Arıqlamaq üçün oruc tutanların NƏZƏRİNƏ

Arıqlamaq üçün oruc tutanların NƏZƏRİNƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müqəddəs Ramazan bayramı İslam aləmində bir aylıq orucluq, səbr, nəfsə hakim olma və mənəvi saflaşma mərhələsinin tamamlanması kimi qeyd olunur. Bu bayram yalnız orucun bitməsi deyil, həm də paylaşmağın, yardımlaşmağın, bağışlamağın və birlik ruhunun təntənəsidir. Ramazan ayı boyunca tutulan oruc, edilən dualar və verilən fitrə zəkatı insanı həm fərdi, həm də ictimai məsuliyyət baxımından yeniləyir.

Bayram günləri isə ailə bağlarının möhkəmləndirilməsi, küsülülərin barışması, ehtiyacı olanlara dəstək göstərilməsi və mənəvi dəyərlərin xatırlanması üçün xüsusi fürsətdir. Məhz buna görə də Ramazan bayramı ilə bağlı bir sıra dini və praktik suallar hər il yenidən aktuallaşır.

Orucun əsas hikməti və mənəvi məqsədi nədir?

Bəzi insanlar arıqlamaq üçün oruc tutduğu halda, heç oruc tutmayıb yaxşı insan olsa, oruc tutmadığını görə günah qazanarmı?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Ramazan ayı Quranın nazil olunduğu aydır, həmçinin insanın öz daxilinə enməsi üçün verilmiş bir məktəbdir.

İlahiyyatçının sözlərinə görə, bu ayın zahiri tərəfi aclıq və susuzluqdur, batini tərəfi isə nəfsin tərbiyəsidir. Qurani Kərimdə buyurulur ki, sizə oruc vacib edildi ki, təqvalı olasınız. Bu ayə orucun məqsədini açıq şəkildə göstərir. Məqsəd aclıq deyil, təqvadır. Təqva isə qorxu psixologiyası deyil, şüurlu məsuliyyətdir. İnsan görünmədiyi yerdə də özünü nəzarətdə saxlayırsa, artıq daxili bir oyanış baş vermişdir.
Peyğəmbərimiz Məhəmməd peyğəmbər buyurur ki, kim yalanı və pis davranışı tərk etməzsə, Allahın onun yeməyi və içməyi tərk etməsinə ehtiyacı yoxdur. Bu hədis orucun sadəcə fiziki proses olmadığını göstərir. Əgər oruc insanın dilinə, qəlbinə və davranışına təsir etmirsə, deməli mahiyyətinə çatmayıb.

“Alimlərdən İmam Qəzali orucu nəfsin sındırılması və qəlbin saflaşması vasitəsi kimi izah edirdi. Onun fikrincə, insanın şəhvət və istəkləri zəiflədikcə ruhun nuru güclənir. Böyük alim İbn Qəyyum əl Cövziyyə də yazırdı ki, oruc qəlbin qidasıdır, çünki toxluq bəzən qəlbi ağırlaşdırır, aclıq isə onu ayıq saxlayır.
Müasir elmi baxış da bu həqiqəti müəyyən mənada təsdiq edir. Psixologiyada özünü tənzimləmə anlayışı var. İnsan istəklərini nəzarətdə saxlamağı öyrəndikcə iradəsi möhkəmlənir. Müvəqqəti qida məhdudiyyəti beynin impuls nəzarət mexanizmini gücləndirir. Bu isə davranış sabitliyinə təsir edir. Oruclu insan bir ay boyunca təxirə salınmış həzz təcrübəsi yaşayır. Bu, onun daxili iradə gücünü artırır.
Digər tərəfdən, oruc sosial şüuru da oyadır. Aclıq hiss edən insan yoxsulun vəziyyətini daha real anlayır. Ramazanın sonunda verilən fitrə zəkatı bu empatiyanın praktik nəticəsidir. Bu ay insanı həm fərdi, həm ictimai məsuliyyətə çağırır. Oruc tutan insan anlayır ki, həyat yalnız öz ehtiyaclarından ibarət deyil.
Ramazanın ən böyük hikməti insanın özünü tanımasıdır. İnsan başa düşür ki, o, instinktlərinin əsiri deyil. O, seçim edə bilir. Bu isə varlıq fəlsəfəsində mühüm məsələdir. İnsanı dəyərli edən azad iradəsidir. Oruc bu azadlığın məşqidir.
Bəzi insanlar arıqlamaq üçün oruc tutduğu halda, heç oruc tutmayıb yaxşı insan olsa, oruc tutmadığını görə günah qazanarmı?
Bu sual əxlaq ilə ibadət arasındakı münasibəti gündəmə gətirir. İslamda yaxşı insan olmaq böyük dəyərdir. Peyğəmbərimiz buyurub ki, insanların ən xeyirlisi insanlara faydalı olandır. Yəni sosial fayda və gözəl əxlaq əsas prinsiplərdəndir”.

Orucun fərdi seçim olmadığını deyən ilahiyyatçı qeyd edib:

“Fərz ibadətdir. Qurani Kərimdə açıq şəkildə vacib buyurulmuşdur.
Bir insan arıqlamaq məqsədilə oruc tutur. Onun bu əməli sağlamlıq baxımından faydalı ola bilər. Lakin ibadət savabı niyyətlə bağlıdır. Peyğəmbərimiz buyurub ki, əməllər niyyətə görədir. Əgər niyyət ilahi razılıq deyilsə, əməl ibadət dəyəri qazanmır, amma faydasız da olmur.
Digər tərəfdən, bir insan oruc tutmur, amma əxlaqca gözəldir. Onun yaxşılığı inkar edilmir. Allah ədalətlidir və heç bir yaxşılığı zay etməz. Quranda buyurulur ki, kim zərrə qədər yaxşılıq edərsə, onu görəcək. Lakin fərzi bilərək tərk etmək ayrıca məsuliyyətdir. Bu, insanın bütün yaxşılığını silmir, amma dini baxımdan hesabat doğurur.
Burada mühüm məsələ budur ki, İslam əxlaqla ibadəti bir-birindən ayırmır. İbadət əxlaqı gücləndirməlidir. Əxlaq isə ibadətin ruhunu tamamlamalıdır. Yalnız sosial yaxşılıqla kifayətlənmək dini sistemin bütövlüyünü əks etdirmir. Eyni şəkildə yalnız zahiri ibadətlə kifayətlənib əxlaqı unutmaq da doğru deyil.
Müasir etik nəzəriyyələrdə də davranışın arxasındakı niyyət mühüm hesab olunur. İslam bunu əsrlər əvvəl prinsip kimi qoymuşdur. İnsan yaxşı ola bilər, lakin iman və ibadət məsuliyyəti ayrı bir müstəvidir. Bu məsələni aqressiya ilə deyil, anlayışla izah etmək lazımdır. Çünki məqsəd hökm vermək deyil, şüur oyatmaqdır.
Ramazan bayramı məhz bu balansın bayramıdır. İnsan bir ay nəfsini tərbiyə edir, sonra isə bu təcrübəni həyatına daşıyır. Əgər Ramazan bitir, amma dəyişiklik davam etmirsə, deməli hələ yol yarımçıqdır. Əsl qazanc bayram süfrəsi deyil, daxili yenilənmədir”.

Dəniz Pənahova