Depressiya deyil, amma təhlükəlidir — Müasir insanın görünməyən problemi

Depressiya deyil, amma təhlükəlidir — Müasir insanın görünməyən problemi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir dövrdə insanlar özlərini fiziki cəhətdən sağlam, lakin psixoloji baxımdan tükənmiş hiss edirlər. Bir çox hallarda bu vəziyyət depressiya kimi tanınmır və uzun müddət fərq edilmədən dərinləşir. “Səssiz tükənmə” anlayışı xüsusilə işləyən və ailə yükü daşıyan insanlar arasında yayılmaqdadır.

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, Müasir cəmiyyətdə bir çox insan fiziki baxımdan sağlam görünsə də, daxili olaraq davamlı psixoloji yorğunluq, mənəvi boşluq və emosional tükənmə yaşayır.

Psixoloqun sözlərinə görə, bu hal çox zaman klassik depressiya kimi tanınmadığı üçün uzun müddət diqqətdən kənarda qalır və “səssiz tükənmə” formasında dərinləşir. Səssiz tükənmə insanın həyat funksiyalarını tam itirmədən, lakin psixoloji resurslarını tədricən itirməsi ilə diqqət çəkir.

— Səssiz tükənmə nədir və klassik depressiyadan nə ilə fərqlənir?

— Səssiz tükənmə uzunmüddətli stress, emosional yüklənmə və öz ehtiyaclarının davamlı şəkildə ikinci plana atılması nəticəsində yaranan vəziyyətdir. Klassik depressiyadan fərqli olaraq:
Depressiyada ümidsizlik, həyatdan zövq ala bilməmə və funksional geriləmə daha kəskin olur
Səssiz tükənmədə isə insan işləməyə, ailə qayğılarını yerinə yetirməyə davam edir, lakin bunu daxili boşluq, məcburiyyət və emosional donuqluqla edir.
Depressiyada əhval enməsi açıq şəkildə hiss olunur, səssiz tükənmədə isə bu hal “yorğunluq”, “motivasiya itkisi” kimi maskalanır.
Bu səbəbdən səssiz tükənmə uzun müddət patoloji vəziyyət kimi qəbul edilmir.

— İnsan psixoloji tükəndiyini niyə gec anlayır?

— Psixoloji tükənmə tədricən inkişaf etdiyi üçün insan çox vaxt bu vəziyyəti normallaşdırır. Əsas səbəblər haqqında onu deyə bilərəm ki,
Daim “güclü olmalıyam” inancı, yorğunluğun həyatın təbii hissəsi kimi qəbul edilməsi,
öz emosional ehtiyaclarını tanımamaq və ya dəyərsizləşdirmək
sosial müqayisə (“hamı belə yaşayır”).
Psixoloji əlamətlərin fiziki yorğunluqla qarışdırılması,
insan çox vaxt yalnız bədən reaksiyaları gücləndikdə vəziyyətin ciddiliyini dərk edir.

— Səssiz tükənmə daha çox hansı sosial qruplarda müşahidə olunur?

— Elmi müşahidələr göstərir ki, səssiz tükənmə xüsusilə
iş və ailə məsuliyyətini eyni anda daşıyan şəxslərdə daha tez-tez rast gəlinir.
Qadınlarda emosional yükün çox olması,
sosial qayğı peşələrində çalışanlar (psixoloqlar, müəllimlər, tibb işçiləri)
Perfeksionist və yüksək məsuliyyət hissi olan insanlar.
Emosiyalarını ifadə etməyə alışmamış şəxslər.
Bu qruplarda tükənmə çox vaxt “normal həyat yükü” kimi qəbul edilir.
Səssiz tükənmənin ilk xəbərdaredici əlamətləri.
Səssiz tükənmə özünü incə psixoloji dəyişikliklərlə göstərir:
Davamlı daxili yorğunluq və enerjisizlik.
Əvvəllər maraq doğuran şeylərə qarşı laqeydlik,
emosional reaksiya azalması, (sevinc və kədərin sönməsi)
kiçik situasiyalara qarşı həddindən artıq qıcıqlanma,
yuxu pozuntuları və səbəbsiz bədən gərginliyi.
“Yaşayıram, amma hiss etmirəm” düşüncəsi.
Bu əlamətlər vaxtında tanınmadıqda daha dərin psixoloji pozuntuları ortaya çıxarır.

— İnsan özünü bu vəziyyətdən təkbaşına çıxara bilərmi?

— Səssiz tükənmənin ilkin mərhələlərində insan müəyyən dərəcədə edə bilər. Bunun üçün
emosional ehtiyacların tanınması,
yükün real şəkildə yenidən bölüşdürülməsi,
daxili sərhədlərin qurulması və “yox” demə bacarığı.
Psixoloji istirahət formalarının (sükut, meditasiya, emosional paylaşım) artırılması.
Lakin tükənmə uzun müddət davam edibsə, yalnız fərdi cəhdlər kifayət etmir. Bu halda psixoloji dəstək tükənmənin dərinləşməsinin qarşısını almaq üçün vacibdir.
Səssiz tükənmə zəiflik yox, uzun müddət görməzlikdən gəlinmiş psixoloji ehtiyacların nəticəsidir. Onu tanımaq insanın özünə qarşı diqqətinin və psixoloji savadlılığının göstəricisidir. Vaxtında fərq edilən tükənmə sağalma üçün fürsət yaradır; gecikdirilən isə insanın həyat keyfiyyətini səssiz şəkildə dağıdır.

 

Dəniz Pənahova