Ərdoğan Pezeşkianla görüşüb: Türkiyə İran və ABŞ arasında rol oynamağa hazırdır.
Türkiyənin İran və ABŞ arasında vasitəçi roluna iddiası nə dərəcədə real və effektiv ola bilər?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Türkiyə İranla yanaşı regional lider statusuna iddialı dövlətlərdəndir və ilk baxışda İran ətrafında yaranan gərginlik onun Yaxın Şərqə təqdim etmək istədiyi modelin tələbləri baxımından rəsmi Ankaranın maraqlarına cavab verir.
Politoloqun sözlərinə görə, zira İranın təklif etdiyi model yetərincə fərqlidir. Bununla belə, islam həmrəyliyi, İsrailin regionla bağlı geosiyasi maraqlarına qarşı Türkiyə və İranın üst-üstə düşən maraqları, kürd faktorunun hər iki dövləti təhdid etməsi və digər məsələlər ətrafında əməkdaşlıq Ankaranı İranı müdafiə etməyə sövq edir.
E. Manafov qeyd edib ki, İranın vurulacağı təqdirdə dünyada yanacaq, xüsusilə neft qiymətlərinin yüksəlməsi də nefti idxal edən dövlət kimi Türkiyənin xeyrinə deyil. Nəhayət, Türkiyə və ABŞ-ın İran probleminin çözülməsi ilə bağlı məsələlərə münasibətləri də kifayət qədər fərqlidir. ABŞ-dan fərqli olaraq, Türkiyə İranda yaşanan hadisələrə İranın daxili işi kimi yanaşır, sosial həyəcanlara və etirazlara görə rəsmi Tehranın mövqeyini İrana müdaxilə etmək üçün əsas görmür, Qərbin hadisələrə münasibətini isə suveren dövlətin daxili işlərinə qarışma kimi qiymətləndirir.
“Bundan əlavə, Ankara Tehranın nüvə çalışmaları ilə bağlı mövqeyinə görə onunla Tramp kimi ultimatum dili ilə danışmağa da lüzum görmür. ABŞ prezidenti Tramp isə İrana nüvə çalışmalarını dayandırmaq və öz nüvə proqramından imtina etmək üçün cəmi iki gün vaxt ayırmışdı və ultimatumun vaxtı artıq bu gün başa çatır. Məlumdur ki, İranın ali dini lideri S.Ə. Xameneyi bu şərtləri qəbul etməyib və İrana hücum olacağı təqdirdə ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının, təxminən 40 minlik hərbi kontingentin vurulacağını bildirib.Bu arada ABŞ-ın Avropadakı müttəfiqləri — Böyük Britaniya, Fransa və Almaniya — ABŞ-ın İranla hərbi qarşıdurmaya getmək planına dəstək veriblər. Məqsəd isə Trampı İranla uzunmüddətli müharibəyə sürükləməklə bu il ABŞ-da Konqresə keçiriləcək aralıq seçkilərində respublikaçıları məğlubiyyətə uğratmaqdır. Üstəlik, Rusiya və Çin İranı müdafiə edəcəklərini bildiriblər.
Belə bir vəziyyət Trampı ağır seçim qarşısında qoyur. Türkiyənin bu vəziyyətdə vasitəçi qismində çıxış etməsi, ilk növbədə, onu proqnozlaşdırılması çətin olan müharibəyə girmək zərurətindən, heç olmasa müvəqqəti olaraq, xilas edə bilər. İsrailin müharibəyə qoşularaq regiondakı vəziyyəti daha da ağırlaşdırmasının qarşısını hələlik ala bilər, Vaşinqtonu bir neçə cəbhədə müharibə aparmaq təhlükəsindən qoruya bilər. Türkiyənin vasitəçiliyi simvolik xarakter daşısa belə, bu amil Ərdoğana ABŞ, Rusiya, Çin və İranla münasibətlərdə geosiyasi dividendlər qazandıra bilər. Azərbaycanın həyati maraqları olan regionda müharibənin alovlanmaması isə onun regional təhlükəsizlik maraqlarına cavab verən mühüm amildir”.
Dəniz Pənahova










