Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank of Baku” ASC-nin vəzifəli şəxsi 10 000 manat məbləğində cərimə edilib.
Tribuna.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Məlumata görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Bank of Baku” ASC-nin vəzifəli şəxsi 10 000 manat məbləğində cərimə edilib.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 52 milyon 870 min manat olan “Bank of Baku” MMC (VÖEN – 1700038881) 2005-ci ildən fəaliyyət göstərir.
Açıqlanan son rəsmi məlumata görə, bank səhmlərinin 35%-i “NAB Holding”ə, 31,11%-i Hikmət İsmayılova, 28,89%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin İsayevə məxsusdur.
“NAB Holdinq” Türkiyədə yaşayan Cənubi Azərbaycan əsilli Eromi ailəsinə məxsusdur. Hazırda “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Eromidir.
“NAB Holdinq” şirkəti 1994-cü ildən Azərbaycanda geniş biznes şəbəkəsinə malikdir. “Bank of Baku”, “Baku Electronics”, “Qafqaz Lizinq”, “Buta Sığorta”, “Baku Service Company”, “Auto Azərbaycan” kimi şirkətlərin əsas sahibi “NAB Holdinq” şirkətidir. “Qafqaz Lizinq” və “Buta Sığorta” fəaliyyətini dayandırsa da, digər şirkətlər öz fəaliyyətlərini davam etdirirlər. Türkiyə mətbuatında “NAB Holdinq”in İdarə Heyətinin sədri Behram Erominin İran əsilli məşhur iş adamı Rza Zərrabın bacısının həyat yoldaşı olduğu yazılıb və bu məlumat bu günə kimi təkzib olunmayıb.
“Bank of Baku”nun digər əsas səhmdarı Hikmət İsmayılov eyni zamanda “AFB Bank” ASC-nin əsas səhmdarıdır. Hazırda “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i Hikmət İsmayılova məxsusdur.
Xatırladaq ki, “AFB Bank” ASC-nin səhmlərinin 99,6%-i vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdikləri “Gilan” MMC-yə məxsus olub. 2020-ci ildə “Gilan” MMC bankdakı səhmlərinin hamısını Hikmət Əbuzər oğlu İsmayılova satıb. Səhmlərin satış məbləği açıqlanmasa da, bu alqı-satqının təxminən 70 milyon manat olduğu bildirilir. Hikmət İsmayılov eyni zamanda “AzSigorta” ASC-nin 100%-lik təsisçisi və sahibidir. Hikmət İsmayılov nizamnamə kapitalı 338 min 579 manat olan “CBS-PP” MMC-nin (VÖEN – 300649991) də qanuni təmsilçisdir.Ölkənin aparıcı poliqrafiya və mətbəə şirkətlərindən biri olan “CBS-PP” MMC ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, bu şirkət ancaq Fövqəladə Hallar Nazirliyinin tender müsabqiələrində qalib olur.
Hikmət İsmayılovun Kəmaləddin Heydərovun bacanağı olduğu barədə də mətbuatda məlumatlar yayılıb və bu günə kimi təkzib edilməyib.









