DİM hesabatı  dövlətə və xalqa nə deyir?

DİM hesabatı dövlətə və xalqa nə deyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir statistik rəqəmin arxasındakı faciə.

2026-cı ildə Dövlət İmtahan Mərkəzinin açıqladığı statistik hesabat adi imtahan nəticələri deyil, bu milli təhsildəki ciddi böhranı göstərən güzgüdür.  Hesabata görə, orta statistik abituriyent  riyaziyyat üzrə testlərin təxminən 29–34 faizini,  fizika üzrə 34–36 faizini, kimya üzrə 30–32 faizini, informatika üzrə 34–38 faizini, tarix üzrə 24–29 faizini, coğrafiya üzrə 23–26 faizini  düzgün cavablandırmışdır. Müqayisə üçün deyim  ki, sovet dönəmində  universitetlərdə müsabiqədə iştirak üçün ən azı  60% ball toplanmalı idi.
DİM-in təhlilinə əsasən orta statistik məzun məktəb proqramının təxminən 40–77 faizini mənimsəmir (yəni, təxminən 40 faizi mənimsəyir).  Bu qiymətləndirmə reallığı əks etdirir, deməli,  məsələ artıq təkcə təhsil problemi deyil.  Bu, insan kapitalı, iqtisadi inkişaf və milli təhlükəsizlik problemidir.  Bu  artıq milli təhlükəsizlik məsələsidir.

Məktəb proqramını mənimsəməyən şagird universitet proqramını mənimsəyə bilərmi?
Pedaqogikada “kumulyativ öyrənmə”  deyilən bir prinsip var:  yeni bilik əvvəlki biliklərin üzərində qurulur.  Məsələn, cəbri bilməyən tələbə ali riyaziyyatı, məktəb fizikasını mənimsəməyən tələbə mühəndisliyi, məntiqi oxu bacarığı olmayan tələbə akademik tədqiqatı normal şəkildə mənimsəyə bilməz. Universitet təhsili isə məktəbin davamıdır.

Əgər məktəbin təməli zəifdirsə, universitet həmin boşluğu tam doldura bilməz.  Bu səbəbdən dünyanın aparıcı universitetləri qəbul zamanı yalnız attestata deyil, fundamental hazırlığa xüsusi diqqət yetirirlər. Əslində universitetlərin qarşılaşdığı problemlərin böyük hissəsi məktəbdən başlayır.

Akademik səriştəsizlik  universitetlərin ciddi  problemidir
Bir çox ölkələrdə universitetlər zəif məktəb hazırlığını kompensasiya etməyə çalışırlar.  Nəticədə ali məktəb  ali təhsil vermək əvəzinə, orta məktəb biliklərini təkrarlamağa məcbur olur. Bu proses “akademik devalvasiya” yaradır. Universitet elmi düşüncə formalaşdırmalı olduğu halda,  baza savadlılığı ilə məşğul olur.  Belə vəziyyətdə universitetlərin dünya səviyyəli nəticələr göstərməsi çətinləşir.

İnsan kapitalı nədir? 

İnsan kapitalı sadəcə diplomlu insanların sayı deyil, bilik, bacarıq, yaradıcılıq, məhsuldarlıq,  innovasiya  potensialı deməkdir.  Əgər məzun  mürəkkəb mətnləri anlaya bilmirsə, analitik düşünə bilmirsə,  problem həll etmə bacarığı zəifdirsə, rəqəmsal bacarıqlara malik deyilsə,  onda onu yüksək keyfiyyətli insan kapitalı  kmi qəbul  etmək çətindir. İnsan kapitalının əsas göstəricisi diplom deyil, məhsuldarlıqdır.

Post-neft iqtisadiyyatı nə tələb edir? 

XX əsrdə iqtisadiyyatın əsas resursu neft idi. XXI əsrdə isə əsas resurs bilikdir. Bu gün inkişaf etmiş ölkələrdə iqtisadi artımın əsas mənbələri  innovasiya, texnologiya, elmi tədqiqat, yüksək ixtisaslı əməkdir.   Post-neft iqtisadiyyatına keçid üçün güclü məktəb, güclü universitet, güclü elm sistemi vacibdir. Əgər bu zəncirin ilk halqası zəifdirsə, sonrakı mərhələlər də zəifləyir. Bu səbəbdən təhsil sisteminin keyfiyyəti iqtisadi siyasətin ayrılmaz hissəsidir.

