xahişim var. Sarayevodə, Romada və ya Sent-Luisdə yaşamağınızdan asılı olmayaraq, istər müsəlman, istər yəhudi, istər katolik, istərsə də pravoslav olun, haradan gəldiyinizi heç vaxt unutmayın. Siz bosniyalısınız. Dünya ayaqlarınızın altındadır. Hamınızı çox sevirəm.
Sevgilərlə,
Edin.”
İmran Kərimli



























