Tovuz rayonunda 26 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Tribuna.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Tovuz rayonunun kəndlərindən birində baş verib. 2000-ci il təvəllüdlü Təhməz birgə yaşadıqları evdə arvadı Sura (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman 26 yaşlı kişi yumruq zərbələri ilə arvadını vuraraq ona xəsarətlər yetirib.
Təhməzin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Təhməz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, rəsmi olaraq heç yerdə işləmir, evlidir, iki övladı var:
“Zərərçəkmiş Sura mənim arvadımdır. Əvvəllər Sura ilə aramızda ciddi problemlərimiz olmayıb. Məlum hadisə günü yatarkən Sura mənim telefonumun kodunu açdı və başqa qadınlarla mesajlaşmağımı gördü, telefonumu sındırdı. Səhər saat təxminən 07 radələrində Sura məni yuxudan oyadaraq telefonda danışdığım qadınlar barədə soruşmağa başladı və telefonumu sındırdığını bildirdi. Mən də buna əsəbiləşərək onun sifətinə bir dəfə yumruqla vurdum. O da qarşılığında mənə ağır söyüşlər söydüyünə görə şillə və yumruqla yenidən zərbələr yetirdim. Həmin vaxt əsəbi olduğuma görə konkret olaraq hansı zərbənin Suranın hansı nahiyəsinə dəydiyini xatırlamıram. Mən etdiyim əmələ görə çox peşmanam. Bir daha arvadıma əl qaldırmayacağıma söz vermişəm. Biz münaqişə edərkən evdə başqa heç kim olmayıb”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışaraq bir evdə yaşadığını, qadının ondan heç bir şikayət və tələbinin olmadığını deyib.
İş üzrə zərərçəkmiş Suranın sözlərinə görə, əri Təhməzin uzun müddətdir ona xəyanət etməsindən şübhələnib: “Məlum hadisə günü Təhməz evə sərxoş halda gələrək yuxuya getdi. Bundan sonra Təhməzin telefonunu yoxladım və ərimin bir neçə qadınla mesajlaşdığını gördüm. Gördüyüm mesajlara əsəbiləşərək onun telefonunu sındırdım. Sonra Təhməzi yuxudan oyadaraq telefonda gördüyüm yazışmaları soruşdum. O isə əvvəlcə məndən telefonunu istədi. Ona telefonu vermədikdə isə məni döyməyə başladı. O, əvvəlcə başıma təpiklə vurdu, daha sonra qolumu buraraq itələdi. Bu zaman mən yerə yıxıldım. Yerdə olarkən başıma 2-3 dəfə yumruqla zərbə vurdu. Ayağa qalxan zaman isə yumruq ataraq sağ göz nahiyəmə bir dəfə zərbə yetirdi. Bundan sonra yenidən qolumdan tutaraq sürüdü və mən yerə yıxıldım. Yıxılan zaman o, bir dəfə də başıma yumruqla vurdu. Daha sonra əşyalarımı yığaraq evdən çıxdım”.
Tovuz Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması nəzərə alınıb və o, cinayət məsuliyyətindən azad edilib. Hökmə əsasən, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.