Süni intellekt dövründə zəif təhsilin təhlükəli  riskləri

Süni intellekt dövrü təhsilin əhəmiyyətini azaltmır.  Əksinə, onu daha vacib edir. Keçmişdə zəif təhsil alan insan sadəcə aşağı maaşlı işdə çalışa bilərdi. Bu gün isə vəziyyət fərqlidir. Süni intellekt ilk növbədə standart və təkrarlanan işləri əvəz edir. Yaxın gələcəkdə  yaradıcı düşünənlər,  analitik qərar verənlər,  mürəkkəb problemləri həll edənlər əmək bazarında daha vacib olacaqlar. Əgər təhsil sistemi bu bacarıqları formalaşdırmırsa, ölkə gələcək əmək bazarında rəqabət qabiliyyətini itirə bilər.

Milli təhlükəsizlik aspekti

Təhsil  milli təhlükəsizliyin vacib elementidir.   Müasir dünyada təhlükəsizlik yalnız hərbi məsələ deyil. Milli təhlükəsizliyin əsas komponentləri  texnoloji təhlükəsizlik (ölkə öz texnologiyalarını yarada bilmirsə, xarici texnologiyalardan asılı olur),  informasiya təhlükəsizliyi (tənqidi düşüncəsi zəif olan cəmiyyət dezinformasiyaya daha həssas olur), iqtisadi təhlükəsizlik (aşağı məhsuldarlıq iqtisadi zəiflik yaradır), kadr təhlükəsizliyi (yüksək ixtisaslı kadrların çatışmazlığı strateji sahələri risk altına salır), elmi təhlükəsizlik (elm istehsal etməyən ölkə başqa ölkələrin elmi məhsullarından asılı olur),  təhsilin zəifləməsi, məktəb və universitet sistemində keyfiyyət problemi uzun müddət davam edərsə, innovasiya potensialının zəifləməsi, texnoloji asılılığın artması, məhsuldarlığın aşağı düşməsi,  beynəlxalq rəqabət qabiliyyətinin zəifləməsi, beyin axınının sürətlənməsi, sosial bərabərsizliyin artması  müşahidə ediləcəkdir. 20 il əvvəl qəbil edilmiş “A.R. Milli Təhlükəsizlik Konsepsiyası”nda bütün bu məsələlər ətraflı şərh edilmişdir. Çox təəssüf ki, ETN menecerləri dövlət əhəmiyyətli belə strateji məsələlərdən xəbərsizdirlər.   Əgər  bu proseslər bir neçə il ərzində davam edirsə, bu çox pisdir, əgər  onilliklər ərzində özünü göstərirsə, bu çox dağıdıcı nəticələr  verə bilər.

DİM hesabatının əsas mesajı

DİM hesabatını adi imtahan statistikası kimi qəbul etmək olmaz.  Bu hesabat əslində  milli həyacan siqnalıdır: Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir.  Bu vəziyyət  təkcə müəllimlərin, məktəblərin və ya universitetlərin problemi deyil, bu, ölkənin gələcək inkişaf modelinin problemidir. Çünki, təhsil millətin gələcəyidir.

Təbii sərvətlər tükənə bilər,  infrastruktur köhnələ bilər,  maliyyə resursları azala bilər. Lakin güclü insan kapitalı olan ölkələr bu problemləri həll edə bilirlər.   Tarix göstərir ki, inkişaf etmiş dövlətlər ilk növbədə məktəblərini və universitetlərini gücləndirmişlər. Çünki məktəb sadəcə təhsil müəssisəsi deyil, gələcəyin iqtisadiyyatını, elmini, texnologiyasını və təhlükəsizliyini yaradan fabrikdir.

Əgər məktəb proqramının böyük hissəsi mənimsənilmirsə, universitetlər zəif baza üzərində işləyirsə və insan kapitalının keyfiyyəti aşağı düşürsə, bu artıq yalnız təhsil problemi deyil. Bu, ölkənin gələcək rəqabət qabiliyyəti və milli inkişaf, milli təhlükəsizlik strategiyası ilə bağlı çox  mühüm məsələdir.  Çünki, XXI əsrdə dövlətlərin  əsas sərvəti düşünən, yaradan və öyrənən insanlardır.  Xüsusən də nefti tükənən, iqtisadi artımı 0 olan ölkə üçün.

Dosent İlham Əhmədov